Xəbər lenti

Xam neftin qiymətləri ABŞ-ın kommersiya (satış məqsədli) xam neft ehtiyatlarının proqnozdan çox azalması ilə əlaqədar olaraq bahalaşır.
FED.az  xəbər verir ki, Brent növü xam neftin barrel qiyməti 76 dolları da keçib və Bakı vaxtı ilə saat 18:55-də 76,16 dollardan alıcı tapıb. Bu gün Brent nefti 2%-ə yaxın bahalaşıb.

Brent növü xam neftin barrel qiyməti iyulun 31-dən bu yana ən yüksək səviyyəsinə çatıb. Həmin tarixdən bəri Brent nefti 5%-ə yaxın bahalaşıb.
ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 69 dollara qədər yüksəlib və bu gün 1,6 faiz artım qeyd edib. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı göstəricilər, ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,8 milyon barrel (1,4 faiz) azalaraq  408,4 milyon barrelə gerilədiyini göstərib. Bazar gözləntisi ehtiyatların 1,5 milyon barrel azalacağı istiqamətində idi.

Ötən həftə ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra, qlobal neft hasilatında baş verəcək azalmaları əngəlləmək istəyən Səudiyyə Ərəbistanı istehsalı artırmağı təklif etmişdi. İranlı rəsmiləri bu təklifə qarşı çıxmış və narahatlıqlarını dilə gətirmişdilər.
ABŞ-ın İrana Noyabr ayında növbəti sanksiyalar tətbiq edəcəyi gözlənilir.

İrana tətbiq olunan sanksiyalardan sonra qlobal neft bazarındakı istehsal miqdarının nə qədər azalacağı qorxusu qiymətlərə təsir etməyə davam edir. Çin – ABŞ cəbhəsində baş verənlər də neft bazarında təqib edilir. Çindən bir nümayəndə heyətinin bu həftə Vaşinqtona gedərək danışıqlar aparacağı gözlənilir.

Brent neftində ucuzlaşma meylinin davam etməsi üçün qiymətin 72 dollardan aşağı qalması lazım olduğunu qeyd edən mütəxəssislər, 72 dolların üzərindəki qiymətlərin bahalaşma işarəsi olduğunu bildirirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 25-08-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma