İrana qarşı sanksiyaların ən ağır mərhələsinə bu gün start verildi. Sanksiyalar əsasən İranın neft ixracatına qarşı yönələcək. Dünyanın ən böyük neft hasilatçı və ixracatçılarından olan İrana qarşı sanksiyaların qlobal neft bazarında böyük artışlara səbəb olacağı gözlənilirdi. Buna xüsusilə İran yetkililəri inanır, məhz bu səbəbdən embarqoların öz hədəfinə çatmayacağını düşünürdülər. İranın vitse-prezidenti İshaq Cahangiri gözlənilən sanksiyalarla bağlı açıqlamasında yaşanacaqlardan narahat olmadıqlarını vurğulamış və rəsmi Tehranın bu arxayınçılığını qlobal neft bazarında baş verəcəyini düşündükləri başalaşma ilə əsaslandırmışdı. Cahangirinin fikrincə, ABŞ-ın ikinci sanksiya paketi həyata keçiriləcəyi təqdirdə belə, İran böyük itki ilə qarşılaşmayacaqdı. Çünki indiki kimi gündə 3 milyon barrel deyil, 1 milyon barrel “qara qızıl” ixrac etsələr belə, yüksələn qiymətlərin bahalaşması kəmiyyətdəki azalmanı kompensasiya edəcəkdi.
Məhz bu səbəbdən də bu gün sanksiyaların tətbiq olunmasından sonra gözlər dünya neft birjalarına yönəldi. Gözlənilən bahalaşma isə baş verməmişdi. Əksinə, bir barrel “Brent” markalı neftin qiyməti 0.26% aşağı düşərək 72.60 ABŞ dollara enmişdi. Teksas birjasında isə ucuzlaşma daha böyük idi: WTI - 62.86 $ ( -0.44%).
Nəzərə alsaq ki, OPEK-in rəsmi statistikasına əsasən, İran son 5 ildə öz neft istehsalını xeyli artıraraq gündəlik 3,8 milyon berrelə yüksəldib və bunun 2,3 milyon barrelini ixrac edir, o zaman ortaya belə bir sual çıxır: İqtisadiyyatın dəmir qanunu - tələb-təklif münasibətlərinə tərs gələn bu ucuzlaşma nə ilə bağlıdır?
Ovqat.com-un suallarını cavablandıran iş adamı Mürvət Həsənli bu məsələdə iqtisadiyyatın təməl prinsiplərindən kənar heç nə görmür.
Onun sözlərinə görə, ABŞ bu gün tətbiq etdiyi sanksiyalardan qabaq neftin gözlənilən ucuzlaşmasının qarşısını alan müəyyən addımlar atmışdı:
“İrana sanksiyaların tətbiqi ilə neft bazarlarında yarana biləcək boşluğu doldurmaq üçün digər istehsalçı ölkələrdən ixracatı artırmağı tələb etmişdi. ABŞ-ın bu direktivilə OPEK ölkələri hələ bir neçə ay əvvəl ümumi hasilatı gündəlik 32 milyon 780 min barrelə yüksəltmişdi. Beynəlxalq Enerji Agentliyinin ötən ayda yayımladığı hesabata görə, OPEK ölkələri arasında ən çox hasilatı artıran isə Səudiyyə Ərəbistanı idi. Gündəlik hasilatı 100 min barrel artıran Səudiyyə Ərəbistanı istehsal gücünü 10 milyon 520 min barrel səviyyəsinə qaldırmışdı. Səudiyyə Ərəbistandan sonra ən çox gündəlik hasilat artımı təmin edənlər öz növbəsində Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyadır. Birləşmiş Ərəb Əmirliklərinin Enerji Naziri Suheyl əl-Məzrui 2018-ci ilin üçüncü rübü etibarilə xam neft hasilatını artırmağa başladıqlarını etiraf etmiş və 2018-ci ilin sonuna qədər gündəlik hasilatı 3,5 milyon barrelə çıxarmağı proqnozlaşdırdıqlarını bildirmişdir. Bütün bunlar onu göstərir ki, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri dünya bazarının tələblərinə uyğun olaraq istehsalı daha da artıra bilərlər”.
Mürvət Həsənlinin fikrincə, İrana ən gözlənilməz zərbə müttəfiqi olduğu Rusiyadan dəyib: “Rusiya Enerji naziri Aleksandr Novakın etirafına görə, bu ölkə də oktyabrda əvvəlki ayla müqayisədə gündəlik ortalama 150 min barrel artıq neft istehsal etmişdir”.
İrana qarşı sanksiyalara rəğmən, neft qiymətlərinin ucuzlaşmasına səbəb olan başlıca amilin isə ABŞ-ın hasilatı artırması olduğunu bildirən həmsöhbətimiz fikrini bu ölkənin Enerji İnformasiya Agentliyinin (EİA) proqnozları ilə əsaslandırdı:
“EİA-nın ötən aylarda yayınladığı hesabata görə, ABŞ-ın xam neft hasilatı 2017-ci ildə gündəlik orta hesabla 9,4 milyon barrel səviyyəsində idi isə, 2018-ci ildə bu rəqəmin 10,7 milyon barrelə, 2019-cu ildə isə 11,8 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır”.
Yuxarıda sadalan amillərin neftin ucuzlaşmasının obyektiv səbəbləri olduğunu vurğulayan iş adamı bundan sonra da qiymətlərdə ciddi artım gözləmir.
Paylaş: