Xəbər lenti

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib.
Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Modern.az-a deyib ki, həmin şəxslər ən ağır cəzaya məhkum olunmalıdır: “Müharibənin tərkib hissələrindən biri də ideoloji, informasiya müharibəsidir. Bu kimi hallarda Rusiya amili, yaxud düşmənin təxribat xarakterli məlumatların olması da istisna deyil. Amma indiki halda rəsmi qurumlarımız məlumat yyaıb. Yəqin ki, onların kimlikləri barədə geniş məlumat veriləcək. Bunu edənlər azərbaycanlıdırsa, Azərbaycan vətəndaşıdırsa, istər mülki, istər hərbiçi olsun, vətənə xəyanət edir. Ona görə də ən ağır cəzaya məhkum olunmalıdırlar”.

E.Məmmədov vətənə xəyanətin bağışlanmaz olduğunu vurğulayıb: “Damarında azərbaycanlı qanı axan bunu etməz!”
Qeyd edək ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.(Modern.az)




Ana səhifəyə qayıt        Baxış: 1 269          Tarix: 7-05-2017, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma