Xəbər lenti
Dünən, 19:25

 

“Maliyyə naziri Samir Şərifovun manatın möhkəmlənməsinin iqtisadiyyatımıza vurduğu zərərlə bağlı fikirlərini süngüylə qarşılamaq heç bir elmi prinsiplərlə əsaslandırıla bilməz. İqtisadiyyat elmindən az-çox xəbəri olanlara bəllidir ki, milli valyutanın dəyər qazanması istər-istəməz ölkənin ixrac cazibəsini azaldır, idxalı təşviq edər. Bu baxımdan Samir Şərifovu gözümçıxdıya salmaq düzgün deyil”.

Ovqat.com xəbər verir ki, bunu ADAM-ın sədri, tanınmış iş adamı Mürvət Həsənli son zamanlar milli valyutanın məzənnəsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Mürvət Həsənlinin sözlərinə görə, iqtisadiyyatın əlifbası sayılan bu həqiqətə ilk qarşı çıxanların iqtisadi savadlarına şübhə etmədiyi deputatlar olması onu xeyli təəccübləndirib: “Mən həmin adamları savadlı iqtisadçılar kimi tanıyıram. Onların bu cür fikir söyləmələri elmi yanaşmadan daha çox, hansısa maraqlardan çıxış etməyə oxşayır. Ümumiyyətlə, həmin millət vəkilləri son zamanlar digər məmurlara qarşı da populist çıxışlarıyla yadda qalıb, bu da onların bizə bəlli olmayan hansısa səbəbdən elmi ciddilikdən uzaqlaşmaları təəssüratı yaradır”.

Müzakirələrə qatılan bəzi ekspertlərin də məsələyə səthi yanaşdığını iddia edən ADAM sədri fikirlərini belə əsaslandırır:

“Bəziləri xarici ticarət dövriyyəsində qeydə alınan müsbət saldonu əsas götürüb devalivasiyanın lazımsız olduğunu bildirirlər. İlk baxışdan haqılıdırlar da. Amma nəzərə alsaq ki, ixrac gəlirlərimizin böyük qismini neft satışından əldə etdiyimiz kapitallar təşkil edir və Azərbaycan son illər qeyri-neft sektorunun inkişafını qarşısına məqsəd qoyub, bu arqumentlərlə razılaşmaq mümkün deyil. Çünki qeyri-neft sektorunun inkişafı ölkəmizdə istehsal edilən malların xarici valyutalarla müqayisədə daha ucuz olmasının şərtləndirir. Əks halda, biz nəinki öz məhsullarımızı xarici bazarlara çıxara bilmərik, həm də yerli bazarlarda idxal mallarına uduzarıq”.

Samir Şərifovun sözlərini qəribçiliyə salanlara son vaxtlar dünya bazarında neftin ucuzlaşmasını yaddan çıxarmamağı tövsiyyə edən analitikin fikrincə, bu prosesin davametmə ehtimalı böyükdür: “Hətta bəzi ekspertlər ucuzlaşmanın 40 dollara qədər irəliləməsini proqnozlaşdırırlar. Bu isə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün böyük təhlükə deməkdir. Azərbaycanın 2015-ci ildə iki dəfə ard-arda yaşanan devalivasiyalara bir daha məruz qalmaması üçün indidən tədbirlər görməlidir. Bu da qeyri-neft sektorunun inkişafı və milli valyutanın tam sərbəst buraxılması  ilə mümkündür”. 

Bir çoxlarının “onsuz da milli valyutanın sərbəst buraxılıb” fikirləriylə razılaşmayan iqtisadçı iddiasını Dövlət Neft Fondunun son zamanlar hərraca çıxardığı xarici valyuta həcminin artması ilə əsaslandırır:

“Məlumata görə, bu ilin 11 ayında Fond tərəfindən hərraca çıxarılan xarici valyutanın həcmi 5 milyard 783,3 milyon dollar olub. 2017-ci ildə isə bu göstərici 3 milyard 597,8 milyon dollar idi. Bu fakt sübut edir ki, Azərbaycan hakimiyyəti əhalinin sosial rifahını nəzərə alaraq, manatın məzənnəsini stabil saxlamaq üçün hərraca böyük ölçüdə xarici valyuta çıxarır. Bu da milli valyutanın möhkəmlənməsinin başlıca səbəbidir. Görünür, Maliyyə naziri də sözügedən amili nəzərə alaraq, manatın möhkəmləndirilməsi siyasətinin yarada biləcəyi şok dalğalardan narahatlığını ifadə edib”.

Analitikin fikrincə, bu kimi fiskal-monetar siyasətlərə  ayrılan külli miqdarda vəsait qeyri-neft sektorunun inkişafına sərf edilsəydi, indiki müzakirələrə də ehtiyac qalmazdı: “Bildiyimiz kimi, ölkə iqtisadiyyatlarının devalivasiyalardan təsirlənməməsinin ən gözəl yolu idxaldan asılılığı azaltmaqdır. Ölkələr nə qədər idxaldan asılıdırlarsa, devalivasiyalardan da və yerli valyutaların sabitliyindən də eyni dərəcədə təsirlənirlər. Məsələn, Azərbaycanın aqrar təsərrüfatları xammallarını xaricdən alırlarsa, devalivasiya nəticəsində yerli bazarda qiymətlər hədsiz dərəcədə artır. Müxtəlif monetar siyasətlərlə manatın stabilliyi qorunursa, bu zaman da ixracatdakı cazibə itir. Bu dilemmadan ən yaxşı çıxış yolu xammalın yerli təsərrüfatlarda istehsal edilməsinə şərait yaratmaqdır. Bunun üçünsə xammal təsərrüfatlarının yaradılmasına ciddi investisiyalar yatırılmalıdır. Təəssüf ki, ölkəmizdə son illər bu istiqamətdə aparılan ardıcıl işlər hələ də öz hədəfinə tam çatmayıb. Hələ də quruculuq işləri gedir və yerli aqrar sənaye müəssisələrimizin idxal xammal asılılığı davam edir. Belə bir vəziyyətdə iqtisadi potensialımızı arzuolunan səviyyəyəyə gətirmək üçün ciddi kəmərsıxma siyasətlərinə ehtiyac var. Bəzi deputatlarımızın və rəsmilərimizin populist çıxışları isə buna imkan vermir, hökuməti lazımi addımlar atmaqdan çəkindirir. Maliyyə naziri Samir Şərifovun ona qarşı yönələn səlib yürüşündən sonra geri çəkilməsi və nazirlik əməkdaşları tərəfindən təkzibedici açıqlamalar verilməsi də fikrimizi təsdiqləyir”.

Həmsöhbətimizin fikrincə, manatın məzənnəsinin qorunması üçün hərraca böyük həcmdə xarici valyutanın çıxarılması yerli xammal təsərrüfatlarına ayrılacaq investiyaları azaldır, bu da istər-istəməz qeyri-neft sektorunun inkişafını əngəlləyir: “Odur ki, iqtisadiyyatımızı, milli valyutamızı və ölkəmizin vəziyyətinə görə öz siyasətini müəyyənləşdirməyə çalışan hökumət nümayəndələrimizi sərbəst buraxmaq lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 9-12-2018, 18:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma