Dünya neft bazarında tərəddüdlü vəziyyət yaranıb.
Artıq neçə gündür ki, Brent markalı neftin qiyməti 79-80 dollar arasında dəyişilir.
Bu gün də eyni tərəddüdlü get-gəllər davam edir. Məlumata görə, günə yeni başlamasına baxmayaraq, London birjasında Brent markalı neft 78.78-79.28 dollar arasında var-gəl edib. Hazırda qiymətlərin dəyişim trendi yüksəlişə doğrudur. Ekspertlər günün sonuna qədər neftin qiymətlərinin 80 dolları keçəcəyini güman edirlər.
Auditorlar Palatasının Qanunvericilik və Hüquq Komitəsinin sədri Elçin Qurbanovun fikrincə, qiymətlərin bu rəqsi təsadüfi deyil: “Tərəddüdlər neft qiymətlərinin necə olacağı barədə qeyri-müəyyənlikdən irəli gəlir. Bəziləri ABŞ-ın İrana qarşı tətbiq etdiyi və iki aydan sonra genişləndirəcəyi sanksiyaların qıtlığa səbəb olacağını və tələbin təklifi üstələyəcəyini düşünür. Bəzi mütəxəssislər isə neft bazarındakı vəziyyəti İrana qarşı sanksiyaların yox, ABŞ-Çin arasında başlayan ticarət savaşlarının müəyyənləşdirəcəyi görüşündədirlər. Bu versiyaya görə, bir-birinə qarşı ağırlaşdırılmış gömrük rüsumları tətbiq edən dünyanın iki böyük neft alıcısı arasında qızışan bu rəqabət istər-istəməz istehsalata da öz təsirini göstərəcək, nəticədə tələb azalacaq”.
İrana qarşı sanksiyaların təsirinə gəlincə, Elçin Qurbanovun fikrincə, nüvə sazişindən sonra neft hasilatını gündəlik 3.8 milyon barrelə qədər artıran bu ölkəyə tətbiq olunan embarqonun qlobal neft bazarına təsirini azaltmaq üçün ABŞ OPEK üzvlərini və digər hasilatçıları istehsalı artırmağa təşviq edir: “Amma bu boşluğu qısa müddət ərzində doldurmağın mümkün olmayacağı bəllidir. Bunu İranın OPEK-dəki nümayəndəsi də açıq şəkildə dilə gətirmiş və Səudiyyə Ərəbistanı ilə Rusiyanı İranın neft bazarına göz dikməkdə günahlandırmışdı.
Rəsmi Tehranın narahatlığına baxmayaraq, Rusiya və Səudiyyə Ərəbistanının ABŞ-ın tələblərinə nə dərəcədə əməl edib-etməyəcəyi isə hələ bəlli deyil. OPEK üzvləri və tərəfdaşları (OPEK+) hasilatla bağlı qərarlarını bu həftə keçirəcəkləri görüşdə verəcəklər. Mütəxəssislər böyük ehtimalla hasilatın artırılacağı barədə qərar çıxarılacağını düşünürlər.
Həm ABŞ-İran gərginliyinin qeyri-müəyyənliyi, həm də böyük hasilatçıların İranın bazar payını bölüşdürə bilib-bilməməsi kimi müəmmalar ondan xəbər verir ki, qlobal neft bazarındakı qeyri-müəyyənlik hələ uzun müddət davam edəcək”.
Eaudit.az
Paylaş: