
ABŞ-da yaxın zamanlarda vətəndaş müharibəsi baş verə bilər.
Ovqat.com xəbər verir ki, bu sensasiyalı iddia ABŞ və İngiltərə mütəxəssisləri tərəfindən irəli sürülüb.
Harvard Universitetinin tarixçi alimi, professor Neil Fergusonun “The Sunday Times” qəzetində nəşr olunan bir məqaləsində növbəti prezident seçkilərinin ABŞ-da cəmiyyəti ikiyə bölə və vətəndaş qarşıdurmasına yol aça biləcəyi qeyd olunub.
ABŞ-da son zamanlar daxili ziddiyyətlərin dərinləşdiyi və "mədəni qarşıdurmaların şiddətləndiyini” yazan Ferguson Barak Obama və Hilari Klinton kimi aparıcı müxalif liderlərə bombalı paket göndərilməsi hadisələrinin də vətəndaş müharibəsilə bağlı mülahizələri gücləndirdiyini bildirib.
Texas Universitetindən alim Emily Whalen də eyni görüşdədir. Onun “Task&purpose” saytı üçün yazdığı məqalədə ABŞ-ın vətəndaş müharibəsi riski altında olduğu vurğulanır. Müəllif apardığı təhlillərdə Livandakı vətəndaş müharibəsini bir il əvvəldən proqnozlaşdıran Conatan Randalın metodologiyasına əsaslandığını bildirib. ABŞ ilə Livan arasında mühüm fərqlər olduğunu qeyd edən alim, bununla belə, narahatlıq üçün kifayət qədər oxşarlıqların və səbəblərin mövcudluğu qənaətinə gəlib.
Whalen məqaləsində ABŞ prezidentinin kobud biri, ölkənin isə öz maraqları istiqamətində hərəkət edən etibarsız müttəfiqləri olduğunu və təsirsiz "karikatur bir hökumət”lə idarə edildiyini yazıb. Onun fikrincə, Amerikanın Respublikaçılar Partiyası vətəndaş müharibəsi öncəsindəki Livanın mühafizəkar güclərini, Demokratlar isə dağınıq və təşkilatsız mütərəqqi partiyalarını xatırladır.
Qeyd edək ki, alimin əsaslandığını iddia etdiyi Rendal kriteriyalarının müəllifi Conatan Rendal “New York Times” və “Washington Post”la əməkdaşlıq edən Amerikalı jurnalistdir. O, Livan vətəndaş müharibəsindən bir il əvvəl – 1974-cü ildə, baş verəcək qarşıdurmaları proqnozlaşdırmışdı. Rendalın mülahizələrini irəli sürərkən əsaslandığı dəlillər konfliktoloqlar tərəfindən “ölçmə cihazı” kimi istifadə olunur.
Paylaş: