ASTNA.biz
Bir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkasında, "Yaşıl bazar"da və supermarketdə reydlər keçirib. Nazirlər Kabinetindən verilən açıqlamada bildirilib ki, hökumət üzvlərinin bazarda apardığı təftişin məqsədi qiymətlərin süni artırılması faktlarını aşkara çıxarmaq olub: "Hökumət qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması məsələsini həmişə diqqətdə saxlayır və bu istiqamətdə zəruri işlər görür". Nazirlər Kabinetinin mətbuat xidmətindən o da bildirilib ki, reydlər zamanı bazarlardakı və yarmarkalardakı qiymətlər arasında böyük fərqlər aşkar olunub: "Hökumət bu məsələnin üzərində ciddi düşünməlidir. Biz ərzaq mallarının qiymətlərinin hədsiz artımına yol verməməliyik. Əgər kimsə qiyməti süni yolla qaldırısa, hökumət iqtisadi tədbirlərlə buna cavab verə bilər. Belə tədbirlərdən biri ticarət nöqtələrinin və vasitəçilərin sayının artırılması olardı. Bu, qiymətləri nizamlamağa imkan verər". Əli Əhmədov isə jurnalistlərə bildirib ki, hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.
Qeyd etməliyəm ki. Əli Əhmədovun rəhbərliyi ilə keçirilən reydlər göstərdi ki, əvvəlki illərdə olduğu kimi bu il də kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma baş vermişdir. Keçən ilin yanvar-avqust aylarında pomidorun və kartofun qiymətlərində bahalaşma olduğunu 2018-ci ilin sentyabr ayında Dövlət Statistika Komitəsi açıqlamışdır. Həəmin il pomidorun və kartofun qiymətlərinin baha olmasına səbəb eyni adda məhsullarin istehsalının və idxalının azalması olmuşdu. Belə ki, 2018-ci ildə əvvəlki ilə nisbətən kartof istehsalı 15 min ton, idxalı isə 10 min 600 ton azalmışdır (Cədvəl 1). Həmin ili kartof ixracı 9 min ton artmışdır. 2018-ci ildə ərzaq kimi istifadə olunan kartofun həcmi 721 min 435 ton təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 10 min ton az olmuşdur.
Cədvəl 1. Kartof ehtiyatları və istifadələri (tonla). | ||||||
2007 | 2010 | 2015 | 2016 | 2017 | 2018 | |
İstehsal | 1 037 317 | 953 710 | 839 795 | 902 396 | 913 899 | 898 914 |
İdxal | 84 627 | 64 998 | 139 239 | 191 204 | 168 800 | 158 272 |
İxrac | 62 976 | 69 853 | 36 713 | 38 248 | 57 688 | 66 685 |
Ərzaq kimi istifadə | 747 689 | 648 649 | 682 046 | 721 585 | 732 062 | 721 435 |
Ümumilikdə isə on il ərzində kartof istehsalı xeyli azalmış, idxalı isə kəskin çəkildə artmışdır. Belə ki. 2008-ci ildə ölkədə 1 milyon 77 min ton kartof istehsal olunduğu halda, sonrakı illərdə istehsal səviyyəsini 1 milyon tona çatdırmaq mümkün olmamışdır. Kartof idxalı 2010-cu ilə nisbətən 2016-cı ildə 3 dəfəyə yaxın artmışdır. Bu müddət ərzində ölkənin kartof ixracı da dayanıqlı olmamışdır. Cədvəl 1-dən göründüyü kimi 2010-cu ildən sonra kartof ixracında azalmaların olduğu müşahidə edilir. Respublikada hər 5 ildən bir kartofun əkin sahəsi 5 min hektar azaldığı müşahidə edilir. Belə ki. DSK-nın məlumatına görə, kartofun əkin sahəsi 2005-ci ildə 70 min hektar, 2010-cu ildə 65 min hektar, 2015-ci ildə isə 60 min hektar təşkil etmişdir. Əkin sahəsinin azalması bu subsektora marağın azalması ilə bağlıdır. Gəncə-Qazax regionunda kartof istehsalı ilə məşğul olan fermerlər bu il məhsuldarlığın 25-30 sentner aşağı düşdüyünü deyirlər. Fermerlər, kəndlilər istehsal zamanı bir sıra problemlərlə qarşılaşırlar. Bunlardan biri keyfiyyətli toxum çatışmazlığıdır. Ölkənin kartof toxumuna olan təlabatı 200 min tondur. Misal üçün qeyd etmək olar ki, respublikada 2014-cü ildə cəmi 368 ton birinci və ikinci reproduksiyalı kartof toxumu istehsal olunmuşdur. Bu qədər toxum materialı təlabatının 1 faizi qədər də deyil. Ölkəyə Rusiyadan, Türkiyədən və Ukraynadan 2,2 min ton kartof toxumu gətirilmişdir ki, bu da ümumi təlabatın 1 faizindən bir az çoxdur. Toxum materiallarının çatışmazlığı çox ciddi problem olaraq qalmaqdadır. Məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən biri də adi kartof yumrularından toxum materialı kimi istifadə edilməsidir. Digər bir səbəb texnika çatışmazlığıdır. Keçən əsrin 90-cı illərindən indiyə kimi kartofyığan maşınların sayı 42 ədəddən 5-ə enib, traktorların sayı 40 mindən 17 minə qədər, kotanların sayı isə 13 min ədəddən 1 minə qədər azalmışdır. Əlbəttə texniki təminatın bu səviyyədə olması kartof istehsalında çox ciddi problemlər yaradır, əkin, səpin, yığım işlərinin vaxtlı-vaxtında, optimal müddətdə aparılmasını mümkünsüz edir.
Saxlama kameraların, anbarların olmaması da kartof istehsalı ilə məşğul olan fermerlər üçün ciddi problemlər yaradır. DSK-nın məlumatlarına əsasən il ərzində 60-100 min ton arası kartof itkiyə gedir.
Monopoliya və bazara çıxış problemləri də kartof istehsalçılarını həvəsdən salır, istehsaldan çəkindirir. Ölkədə topdansatış bazarının bir əldə olması fermerlərin seçim imkanlarını məhdudlaşdırır və sövdələşmə zamanı onlara sərfəli olmayan qiymətə razılaşmaq məcburiyyətində qalırlar. Fermerdən ucuz qiymətə alınan kartof bazarlarda müştərilərə 2-3 dəfə baha qiymətə təklif olunur. Əksər hallarda isə monopolislər kartofu daha ucuz qiymətə Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən idxal etməklə yerli malın bazarda hərəkətinə süni əngəl yaradırlar.
Suvarma suyu çatışmazlığı da bu sahədə əsas problemlərdəndir. Rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq vacib şərtdir. Bunun üçün istehsal prosesi idarə olunmalıdır, suvarma suyuna olan ehtiyac vaxtlı-vaxtında ödənilməlidir. Əks halda kartof istehsalı ilə məşğul olmaq fayda verməz.
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına təklif olunan kredit resurslarının faiz dərəcələrinin çox yüksək olması da əldə olunan məhsulun maya dəyərini artırır.
Pomidor istehsalında, idxalında və ixracında da vəziyyət demək olar ki, eynidir. Təsadüfi deyil ki, həm kartof, həm də pomidor örtülütoxumlular şöbəsinin ikiləpəlilər sinfinə, badımcançiçəklilər sırasına, badımcankimilər fəsiləsinə, quşüzümü cinsinə aiddir. Pomidorun qiymətinin bahalaşmasına da səbəb pomidor istehsalının və idxalının azalması, ixracın isə artmasıdır. Yəni təklifin az olmasıdır. Mətbuatda keçən ilin avqust ayında pomidorun qiymətinin bahalaşdığı və müştərilərə 1 kiloqramı 1-3 manat arasında təklif olunduğu qeyd edilmişdir. 2018-ci ildə əvvəlki ilə nisbətən pomidor istehsalı 15 min ton, idxalı isə 2 min ton azalmışdır (Cədvəl 2). Bu azmış kimi 2018-ci ildə 2017-ci ilə nisbətən 18,4 min ton daha çox pomidor ixrac edilmişdir. Pomidor istehsalının, idxalının azalması və ixracının artması bazarda təklifin 23,4 min ton azalmasına səbəb olmuşdur. Bu da öz növbəsində qiymət artımı ilə nəticələnmişdir.
Cədvəl 2. Pomidor ehtiyatları və istifadələri (min ton) | |||||||
2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
İstehsal | 471,6 | 500,6 | 481,3 | 515,1 | 502,7 | 624,1 | 609,1 |
İdxal | 11,9 | 3,7 | 3,8 | 3,2 | 21,0 | 6,8 | 4,8 |
İxrac | 35,9 | 46,3 | 55,6 | 65,2 | 101,3 | 154,1 | 172,5 |
Ərzaq kimi istifadə | 404,5 | 416,7 | 388,9 | 398,3 | 369,9 | 406,1 | 382,7 |
Qeyd etməliyəm ki, bu ilin yanvar-iyul aylarında 132,7 min ton pomidor ixrac edilmişdir. Bu il keçən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı 3 milyon dollar dəyərində azalmışdır. Ümumiyyətlə apardığımız araşdırmalar göstərir ki, tərəvəz məhsullarının qiymətlərinin baha olmasına səbəb də təklifin az olmasıdır. DSK-nın təqdim etdiyi məlumatdan da görünür ki, Azərbaycanda adambaşına kartof, pomidor istehlakı xeyli azalmışdır (Cədvəl 3). İl ərzində adambaşına kartof istehlakı (Ümumdünya Səhiyyə Təşkilatı) norması 117 kiloqram olduğu halda, 2018-cı ildə Azərbaycanda adambaşına 89,8 kiloqram kartof istehsal olunmuşdur. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlməmişdir, bir hissəsindən mal-qara yemi kimi istifadə olunub, bir hissəsi isə itkiyə getmişdir. Beləliklə, 2018-ci ildə adambaşına kartof istehlakı 73,5 kiloqram təşkil etmişdir, bu da müəyyən edilmiş normanın 62 faizi qədərdir. Müqayisə üçün qeyd etməliyəm ki, MDB ölkələrində 2017-cı ildə adambaşına Belarusiyada 675 kq, Ukraynada 523 kq, Qırğızıstanda 238 kq, Rusiyada 201 kq, Qazaxıstanda 197 kq kartof istehsal etmişdir. Ermənistanda isə kartof istehsalı Azərbaycandan 2 dəfə çox, adambaşına 184 kq olmuşdur.
Cədvəl 3. Adambaşına tərəvəz və pomidor məhsullarının istehlakı, illik kiloqramla | ||||||
2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
Kartof | 74,5 | 72,5 | 71,6 | 74,9 | 75,2 | 73,5 |
Pomidor | 44,8 | 41,3 | 41,8 | 38,4 | 41,7 | 39,0 |
Respublikada kartofun baha olmasının əsas səbəbi məhsuldarlığın aşağı olmasıdır. Azərbaycanda orta ölkə üzrə hər hektardan 15 ton məhsul əldə olunur. Ermənistanda isə bu göstərici 25 ton təşkil edir. Ona görə də onlarda məhsulun maya dəyəri ucuz başa gəlir. Ermənistanda hal-hazırda 1 kiloqram kartof bizdəkindən 2 dəfə ucuz, 36-43 qəpiyə (100-120 dram) təklif olunur.
Yaxşı olardı ki, Əli Əhmədov və digərləri kənd təsərrüfatı məhsullarının qiymətlərinin baha olması səbəbini yalnız bazarlarda axtarmasınlar. Qiymətlərin baha olmasının səbəbləri çoxdur. Bəzilərini qeyd etdim. Hökumət məmurlarının "biz ərzaq mallarının qiymətlərinin hədsiz artımına yol verməməliyik" deməsini isə başa düşə bilmədim. Qiymətin hədli və yaxud hədsiz artımı olurmu? Bu həddi necə müəyyən etmək olar? Daha sonra məmurun "təftişin məqsədi qiymətlərin süni artırılması faktlarını aşkara çıxarmaq olub" və "əgər kimsə qiyməti süni yolla qaldırırsa, hökumət iqtisadi tədbirlərlə buna cavab verə bilər" deməsini də anlaya bilmədim. Bazar formalaşdırdığı qiymətin süni olub olmadığını necə araşdırıb müəyyən edəcəklər? Və yaxud da kim deyə bilər, optimal qiymətlə süni qiymət arasındakı hədd haradadır? Bütün bunlar cəfəngiyatdır. Bəli, ərzaq bazarında xaos höküm sürür. Vəziyyətdən çıxış yolu var. Azərbaycan hökumətinə və Əli Əhmədova təklifim odur ki, istehsalçıların problemlərinin həllində yardımçı olsunlar, topdansatış bazarındakı və idxaldakı monopoliyanı aradan qaldırsınlar. Bazar qaydasına düşəcək.
Paylaş: