
ABŞ-ın Suriyadan çəkilməsinin yeni ayrıntısı bəlli olub.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp bu qərarı verməmişdən əvvəl özünün Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrini 5-14 dekabr tarixləri arasında danışıqlar aparması üçün Türkiyə və İordaniyaya göndərib. Məqsəd Suriya ilə bağlı bundan sonra nə edəcəklərini müəyyənləşdirmək imiş.
Ceyms Cefri bölgədən qayıtdıqdan sonra Suriyaya bir başqa sürpriz ziyarət gerçəkləşib. Söhbət Sudan lideri əl-Bəşirin 16 dekabr tarixində Bəşər Əsədi ziyarətindən gedir. Rus təyyarəsilə Dəməşqə enən suriyalı həmkarı ilə görüşür və ona yenidən Ərəb liqasına qayıda biləcəyi mesajı verir.
Sudanın Xarici İşlər naziri Üsamə Faysalın açıqlamasına görə, tərəflər görüşdə “bir çox ərəb ölkəsinin yaşadığı şərtlər və böhranların ölkələrin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq əsasında yeni münasibətlər qurmağı zəruri etdiyini və bu istiqamətdə addım atmağı qərara alırlar".
Suriyanın rəsmi informasiya agentliyi SANA da bu faktı təsdiqləyir və əl-Bəşirin öz həmkarına "Suriyanı zəiflətmək bütün ərəbləri zəiflətməkdir. Suriyanın ərazi bütövlüyünü dəstəkləmək üçün nə lazımdırsa, etməyə hazırıq"” dediyini iddia edir.
Mütəxəssislərin fikrincə, Sudan prezidentinin bu səfəri və dediyi fikirlər yalnız öz düşüncələrini əks etdirmir. Nədən ki, Əl-Bəşir Sudanın parçalanmasından, zəngin neft yataqlarını və əkinə yararlı torpaqlarını itirməsindən sonra tamamilə Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin kuklasına çevrilib, bir çox hallarda onların gizli danışıqlarda qeyri-rəsmi sözçüsü kimi tanınır. Onun Suriyaya “gizli” ziyarətinin də ərəb liqasının “paçtolyonluğu” xarakteri daşıdığı güman olunur.
Mülahizələrə görə, əl-Bəşir Suriyaya ziyarətində də öz ağalarının mesajını həmkarına çatdırmaq niyyəti güdüb. Onun ziyarətə rus təyyarəsilə getməsinin isə simvolik anlam daşıya bilər və bununla əl-Bəşirin ABŞ-a mesaj verildiyi ehtimalı da istisna edilmir.
O da idda olunur ki, ərəb ölkələri Rusiyanın bölgəyə müdaxiləsindən və onların sponsorluq etdikləri İŞİD, əl-Qaidə və “mülayim müxaliflər”i Hələbdən təmizlədikdən sonra zatən məğlubiyyətlə razılaşmışdılar. Sadəcə taleyin hökmünə ümid bağlayır, yaşananları izləyir və ələ düşən ilk fürsətdə Bəşər Əsədlə sülh danışıqlarına hazırlaşırdılar. Görünür, ABŞ-ın bölgədə yeni müttəfiq kimi, onlarla heç bir əlaqəsi olmayan qüvvələrə, özəlliklə də kürd separatçılarına yönəlməsi ərəb liderlərini Suriya siyasətini dəyişdirməyə vadar edib. Çünki problemin kürdlərlə həlli həm mümkün görünmür, həm də ərəblərin milli maraqlarına cavab vermir. Üstəlik, Suriyanın İranın təsir dairəsində qalması da körfəz ölkələrini xeyli narahat edir. Nəyin bahasına olursa-olsun böyük strateji önəm daşıyan Suriyanı İranın pəncəsindən qoparmaq və ya onun vasitəsilə İranla münasibətlərini normallaşdırmaq da ərəblərin maraqlarına uyğundur.
Maraqlıdır ki, əl-Bəşirin Dəməşqə “gizli” ziyarətinin nəticələri açıqlanar-açıqlanmaz Tramp 19 dekabrda öz məşhur Twitter paylaşaraq, Suriyadan çəkilməyin zamanı gəldiyini bildirmişdi. Görünür, Suriyada getdikcə yalnızlaşdıqlarını dərk edən ABŞ prezidenti bu mübahisəli qərarı vermək məcburiyyətində qalıb. O da mümkündür ki, ABŞ-ın özü Suriyada artıq dalana dirəndiyini anladığından Suriyadan çəkilməyə qərar verib və ərəb müttəfiqlərinə başlarının çarəsini qılmağı tövsiyə edib. Ərəblər də mesajı alan kimi vasitəçilərini Dəməşqə göndəriblər.
Ehtimallardan hansının doğruluğundan asılı olmayaraq, Yaxın Şərqdə yaşananlar Bəşər Əsəd və dostlarının qələbəsi kimi xarakterizə edilə bilər.
Paylaş: