Xəbər lenti

 

“Təhsil dövlətin əsas prioriteti olmalıdı.Müstəqillik illərinin əvvəllərində, test üsulu tətbiq olunana qədərki dövrdə Azərbaycan vətəndaşlarını, ziyalıları ən çox düşündürən məsələlərdən biri ali məktəblərimizə qəbul imtahanlarının rüşvətlə keçirilməsi idi. Azərbaycan təhsilində rüşvət tüğyan edirdi”.


Ovqat.com bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Avropa Təbiət Elmləri Akademiyasının akademiki Qüdrət İsaqov deyib.


O, Azərbaycan təhsilinə test üsulunun gətirilməsinin vacibliyi haqqında danışıb.


“Təhsil tamamilə məhv olmaq təhlükəsilə üz-üzə qalmışdı. Ali Təhsil naziri, bütün rektorlar, kafedra müdirləri, universitetlərdə çalışan professor-müəllim heyəti təhsilmizin rüşvət piramidasında hərə öz rütbəsinə uyğun olaraq fəaliyyət göstərirdi.Azərbaycanın bütün ziyalıları təhsilimizi rüşvətdən xilas etmək haqqında düşünürdülər. Bu məsələ hamını, o cümlədən də sabiq Prezident Əbülfəz Elçibəyi, Vurğun Əyyubu və digər ziyalıları ciddi narahat edirdi”.


O qeyd edib ki, o zaman qardaş Türkiyədə rüşvətsiz təhsil sistemi fəaliyyət göstərirdi. Məhz buna görə Türkiyə təhsil təcrübəsindən faydalanmaq qərarı alındı:


“Əbülfəz bəy, Vurğun bəy, Firudin Cəlilov və digər ziyalılarımız Türkiyədəki təhsilə yaxşı bələd idilər. Buna görə Türkiyədəki təhsil sistemi sürətlə öyrənildi və Azərbaycanda tətbiq olundu. Test sistemi Azərbaycanda rüşvətsiz təhsil sistemini yaratdı. Bu yolda çalışan ən böyük insan Vurğun Əyyub bəy idi. O zaman mən özüm də Azərbaycanda rüşvətsiz təhsil olan test sisteminin yaranması üçün bir neçə məqalə yazdım. Azərbaycanda təhsilində test sisteminin yaradılmasında həm Əbülfəz Elçibəyin, həm də Vurğun bəyin böyük tarixi missiyası oldu.Təhsilimizdə test sisteminin yaradılmasına görə TQDK-nın ilk rəhbəri olan Vurğun bəyə heykəl qoymaq lazımdı! Allahdan Vurğun bəyə rəhmətlər diləyirəm. Rüşvətsiz təhsil sistemi, təhsil problemləri haqqında söz düşən kimi ilk yada düşən insan Vurğun Əyyub bəy olacaq”.


İsaqov bildirib ki,cəmiyyətimiz test sisteminin tətbiqini böyük ictimai-siyasi hadisə kimi qarşılayıb. İnsanlar uşaqlarını oxutmaq, ali məktəblərə qəbul etdirmək üçün evini, maşınını satır, borc alırdılar. Azərbaycan bu bəladan xilas oldu:


Akademik son dövrlərdə test üsulunun ləğv edilməsi, onun bilik göstəricisi olmadığı kimi fikirlərə də öz münasibətini bildirib:


“Test sisteminin ləğvi məsələsini bir çox rektorlar da qaldırmışdılar. Zaman-zaman onlar test sistemini ləğv etməyə çağırışlar edirdilər.Bu məsələni Heydər Əliyevin hakimiyyəti dövründə də qaldırdılar. Heydər Əliyev bu təkliflərin hamısını rədd etdi. İndi də İlham Əliyevin hakimiyyəti dövründə də mütəmadi olaraq qaldırıblar. Alınmayıb. Əminəm ki, test sisteminin ləğv edilməsi yolunda canfəşanlıq edənlərin əksəriyyəti əvvəlki kimi cah-cəlal içində yaşamaq istəyənlərdir”.


“ Təhsil sistemimizin zirvəsində, ali məktəblərin rəhbərliyində çalışan bütün məmurları, professor-müəllim heyətini təhsilimizi neqativ hallardan təmizləməyə, millətin gələcəyi olan təhsilimizi yüksəltməyə çağırıram! Təhsil millətin bu günü və gələcəyidir,  elmin yaranmasının başlanğıcıdı, təhsil savadlı həkim, mühəndis, diplomat deməkdir”-deyə Q.İsaqov əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 27-09-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma