Heydər Oğuz
Ovqat.com
"Hamımız bilməliyik ki, Hindistan Baş naziri Narendra Modi kiçikliyindən bəri hindu üstünlüyünü müdafiə edən Milli Könüllülər Təşkilatının (RSS) üzvüdür. Bu təşkilatın üzvləri Hinduların hamıdan üstün olduğuna inanırlar və yüzillərlə Hindistanı idarə etdikləri üçün müsəlmanlardan nifrət edirlər”.
Ovqat.com xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan Hindistan hökumətinin Kəşmirin muxtariyyətini ləğvetmə qərarını şərh edərkən belə deyib.
Onun sözlərinə görə, Modi hökumətinin nifrəti təkcə müsəlmanlara qarşı da yönəlməyib. Hindistanda yaşayan digər azlıqlar da eyni münasibətə məruz qalırlar: “RSS müsəlmanlardan, xristianlardan və bütün azlıqlardan nifrət edən bir təşkilatdı. Onlar azlıqlara zülm edən Hitlerlə eyni xətti tuturlar”.
Kəşmir məsələni BMT-nin Baş Assambleyasında qaldıracağını bildirən İmran Xan Hindistanın indiki siyasətinin insanları ekstrimizmə sürüklədiyini iddia edib və fikrini belə əsaslandırıb: "Mənə, ailəmə, uşaqlara, qadınlara pis rəftar etsəniz, döyüşmək məcburiyyətində qalaram".
Hindistanın daha əvvəl Kəşmirdə baş verən hadisələr səbəbindən Pakistanı günahlandırdığını xatırladan Xan İslamabadın dialoq təşəbbüslərinin rəsmi Pekin tərəfindən yanlış anlaşıldığını da sözlərinə əlavə edib:
"Bizi Kəşmirdə şiddəti dəstəkləməkdə günahlandıraraq üzərimizə təyyarələrini göndərdilər. Biz də təyyarələrini vurub pilotlarını ələ keçirdik, ancaq onu dərhal ölkəsinə göndərdik. Qorxduğumuz üçün belə etdiyimizi söylədilər. İnananlar əsla qorxmazlar. Təyyarəçini ona görə ölkəsinə göndərdik ki, problemi dialoq yoluyla həll etmək istədik".
Ancaq qorxaq adamların bu cür düşünə biləcəklərini və assimetrik güclə düşmən kimi gördükləri tərəfə hücum edəcəklərini xatırladan İmran Xan Narendra Modini də qorxağın biri adlandırıb: "Yalnız qorxaq birisi insanlığa qarşı 900 min əsgərlə bu cür cinayəti törədə bilər. Nə qədər qanunsuzluq etsəniz də uğurlu olmayacaqsınız".
Qeyd edək ki, İmran Xan Hindistanın əsrlər boyu müsəlmanlar tərəfindən idarə edildiyini deyərkən bu ölkədə qurulan türk imperiyalarını nəzərdə tutur və Modi hakimiyyətinin də bunun qisasını almağa çalışdığına inanır. Belə ki, Hindistanın islamla ilk tanışlığı 7-ci əsrdən etibarən başlasa da, tamamilə bu dinin təsir dairəsinə düşməsi 12-ci əsrdən sonra türk hökmdarları sayəsində olmuşdur. 1206-ci ildə Qürbiddin Aybək tərəfindən qurulan Dehli Sultanlığı 1526-cı ildə süquta uğramış, Baburilər imperiyasının tərkibinə keçmişdir.
Baburilər də 19-cu əsrin sonlarına qədər Hindistanda hökm sürmüş türk dövləti olub. Adına Böyük Moğol imperiyası deyilən bu dövlət də Dehli Sultanlığı kimi əsla hindu adət-ənənələrini, yerli idarəetmə üsulunu aradan qaldırmamiş və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid idarəetmə sistemi yaratmışdır. Xüsusilə 3. Babur şahı Böyük Əkbərin hakimiyyəti illərindəndən başlayaraq, hindu və müsəlman dəyərlərinin sintezindən ibarət yeni maddi və mənəvi mədəniyyət nümunələrinin yaradılmağa çalışılması da inkarolunmaz həqiqətlərdəndir.
Ümumiyyətlə, Hindistanda 600 ildən artıq sürən Türk hakimiyyətləri bu ölkəyə qan-qada deyil, mədəniyyət və daha ədalətli idarəetmə sistemi gətirmişdir. Türk sərkərdələrinin asanlıqla Hindistanı ələ keçirməsi və bir ovuc azlıq olmalarına baxmayaraq, uzun zaman idarə etməsinin başlıca səbəblərindən biri də bu idi. Özlərini dünya gücü hesab edən Baburilər bu hədəfə çatmaq üçün bütün mədəniyyətlərə açıq olmalı idilər və buna çalışırdılar da. Bu gün belə, Hindistanın rəsmən tanınmış 22 dili var və bu dillərin ləhcələri 400-ü keçir. Baxmayaraq ki, onların heç biri rəsmi dil statusunu qazanmayıblar. Sözsüz ki, hindlilər bu mədəni rəngarəngliklərini 600 ildən artıq bu coğrafiyada hökm sürmüş türk multikultural təfəkkürünə borcludurlar. 1857-ci ildə Baburşahların süqutuyla Böyük Britaniyanın əlinə keçən Hindistanın rəsmi dilinin hələ də ingiliscənin əsarətindən qurtula bilməməsi əsl assimilyasiya siyasətinin necə olduğu və olacağı barədə kifayət qədər bilgi verir.
Əhalisinin sayına görə hazırda dünyanın ikinci ən böyük dövləti olan Hindistan bir zamanlar bu sahədə Çini belə geridə qoyurdu. Çünki onun tərkibinə Banqladeş, Pakistan kimi çoxmilyonlu dövlətlər də daxil idi. Əhalisinin sayına və ərazisinin genişliyinə görə dünyanın dördə birinə hökm edən Babur hökmdarlarının özlərini “şahi-cahan” adlandırmaları bundan qaynaqlanırdı. Sənaye inqilabından sonra Qərb dövlətlərinin cahanşümul gücə çevrilmələri üçün Hindistanı ələ keçirməyə çalışmalarının səbəbi də bu idi. Bununla belə, bu ölkə uzun əsrlər boyu başqaları tərəfindən idarə olunub. Əlbəttə ki, bunun önəmli bir səbəbi var və bu səbəb heç də hindlilərin insan kimi fiziki zəifliyindən irəli gəlmir, hinduizmin ehkamlarından qaynaqlanır.
Təməlləri miladdan əvvəl 2000-ci illərdə atılan hinduizm insanları 5 təbəqəyə bölür və bunun yanlız 4-nü insan kimi qəbul olunan kastalara aid edirdi. Nəsildən nəslə keçən bu kasta sistemi belə idi:1. Brahmanlar (rahiblər, din adamları)
- Kşatriya (hökmdar sülaləsi və döyüşçülər)
- Vaisya (tacir və ya ticarətlə məşğul olanlar)
- Sudra (işçilər)
Bir də bu kastalara aid olmayan sinif vardı – Parya. İnsan belə sayılmayan paryalara “toxunulmazlar” da deyilirdi. Onlara nəinki toxunmaq, hətta baxmaq belə günah sayılırdı. Buna görə də paryalar təmizlik işləri görmək və zibilxanalardan yemək toplamaq üçün yaşayış yerlərinə gələndə mütləq bunu uca səslə elan etməli idilər ki, qarşıdakı adamlar üzlərini kənara çevirsinlər. Əks halda paryaları görən kasta təmsilçilərinin göz qüslü etmək məsuliyyəti yaranırdı.
Maraqlıdır ki, Hindistan son 50-55 ilə qədər kasta sistemi ilə idarə olunub. Yalnız 1975-ci ildə bu sistem rəsmən ləğv olunsa da belə, bu ölkə hələ də onun təsirlərindən qurtula bilməyib. Bir çox beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün belə, Hindistanda 200 milyondan çox parya yaşayır. Bu da ölkə əhalisinin hardasa 15-20%-i anlamına gəlir. Kasta sistemi ləğv olunmamışdan əvvəl, sözsüz ki, paryaların sayı daha çox idi.
Hindistanın 4000 ildir bu inanışla idarə olunması istər-istəməz xarici təcavüzlərə daha rahat məruz qalmasına şərait yaradıb, yaratmaqdadır. Vətəndaşlıq haqqı olmayan insanların yaşadığı toplumlar hər zaman işğalçı güclərə yeganə nicat yeri baxırlar. Necə ki bu gün iri məmurların caynağında çırpınan possovet ölkələrinin insanları da keçmiş SSRİ-nin xiffətini çəkir və başqalarının gəlib onları qurtarmasını arzulayırlar.
Hindistanın 700 ilə yaxın türklər tərəfindən idarə edilməsinin hinduizmin kasta sistemindən qaynaqlandığını bu ölkənin düşünürləri də etiraf edirlər. Əslən hindistanlı olan Mohd Manazır yazır:
“XI əsrdən sonra Hindistan sanki müsəlman türklərin hücumlarının mərkəzinə dönmüşdür. Hindistanda uzun vaxtdır hökm sürən yerli racalıqlar (knyazlıqlar) türk hökmdarlarının qüdrətini görəndə müqavimət göstərmədən geri çəkilmək məcburiyyətində qalırdılar. Qəznəli Mahmud və ondan sonrakı hökmdarların siyasi tədbirləri və raçputların (hind knyazları) hindular arasında kasta sistemi ilə ayrıseçkilik etməsi türk hökmdarları üçün Hind torpaqlarında hakimiyyət qurmaq işini asanlaşdırmışdır. Çünki raçputlar bir dövlətin necə idarə etməsini, ordusunun necə nizama salınması və bir dövlətin ayaqda dayanması üçün nə lazım olduğuna dair heç bir şey bilmirdilər. Köhnə fikirli raçputlar xalqa qarşı da mehriban deyildilər. Türk hökmdarların gücünü, rifahlı bir imperiya qurmaq əzmini və zəkasını görən xalq türk sultanlığına meyl göstərirdilər”.
Müəllifin də etirafına görə, Türklər Hindistana daha yaxşı idarəetmə və modernlik ənənələri gətirmişdirlər. Amma onların Hindistanın tərəqqisindəki iştirakı təkcə bu cür sosial-siyasi xidmətlərlə də məhdudlaşmırdı. Türklərin Hindistana bəxş etdikləri ən böyük dəyər mədəniyyət sahəsində olmuşdu. Bunun ən bariz nümunəsi Babur hökmdarı Cahanşahın, xanımı Mümtaz Tacın qəbri üzərində tikdirdiyi, daha son özünün də dəfn olunduğu Tac Mahal mövzeleyidir. Bu gün də dünyanın 7 möcüzələrindən sayılan və Hindistanın qürur mənbəyinə, simvoluna çevrilən Tac Mahalın ərsəyə gəlməsində Azərbaycan memarlığının izləri açıq görülür. Odur ki, Modi hökumətinin Hindistana yeni və daha mütərrəqi siyasi idarəetmə anlayışı, insan hüquqları, mədəniyyət gətirən türklərdən şikayət etməyə və onların qisasını kəşmirlilərdən almağa heç bir mənəvi haqqı yoxdur.
Hindistanın simvolu sayılan Tac Mahal barədə Qərb kinomatoqrafçılarının çəkdiyi sənədli filmi təqdim edirik:
Paylaş: