Xəbər lenti

 

 

Bu gün - sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının novbəti konfransı keçirilib.

Ovqat.com-un məlumatına görə, sayca 22-ci olan toplantıya Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırqızıstan kimi dövlətlərin Milli Təhlükəsizlik nazirləri əsas içtirakçı qismində qatılıblar. Özbəksitan və Gürcüstan isə sammitdə müşahidəçi qismində iştirak edib. Üzücü haldır ki, türkdilli dövlət olmasına baxmayaraq, Türkmənistan MTN-nin sammitdə iştirakına dair hər hansı məlumat tapa bilmədik.

 

Tədbir iştirakçılarının mərhum Prezident Heydər Əliyevin qəbrini ziyarətinin ardından (bunun səbəbi barədə daha sonra) toplantı öz işinə başlayıb. İclası giriş sözü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb. Daha sonra sözü Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova verib. Fuad Ələsgərov da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Sammitin Azərbaycan və Türk dilli dövlətlər üçün əhəmiyyətindən bəhs olunan təbrik məktubunda qeyd edilib ki, müxtəlif formatlarda həyata keçirilən əməkdaşlıqlar qarşıda duran bir çox məsələlərin həlli, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorçuluq və separatçılıq, qeyri-qanuni miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində səylərin birləşməsinə yönəlib: “Bu mənada, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Konfransı ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi sahəsindəki fəaliyyətimizi əlaqələndirməyə və XXI əsrin çağırışlarına birlikdə cavab tapmağa imkan verən səmərəli vasitələrdən biridir”.

 

Prezidentin bu etiraflarından da göründüyü kimi, Azərbaycan hakimiyyətinin böyük önəm verdiyi Konfrans yarandığı gündəki əhəmiyyətini nəinki itirməyib, əksinə daha da artırıb. Zira 20 may 1998-ci il tarixində İstanbulda ilk toplantılarını keçirən türkdilli dövlətlərin Milli Təhlükəsizlik nazirləri də təxminən eyni hədəf ətrafında toplanmış və 22 ildir davam edən, hər il üzv ölkələrin birində keçirilən Konfransların əsasını qoymuşdular. İlk konfrans İstanbulda, ikincisi Bakıda, üçüncüsü Qazaxıstanda keçirilmişdir. Beləcə, hər il sıra ilə bir türkdilli respublikada keçirilən konfranslar bu günə qədər gəlib çıxmışdır. 2017-ci ildə Qazaxıstanda, ötən il Qırqızıstanda, bu il isə Bakıda toplanan xüsusi xidmət orqanlarının rəhbərlərinin 23-cü konfransı harda keçirəcəklərinə isə Bakı sammitində qərar veriləcək.

 

Sual oluna bilər: Türkdilli dövlətlər arasında yaranan bu beynəlxalq konfransı zəruri edən nədir?

Zənnimcə, bu tip sualların ən yaxşı cavabını layihənin ideya müəllifləri verə bilər. O zaman, gəlin, mərhum Heydər Əliyevin 1999-cu ildə Bakıda keçirilən II Konfransda səsləndirdiyi fikirlərə nəzər salaq:

“Mənim siyasi mənada, dövlətin mövqeyi baxımından yanaşmam budur: dövlət quruluşunu, müstəqilliyi möhkəmləndirmək üçün, ölkələrimizdə iqtisadi islahat planlarının reallaşdırılması və iqtisadi, sosial, siyasi islahatların aparılması üçün ölkələrimizdə bazar iqtisadiyyatının formalaşması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi ilə yanaşı, daxili siyasi sabitlik lazımdır. İstər ölkələrimizdəki separatizm fəaliyyəti, istərsə də terrorizm kimi azğın hərəkətlərin törədilməsi baxımından xalqlarımızı kənardan göstərilən hər cür cəhdlərdən qorumaq lazımdır. Əminəm ki, ölkələrimizin xüsusi xidmət orqanları nə qədər çox ünsiyyətdə olsalar, qarşılıqlı fəaliyyət göstərsələr, bir-birinə kömək etsələr, dövlətlərimiz bir o qədər güclü olar və biz ölkələrimizin qarşısında duran vəzifələri bir o qədər uğurla həyata keçirərik”.

 

Həmin çıxış zamanı Heydər Əliyev təkcə Azərbaycanın yox, Orta Asiya dövlətlərinin də separatizm, narkotik maddələrin qanunsuz nəqli, xaricdən gələn təhlükələr baxımdan xeyli çətin vəziyyətdə olduğunu xatırladır, vəziyyətdən çıxış yolunu birgə əməkdaşlıqda görür və hər kəsi bu təşəbbüsə qoşulmağa çağırırdı.

Türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlığın əsasının qoyulmasında hər kəsdən daha çox elə bu sözlərin müəllifi Heydər Əliyevin xidmətləri olmuşdur. Məlumata görə, ilk təşəbbüs Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəllə mərhum Heydər Əliyev arasında əldə olunan razılıq əsasında ortaya çıxmış və digər türk dövlətləri bu təşəbbüsə qoşulmuşlar. Bunu o dövrün Türk Milli İstihbarat Təşkilatı rəhbərinin I müavini Miktat Alpay da Bakıda keçirilən II Konfransdakı çıxışında etiraf edərək deyirdi: “Cənab Prezident, bu toplantını Süleyman Dəmirəl və Sizin təşəbbüsünüzlə biz başlatdıq. Amma burada hörmətli nazirlər başda olmaqla əlbir şəkildə daha irəli getməyin mümkün olduğunu gördük. Azərbaycanda bu əməkdaşlıq 6 dövlətin birliyi anlamına gələcək qədər gözəl oldu”.

 

M.Alpayın sözlərindən aydın olur ki, mərhum Heydər Əliyev təkcə ideya irəli sürməklə qalmır, öz şəxsi səyləriylə də bu hədəfin reallaşmasına çalışırdı. Təşkilat qurulduqdan 1 il sonra konfrans üzvlərinin sayının 6-ya çıxarılması da onun sayəsində baş tutmuşdu. Türk xüsusi xidmət orqanlarının rəhbərlərinin bugünkü toplantıya Heydər Əliyevin qəbrini ziyarətlə başlaması bu mənada təsadüfi deyildi və minnət borcunun geri qaytarılması məqsədi daşıyırdı. Bəlkə də bu əməkdaşlıqların sayəsində 1998-ci ildən sonra Cənubi Qafqazdan Orta Asiyaya qədər geniş coğrafiyalarda stabillik getdikcə qurulmağa başlamış, asayış bərqərar olmuş, iqtisadi inkişafa təkan verilmişdir. Bu mənada konfransa başlamazdan əvvəl türkdilli dövlətlərə stabillik qazandıran şəxslərdən birini yad etməmək haqsızlıq olardı.

 

Şəkildə: DTX sədri Əli Nağıyev Türkiyədə

Konfransların 22 ildir davam etməsi Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəllə Heydər Əliyevin birgə qurduqları bu sistemin indiyədək uğurla aparılmasının ən böyük təzahürlərindən biridir. Təsadüfi deyil ki, bu gün də türkdilli dövlətlərin xüsusi xidmət orqanları tez-tez görüş alış-verişində bulunur, ortaq problemlərin birgə həllinə çalışırlar. Verilən məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri  Əli Nağıyev 15 gün əvvəl Türkiyədə səfərdə olmuş və MİT rəhbərliyi ilə çox mühüm görüşlər keçirmişdi. Ölkənin taleyüklü vəzifəsinə yenicə təyin olunan Əli müəllimin ilk səfərini qardaş ölkəyə etməsi və Ankarada xüsusi rəğbətlə qarşılanması onun Heydər Əliyev tərəfindən əsası qoyulan təhlükəsizlik strategiyasının fərqində olduğunu və bu işi uğurla davam etdirdiyini bir daha təsdiqləyir.

Digər dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbərliyinin də bir-birləriylə işgüzar təmasları davam edir və ortaq təhdidlərə qarşı birgə mübarizəni gücləndirir. Fəqət xüsusi xidmət fəaliyyəti gizli olduğundan bir çox hallarda bu əməkdaşlıqlar mətbu orqanlarda işıqlandırılmır və buna lüzum da görülmür.

 

Sirr deyil ki, dövlətlər var olduqca, onların təhlükəsizlik hədəfləri də öz mövcudluğunu qoruyur, inkişaf etdirir. Tarixən dünyanın ən qüdrətli dövlətlərini quran türk xalqları da kəşfiyyat-xəbəralma sahəsində geniş təcrübələrə malikdir və bu ənənəni türk xalqlarının təhtəlşüurundan silmək mümkün deyil. Hunlardan tutmuş Monqollara, Səvəfilərdən Osmanlılara qədər tarixə həm sayca, həm də yayılma arealı baxımından çox böyük imperiyalar bəxş edən türk xalqları, sözsüz ki, bu qüdrətlərini incə düşünülmüş xüsusi xidmət steragiyalarına borcludurlar. Zaman-zaman siyasi və iqtisadi gücümüz, daxil olduğumuz mədəni mühitimiz dəyişildikcə xüsusi xidmət anlayışlarımızın hədəfləri azalıb kiçilsə də, fərqli çalarlar alsa da, öz tarixi kökündən tamamilə qopmamışdır. Sovet imperiyasının caynaqlarından qurtulan kimi Türk Birliyi hədəfinə yönələn xalqlarımızın bu istiqamətdə ilk addımını xüsusi xidmət sahəsində əməkdaşılıqla atması da bu baxımdan xeyli manidardır. Çünki bütün birlikdəliklər bu cür əməkdaşlıqdan başlayır və dövlətlər üçün ən vacib məsələ təhlükəsizlik strategiyalarıdır. Deməli, xarici düşmənlərə və onların yerlərdəki “legionlarına” qarşı mübarizəyə də vahid təhlükəsizlik strategiyasını formalaşdırmaqdan başlamaq lazımdır. Dövlət orqanlarımızın ortaq təşəbbüsü ilə qurulan əməkdaşlığın 22 ildir davam etməsi bu baxımdan təsadüfi deyil.

 

Üstəlik, türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının indi hər zamankından daha çox əməkdaşlığa ehtiyacı var. Nədən ki, bir çox ağır cinayətlərin qlobal xarakter alması, xüsusilə İŞİD, əl-Qaidə, Hizbullah kimi dini ekstrimist qrupların getdikcə bizim coğrafiyamızda yayılması və onların tanınmamaq niyyətilə əsasən başqa ölkələrdə fəaliyyət göstərməyə can atması təxribatçılara və terrorizmə qarşı təkbaşına mübarizəni çətinləşdirir. Bütün islam və türk coğrafiyasını bu ortaq təhdiddən xilas etməyin yeganə yolu əməkdaşlıqdan keçir. Türkdilli Dövlətlərin Xüsusi

Xidmət Orqanlarının hər il təkrarlanan konfransları da məhz bu əməkdaşlıqları canlı tutmaq üçündür.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 478          Tarix: 6-09-2019, 21:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma