Xəbər lenti

  

Öz əsərləriylə təkcə qırqız xalqının deyil, həmçinin sovet idarəçiliyi altında yaşayan bütün insanların haray səsinə çevrilən, məşhur Manqurt obrazıyla müstəmləkə xalqlarının ümumi simasını yaradan Çingiz Aytmatov yalnız yaradıcılığı ilə deyil, həm də şəxsi əlaqələri ilə dünya xalqları, o cümlədən türk ölkələri arasında sarsılmaz körpülər salmağa çalışmışdır. Onun digər xalqların tanınmış şəxsiyyətləriylə vaxtaşırı məktublaşması, müxtəlif beynəlxalq konfranslarda səmimi ünsiyyətlər qurması bunun ən bariz sübutudur.

Ümumiyyətlə, Çingiz Aytmatovun həyatına nəzər salanda diplomatik məharətilə vətəndaşı olduğu dövlətləri, əsasən də Qırqızıstanı xarici ölkələrdə ləyaqətlə təmsil etdiyini görə bilərik. Maraqlıdır ki, Çingiz Aytmatovun bu qabiliyyətini ilk kəşf edən rus imperiyası olmuşdur. SSRİ dağıldıqdan sonra Rusiyanın ən ağır anlarında, xarici dəstəyə ciddi ehtiyac duyduğu, mənfi beynəlxalq imicini reablitasiya etməyə çalışdığı zamanlarda Moskvanın istinad etdiyi ziyalılardan biri də Çingiz Aytmatov olmuşdur. Görkəmli və dünya şöhrətli yazıçının post-sovet məkanında ən ağır iqtisadi böhranların yaşandığı 1990—1994-cü illərdə əvvəl SSRİ-nin, daha sonra Rusiyanın Benilüks (Belçika, Niderland və Lüksenburq ittifaqı) ölkələrindəki səfiri vəzifəsində çalışması bu iddianı təsdiqləyir. Yazıçının bu gün Avropa İttifaqının paytaxtı və iqtisadi baxımdan ən önəmli güclərindən biri halına gələn Benilüksdə başlayan diplomatik fəaliyyəti daha sonra Qırqıstanın xarici ölkələrdəki ən önəmli siması kimi davam etmişdir. Müasir dövrün ədəbi karifeyi kimi adını tarixə yazdıran Ç.Aytmatov 1994-cü ildən 2008-ci ilədək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olmuşdur.

Tədqiqatçıların fikrincə, Çingiz Aytmatov məhz bu diplomatik missiyanın təsiri ilə yaradıcılığının son dövrü sayılan 1990-cı illərdən sonra məzmun və ideya baxımından tamamilə yeni mərhələyə qədəm qoymuşdur.  SSRİ-nin dağılmasıyla 100 illik geosiyasi balansı pozulan dünyanın yenidən bölüşdürüldüyü bu mərhələdə Çingiz Aytmatov əsərlərində bəşəriyyətin taleyini düşünən söz adamı kimi çıxış etmişdir. SSRİ miqyasından çıxaraq bəşəriləşən yazıcının bu dövrdə qələmə aldığ “Kassandra damğası”, “Əbədi gəlin” və ya “Dağlar çökəndə” romanlarında dünyanın taleyi ilə məşğul olan diplomatın böyük çabalarının şahidi oluruq. Xüsusilə “Kassandra damğası” romanı qlobal problemlərdən çıxış yolları göstərən ədəbi əsər kimi tanınır və bu xüsusiyyətilə həm də diplomatik ədəbiyyat nümunəsi xarakteri daşıyır.

Bütün bunlar böyük qırqız yazıçısının oxucular tərəfindən görünən və bilinən tərəfləridir. Onun şəxsi yazışmalarında yatıb qalan görünməyən fəaliyyətləri də var. Aytmatov aysberqinin su altında gizlənən hissəsini incələyəndə ən azı görünən tərəfi qədər nəhəng olduğunu görə bilərik. Görünən Aytmatov öz xalqının və bəşəriyyətin taleyi ilə uğraşan diplomat idisə, görünməyən Aytmatov da xalq diplomatiyası ilə məşğul olurdu. Onun sovet xalqlarının ən tanınmış adamları ilə yazışmaları fikrimizi sübut edir.

Diplomat-yazıçısının ünsiyyət saxladığı böyük şəxsiyyətlərdən biri də Ədalət partiyasının sədri İlyas İsmayılov idi. Ötən əsrin 80-ci illərində başlayan bu əlaqələrdən indiyədək yaşayan xatirələr var. Həmin ölməz xatirələr Çingiz Aytmatovun İlyas İsmayılova hədiyyə olaraq göndərdiyi “Edam kötüyü” kitabı və təşəkkür teleqarmıdır. İlyas İsmayılov da bu dahi insanın iltifatına laqeyd qalmamış, yazıçıya təşəkkür məktubu göndərmişdir. Sovet hakimiyyəti illərində türk xalqlarının ziyalıları arasındakı münasibətləri əks etdirən həmin tarixi sənədləri Ovqat.com oxucularına təqdim edirik:

     

 




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 21-01-2019, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma