Bloger Mehman Hüseynova ötən ayın 26-da yenidən cinayət işi açılmışdı. Bu hadisə nəinki ölkəmizdə, həmçinin dünyada ciddi müzakirələrə səbəb olmuşdu. Hətta Avropa Parlamenti Azərbaycan hakimiyyətini sərt tənqid atəşinə tutan qətnamə qəbul etmiş, ölkənin bir sıra patiyaları və təşkilatları blogerin müdafiəsi üçün böyük siyasi aksiya keçirmişdilər. Ölkənin müxtəlif deputatları, siyasi xadimləri də onun ya əleyhinə, ya da lehinə mövqelərini dilə gətirmişdilər.
Bütün dünyada blogerin həbs müddətinin uzadılması barədə bir ilə yaxındır ki, böyük ajiotajlar yaranmasına baxmayaraq, deyəsən bu xəbər ən gec Azərbaycanın hüquq müdafiəçilərinə çatıb. Onlar təxminən bir saat əvvəl ölkə başçısına müraciət ünvanlayaraq, Mehman Hüseynovun azadlığa buraxılmasını xahiş ediblər. Prezident İlham Əliyev isə hüquq müdafiəçilərimizin bu “operativliyinə” laqeyd qalmayıb, müraciətdən dərhal sonra müvafiq dairələrə blogerin işinin obyektiv araşdırılmasını tapşırıb.
Sözü daşdan keçən “operativ” hüquq müdafiəçilərimizin sehirli məktubunu Ovqat.com oxucularına təqdim edirik:
“Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.
Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.
Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi
Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum M.Hüseynovu barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. M.Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik.
Hörmətlə,
Səadət Bənənyarlı
Sahib Məmmədov
Rauf Zeyni
Əliməmməd Nuriyev
Hazırki müraciətimizə həmçinin ölkənin tanınmış insan hüquqları müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da qoşulur”.
Paylaş: