Ötən gün Azərbaycanda zəlzələ baş verib.
İlkin rəsmi məlumatlara əsasən, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub
Təbii fəlakət nəticəsində baş verən dağıntılarla bağlı hələ ki, rəsmi məlumat verilməsə də, ölkə başçısının zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verdiyi bildirilir. Bu da zəlzələnin mümkün fəsadları barədə qənaətlərin yaranmasına yol açır.
Ovqat.com-un məlumatına əsasən Prezidentin bu barədə tapşırıq verdiyini fövqəladə hallar naziri Kəmaləddin Heydərov açıqlayıb.
Şamaxıda jurnalistlərə açıqlamasında K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər".
Nazir vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri lazımi yerlərdə müvəqqəti yerləşdiriləcək: "Təmir-bərpa işləri üçün dövlət tərəfindən yardım ayrılacaq".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin təkanların 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
Mətbu orqanların zəlzələ ilə bağlı verdikləri məlumatlar isə fəsadların ağır olmadığını göstərir.
Oxu.Az-ın verdiyi məlumata görə, zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib.
"Report"un məlumatına görə isə dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb. Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.
Paylaş: