Xəbər lenti
Dünən, 19:25

 

Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar rusiyalı həmkarı Valeri Gerasimovla görüşüb.

Ovqat.com xəbər verir ki, görüş Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş tutub.

Görüş haqqında təfərrüatlı məlumatlar verilməsə də, generalların Suriya məsələsini müzakirə etdikləri güman olunur.

Məlum olduğu kimi, təkcə bu il 5 dəfə Cenevrede, bir neçə dəfə isə Astanada bir araya gələn Suriya iqtidarı və müxalifləri arasında müzakirələr dalana dirənmiş, BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bu məsələdə Bəşər Əsəd rejimini qınamış, konstruktiv mövqe tutmamaqda günahlanmışdır. Təmsilçinin sözlərinə görə, son müzakirələr zamanı rejimin bəhanələrinin heç bir “məntiqli izahı” və “qəbul ediləcək” tərəfi olmamışdır.

Məlumatlara görə, Cenevre müzakirələrində Bəşər Əsəd rejiminin təmsilçiləri müxalifləri terrorçuluqda günahlandırmaqdan başqa heç bir iş görmür, irəli sürülən bütün təklifləri rədd etməklə məşğul olurlar. Rejim mənsublarının bu ərköyünlüyü isə Rusiyanın  Bəşər Əsədi hədsiz müdafiəsindən qaynaqlanır. Başqa sözlə desək, öz hamisinin gücünə xeyli arxayın olan Dəməşq Nuh deyir, peyğəmbər demir. Nəticədə Suriya məsələsinin həlli çözümsüzlüyə yuvarlanır.

Təsadüfi deyil ki, Suriya müxalifətinin formalaşdırdığı Müzakirə Ali Komitəsinin rəhbəri Nasir Həriri dünən verdiyi açıqlamasında Bəşər Əsədin danışıqlar prosesini pozduğunu, gündəlikdə olan məsələlərin müzakirə etmək istəmədiyini və belə gedərsə, növbəti danışıqlar turuna ehtiyac qalmayacağını bildirmişdi. Bu isə Suriyada yenidən gərgin vəziyyətin yaranacağına bir işarədir.

Nasir Həririnin bir müddət əvvəl Səudiyyə Ərəbistanında toplanan iclasda müxaiflər heyətinin başına gətirilməsi onun arxasında rəsmi Riyadın dayandığından xəbər verir. Son zamanlar Səudiyyə Ərəbistanı – İsrail – ABŞ arasında ittifaq həddinə çatan əlaqələrin güclənməsi və İrana bağlı qüvvələrə qarşı birgə fəaliyyətə keçmək ehtimalı qlobal imperializmin Suriya məsələsinə növbəti mərhələdə cənubdan müdaxilə edəcəyi düşüncəsini ağla gətirir. Bu isə Suriya rejiminin əsas dayaq nöqtələrindən olan Livan Hizbullahı ilə Dəməşq arasında bağlantının qoparılması, həmçinin, münaqişənin Dəməşqə daha yaxın və müxaliflərə loğistik dəstəyin daha asanlıqla verilə biləcəyi coğrafiyadan aparılması imkanı deməkdir. Görünən budur ki, Nasir Həririnin özünə arxayın üslubla açıqlamalarla çıxış etməsi də ABŞ-ın “B” planının müxaliflərə daha çox ümid verməsi ilə bağlıdır.

Suriya məsələsinə yanaşmada ABŞ-ın Türkiyəni oyundankənar vəziyyətdə buraxaraq, Səudiyyə Ərəbistanı ilə öz fəaliyyətinə davam etməsi istər-istəməz Moskva ilə Ankaranı öz hərbi  hədəflərini ortaq məxrəcə gətirmək zərurəti qarşısında qoyur. Mümkündür ki, Türkiyə və Rusiya Baş Qərargah rəislərinin də bugünkü müzakirələrinin əsas gündəliyini birgə hərbi fəaliyyət imkanlarının masaya yatırılması təşkil etsin. O da mümkündür ki, generallar bu ehtimalla yanaşı Bəşər Əsədin müəyyən güzəştlərə hazır vəziyyətə gətirilməsi mövzusunu da masaya yatırsınlar.

Bir müddət əvvəl Rusiya prezdenti Putinin gözlənilmədən Suriyaya səfəri və Bəşər Əsədlə görüşdən sonra rus ordusunun vətənə qayıtması qərarının açıqlaması da Dəməşqə qulaqburması verməyə daha çox bənzəyir. Sanki Putin öz müttəfiqinə “qonşusuna çox əmin olanın şamsız qalacağı” perspektivini də xatırlatmağı məsləhət bilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 029          Tarix: 15-12-2017, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma