Xəbər lenti

 

“Biz hərbi sirr yaymışıq ki, prokurorluğun xəbərdarlıqlarına tuş gələk?!”

“Nəcməddin Sadıkovun adının çəkilməsi nə vaxtdan hərbi sirr olub?!”

““Hürriyyət”in jurnlistlərini ev almaqdan məhrum etmək ədalətsizlikdir”

Mayın 25-də “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş readaktoru Vüqar Məmmədov Baş Prokurorluğa çağırılıb. Prokurorluqda baş redaktora rəhbərlik etdiyi mətbu orqanda “dövlət sirrinin yayılması” ilə bağlı rəsmi xəbərdarlıq olunub.

Bu barədə Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda “Hürriyyət”ə konkret hansı yazılara görə xəbərdarlıq edildiyi açıqlanmayıb. Görünür, məhz bu səbəbdən də, redaksiyamıza zəng vuran çoxsaylı oxucumuz “Hürriyyət”in və Hurriyyet.org saytının dövlət sirrinin yayılmasına qarşı prinsipial mövqe ortaya qoymasına rəğmən, Baş Prokurorluğun bu addımının onlar üçün anlaşılmaz olduğunu bildiriblər. Bütün bunları nəzərə alıb, “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla müsahibəmizdə oxucularımızı düşündürən suallara aydınlıq gətirməyə çalışdıq.

- Vüqar bəy, Baş Prokurorluqda kiminlə görüşdünüz və hansı məsələlər müzakirə predmeti oldu?

- Mayın 25-də saat 15:00 radələrində mən Baş Prokurorluqda oldum. Baş Prokurorun birinci müvavini Rüstəm Usubovla təxminən bir saata yaxın söhbətimiz oldu. Əsasən, 4 mövzu üzrə müzakirə apardıq, hansı ki, o yazılarla bağlı bizə xəbərdarlıq olunub. Çox təəssüf ki, prokurorluq orqanı xəbərdarlığın hansı materiallarla bağlı olduğu haqda heç bir məlumat yaymayıb, yalnız onu deyiblər ki, “Hürriyyət” qəzetinə ciddi xəbərdarlıq olundu.

Mən prokurorluqda da bu məsələni israrla bildirdim ki, hərbi sirr deyilən bir anlayış var və bu, qanunla tənzimlənir. Hərbi sirr nədir, bu bilinən bir şeydir. Biz hərbi sirr yaymışıq ki,  prokurorluğun xəbərdarlıqlarına tuş gələk, yaxud bizə hansısa cinayət işi qaldırılsın?

Mənə əsasən 4 materiala görə irad bildirdilər. 4 materialdan ikisi müsahibədir. Biri Sərdar bəydən (Sərdar Cəlaloğlu – müəl.), biri də Mirmahmud bəydən (Mirmahmud Mirəlioğlu – müəl.) aldığımız müsahibədir. Bu müsahibələrə isitinad edərək, bizə deyirlər ki, guya hərbi sirri yaymışıq. Amma “hərbi sirr nədir?” soruşduqda deyirlər ki, burda Nəcməddin Sadıkovun adı çəkilib. Nəcməddin Sadıkovun adının çəkilməsi nə vaxtdan hərbi sirr olub? Bu, bizim üçün qaranlıqdır. Orada dəfələrlə sual verdim ki, hərbi sirr deyiləndə, siz nəyi nəzərdə tutursunuz?

- Siz əminsiniz ki, “Hürriyyət” son vaxtlar orduda baş verənlərlə bağlı yazılarında hərbi sirrin açılmasına yol verməyib?

- Orduda baş verənlərlə bağlı hərbi sirri yaymaq fikrində olsaydıq, əlimizdə elə materiallar var ki, onları dərc etsək, bütün ölkə bir-birinə dəyərdi. Amma hər şeyi nəzərə alaraq, biz bu məsələdə təmkinlə davrandıq. Çalışdıq ki, nə ölkəmizin, nə də ordumuzun imicinə zərbə vuracaq heç bir addım atmayaq.

- O halda nə üçün belə bir xəbərdarlıq verildi?

- Mənə elə gəlir ki, bu məsələdə maraqlı qüvvələr var. Konkret ad çəkmək istəmirəm, amma əminliklə deyə bilərəm ki, bu xəbərdarlığın arxasında hakimiyyətdəki Rusiyameyilli qüvvələrin rolu var...

Bu məsələdən öncə, mən bizə irad tutulan digər iki materiala aydınlıq gətirim. Bu materiallardan biri “Yeni Müsavat” qəzetinə, biri də “Qafqazinfo” saytına istinadən dərc olunub və hər ikisinə də bir cümlə belə əlavə edilməyib, yaxud çıxarılmayıb.  Həmin materillarda “MTN işi” ilə bağlı gedən məhkəmə prosesində agentlərin adları açıqlanır. Orada izah etdim ki, “Hürriyyət” qəzetinin əməkdaşı həmin məhkəmə prosesində iştirak etməyib. Bildiyim qədər də, məhkəmə prosesinə jurnalistlər buraxılmır. O informasiyanı yayanlar başqa mətbuat orqanlarıdır ki, onların da öz mənbələri var. Onlar öz mənbələrinə istinad ediblər. Təbii ki, bunlar qəzetdirlər, saytdırlar, bu imkanları var, necə ki, bizim də özəl mənbələrimiz var.

- Bəs sizin fikrinizə reaksiya necə oldu?

- Mən prokurorluqda izah edə bilmədim ki, bunun bizə aidiyyatı yoxdur. Biz istinad etmişik və həmin materiallar da hər iki saytda qalır. Prokurorluq bir şeyin üstündə dayanır ki, imzanı aşağıda qoymusunuz, lap başda yazmalıydınız ki, “Hürriyyət” qəzeti “Yeni Müsavat”a istinad edir. Yəni qəbul edirlər ki, bu bizim material deyil. Sadəcə, “niyə istinadı yuxarıda etməmisiniz?” deyə bizə xəbərdarlıq ediblər.

Bizim xəbərdarlıq almağımıza səbəb olan və prokurorluğu da narahat edən əsas məsələ agent şəbəkəsinin açıqlanması ilə bağlı olan materialdır. Hansı ki, o materialların “Hürriyyət” qəzetinə heç bir aidiyyatı yoxdur, isitnad etmişik. Bu da “KİV haqqnda qanun”da öz əksini tapıb və bizim ixtiyarımız var ki, başqa qəzetlərdən, informasiya agentliklərindən, saytlardan məlumatları götürək, yayaq.

- Media məsələləri üzrə hüquqşünas  Ələsgər Məmmədli mətbuata verdiyi müsahibədə qeyd edib ki, hərbi sirr olsa belə, mətbuata çatan məlumat artıq sirr olmaqdan çıxır. Yəni mətbuata çatan məlumatın yayılması mətbuat orqanının deyil, məlumatı ötürən mənbənin günahıdır...

- Parlamentdə hərbi sirrin yayılmaması ilə bağlı qanun qəbul olundu. Prokurorluğa hərbi məlumatları yayan jurnalistlərə xəbərdarlıq etmək səlahiyyəti verildi. Mənə elə gəlir ki, bu tamamilə yanlış qəbul idi. Əvvala, orduya həm də ictimai nəzarət lazımdır. Əslində, ictimai nəzarət hər bir quruma lazımdır. İctimai nəzarət olmayan yerdə “bezpredel” olur. Fikir verin, hərbi sirlə bağlı qanun qəbul olunmamışdan əvvəl orduda belə şeylər olmayıb. Çünki əvvəl orduya ictimai nəzarət vardı, mətbuat müdaxilə edirdi. Əsgərlərin döyülməsinə, söyülməsinə, hətta çimmək şəraitinə, yeməklərinə qədər mətbuat qarışırdı, infomasiya alan kimi onu verirdi və həmin problemləri həll edirdilər. Amma bu qanun qəbul olunandan sonra məsələni tamamilə kökündən həll etdilər. Əsgərlərlə, ordu ilə bağlı heç bir məlumat vermək olmaz. Yaxşı, vermək olmaz. Bəs orduda bu cür hadisələr baş verir... Orduda casus şəbəkəsi ilə bağlı məlumatı biz 1 il əvvəl bilirdik, amma məlumatı dərc edə bilmirdik. Lakin ordu rəhbərliyinə xəbərdarlıq etmişdik ki, belə şeylər var. Biz 1 ildən çoxdur ki, məlumat vermişik. Amma görək tədbir görülübmü?!

- Demək istəyirsiniz ki, heç bir tədbir görülmədi?

- Bəli. Üstündən bir il keçməsinə baxmayaraq, tədbir görülməyib. Müdafiə Nazirliyi ona verilən məlumatı vaxtında dəyərləndirsəydi, bu məsələlərin üzərinə getsəydi, bü gün bu cür rüsvayçı bir şey ortalığa  çıxmazdı. Problem bundadır. Amma bizə deyiblər ki, bu yazılmasın. Yazılacaqsa, jurnalistləri, redaktorları həbslə təhdid edirlər. Bu necə ola bilər? Bəs hərbiyə nəzarət necə olacaq? Onda kim nə istədi, onu eləməlidi? Kim nə istədiyini edəndə də belə nəticələr çıxır.

Bu gün orduda casus şəbəkəsinin açılması ilə həm ordumuzun, həm hakimiyyətimizin, həm də xalqımızın başı aşağı oldu. Bu işdə mətbuatın qarşısı kəsilməsəydi, bu məsələlərin işıqlandırılmasında media orqanlarına səlahiyyət verilsəydi, bu casus şəbəkəsi ən çoxu 2-3 nəfər olardı. Daha bü gün geniş şəbəkə halında olmazdı. Böyük bir şəbəkə halındadırlar, hələ bilinmir ki, əlləri hara çatır, çatmır.

- Siz bu problemin həllini necə görürsünüz?

- Mən buradan prezidentimizə səslənirəm ki, bu məsələlərlə bağlı media oranlarına müəyyən səlahiyyətlər verilsin. Qəzetlər və saytlar orduya ictimai nəzarəti həyata keçirmək imkanına malik olsunlar. Ordu bizimdir, bu xalqın ordusudur. Çünki həmin orduda qulluq edən bizim uşaqlarımızdır. Hamısı onların övladları deyil. Bu qədər xainlərin, casusların hesabına nə qədər canlar yanır. Neçə ata-ana övladsız qalır. Bəs hara baxır bunlar? Yaxşı, hər şeyi dayandırdıq. Problem yox, yazlımasın. O yazılmasın, bu yazılmasın, hər şeyi qadağan etdilər. Amma qeyd etdiyim kimi, xarici kəşfiyyat oranqanları bütün bu məsələlərdən istifadə edərək, öz şəbəkələrini yaratmağa başlayırlar. Onsuz da arxayındırlar. Hətta mən bu qənaətə gəldim ki, hərbi sirr haqda qanunun qəbul olunmasında o adamların birbaşa rolu var.

- Nəyə əsasən bu fikirdəsiniz?

- Çünki onlar ordu üzərindən icitmai nəzarətin götürülməsində maraqlıdırlar. Bü gün onlar çox rahat şəkildə nəinki Azərbaycan ordusunda, istər daxili işlər, istər prokurorluq orqanlarında, istər də MTN-də hərəkət edirlər. Necə ki, MTN-də bir çox şeylər üzə çıxdı. Xarici kəşfiyyat orqanları bu gün tam arxayın olurlarsa ki, Azərbaycan mediası heç bir şeyi işıqlandırmaq qüdrətinə malik deyil və işıqlandıra bilməz, işıqlandıracaqsa, yuxarıdakı qurumlar jurnalistləri, redaktorları həbs edəcəklər, onda təbii ki, öz işlərini görəcəklər. Ona görə, mən təkrar cənab prezidentə səslənirəm, xahiş edirəm, media orqanlarının ordu üzərində ictimai nəzarəti həyata keçirmək funksiyasını yerinə yetirməyə şərait yaratsın. Əlbəttə, mən o məsələlərlə razıyam ki, bəzi saytlarda ordu haqqında nalayiq, fakta söykənməyən məlumatlar da verilir. Təbii ki, bu adamlar cəzalandırılmalıdır. Amma mən Müdafiə Nazirliyinin rəbərliyinə bir fakt verirəmsə, 1 il keçməsinə rəğmən, heç bir tədbir görülmürsə, bu, bir çox mətləblərdən xəbər verir. Onda bizə səlahiyyət verilməlidir ki, bu məsələni ictimailəşdirək, prezidentə çatsın. Çünki məktub göndərməklə prezidentə bu şeylər çatmır. Amma ən azından prezidentin ətrafında olan yaxın adamlar mətbuatda ictimailəşən materialları prezidentə çatdırırlar. O da tədbirini görür.

- Yeri gəlmişkən, bu günlərdə jurnalistlərə ev verilməsi məsələsi də gündəmdədir. Sizcə, prokurorluğun “Hürriyyət”ə xəbərdarlığının bu məsələ ilə əlaqəsi varmı?

- Yuxarıda da qeyd etdiyim kimi, bu məsələ ilə bağlı mənim təxminlərim, şübhələrim var. Bir müddətdən sonra mən bu məsələ ilə bağlı kifayət qədər ciddi açıqlamalar verəcəyəm. Amma jurnalistlərə ev verilməsi ölkə başçısının səlahiyyətində olduğuna görə, mən yenə üzümü ölkə başçısına tuturam və ondan xahiş edirəm ki, qoyulan şərtlərin içərisindən prokurorluq xəbərdarlıqları ilə bağlı olan şərt qaldırılsın. Çünki baş redaktorun, redaktorun tapşırığı ilə dərc olunan hansısa müsahibəyə görə qəzetə, sayta prokurorluq tərəfindən xəbərdarlıq olunursa, bunun redaksiyada çalışan başqa jurnalistlərə heç bir aidiyyatı olmamalıdır. Bu, həmin yazının dərc olunmasında heç bir rolu olmayan jurnalistlərin haqqına girməkdir. Baş redaktorun, redaktorun “səhvinə” görə, redaksiyda çalışan bütün jurnalistlər evdən məhrum olunursa, mənə elə gəlir ki, bu tam ədalətsiz bir şərtdir. Bu şərtlərin bu cür kəskin qoyulması bir çox adamlara manipulyasiya etmək imkanı verir. Təsəvvür edin ki, “Hürriyyət”in redaksiyasında iyun ayının 5-də toplantı  keçiriləcəkdi. Mən prokurorluq orqanlarında pilləkənləri düşəndə artıq mənə zəng etdilər ki, sizi prokurorluğa çağırıblar, iclas ləğv olunur. Yəni bu xəbəri o qədər operativ yayımladılar ki, məətəl qaldım. Əhsən prokurorluq orqanlarına ki, məlumatı bu sürətlə yayırlar.

- Demək, Prokurorluğun xəbərdarlığı məhz jurnalistlərə verilən evlə bağlıdır...

- Yəni bir çox şeylər üst-üstə düşür. Odur ki, cənab prezidentdən, birinci vitse-prezidentdən bu məsələlərlə bağlı öz mövqelərini ortaya qoymalarını xahiş edirəm. Bu qoyulan şətlər jurnalistlərin birbaşa haqqını yeməkdir və ədalətsizdir. Bu gün prokurorluq orqanlarının bizə verdiyi xəbərdarlıq əslində heç bir hüquqi qüvvəyə malik deyil. Niyə? Çünki onların bizə etdiyi xəbərdarlıq başqa saytlara istinad etdiyimiz materillarla bağlıdır və yaxud da müdafiə nazirinin müavininin adını çəkidiyimizə görə bizə xəbərdarlıq ediblər. Bu nə deməkdir? Mən hansı hərbi sirri yaymışam? Mən hansı hərbi hissənin silah anbarlarının kordinatlarını vermişəm? Müdafiə nazirinin müavininin, qərargah rəisinin bu məsələlərdə birbaşa məsuliyyətli şəxs olduğunu yazmışıq, bunu da düz yazmışıq. Çünki orduya nəzarət funksiyasını həyata keçirən adam qərargah rəisidir. O, öz işinə məsuliyyətli yanaşsaydı, indi bu casus şəbəkəsi, xalqın başına açılan rüsvayçılıq ortalığa çıxmazdı. O, məsuliyyətsiz yanaşıb ki, bu hadisələr baş verib. Burada hansı hərbi sirrdən söhbət gedir ki, prokurorluq bizə xəbərdarlıq versin?! Digər tərəfdən, burada qəzetin mövqeyi yoxdur, bunu deyənlər partiya sədrləri, siyasi xadimlərdir. Buna görə, qəzetin jurnlistlərini ev almaqdan məhrum etmək, bu şərtləri qoymaq tamamilə ədalətsizlikdir.

Mən cənab Əli Həsənovdan xahiş edirəm ki, bu məsələni ölkə başçısına çatdırsın. Çünki o işlərin rəhbərliyini birbaşa Əli müəllim həyata keçirir. Onun imkanları var ki, bizim özümüzün deyə bilməyəcəyimiz məsələləri ölkə başçısına və yaxud birinci vitse-prezidentə çatdırsın ki, bu məsələlərdə ədalət prinsipi pozulur. Ona görə, xahiş edirəm ki, bu məsələlərə diqqət yetirilsin.

Şamo EMİN, Hurriyyet.org

 




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 27-05-2017, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma