Dünən Suriyanın şimalında yaşananlar və ardından Türkiyə prezidentinin Dolmabaxça sarayında jurnalistlərə açıqlamasında üzərində dayandığı bəzi məqamlar regionda bundan sonrakı proseslər barədə kifayət qədər ipucları verir.
Ovqat.com xəbər verir ki, Barış pınarı əməliyyatının 5-ci günündə bölgədən gələn ilk xəbər Suriya ordusunun Menbiç və Kobaniyə doğru hərəkət etməsi ilə bağlı idi.
Daha sonra Suriya ordusunun rus hərbçilərinin nəzarəti və vasitəçiliyi ilə Menbiçi nəzarət altına aldığı açıqlandı. Ardından Türkiyə prezidenti Dolmabaxça sarayında məlum çıxışını edərək əsasən iki məsələ üzərində dayandı. Bunlardan biri Türkiyənin başqa ölkələrin torpağında gözü olmamasının, Suriyanın torpaq bütünlüyünün ən çox Ankara tərəfindən arzuladığının vurğulanması idi: “Suriyanın ərazi bütövlüyü və siyasi birliyi təmin olunanda bundan ən çox razı qalan ölkə Türkiyə olacaq. Çünki tam yanımızda böyük insani dramların, qeyri-sabitliyin baş verməsinin ən ağır bədəlini biz ödəmişik və ödəməkdəyik. Bizim kimsənin torpaqlarında gözümüz yoxdur. Amma torpaqlarımıza göz tikənlərə də acıma lüksümüz yoxdur”.
Türkiyə prezidentinin altını cızdığı ikinci xüsus isə Adana protokolu idi: "Adana protokolunun 5-ci maddəsini hara qoyacağıq? Biz hazırda niyə Suriyadayıq? – rejim terrorçulara qarşı ayaqda dayana bilmədiyi üçün biz də Adana protokoluna görə nə etdik, Suriyaya girdik. Suriyaya giriş səbəbimiz budur”.
Göründüyü kimi, Ərdoğan dolayısıyla Türkiyənin Suriyadakı hərbi əməliyyatları dayandırmaq üçün əsas şərtinin Adana protokolunun həyata keçirilməsi olduğunu dilə gətirir. Zira Suriyaya giriş səbəbi bu protokolun şərtlərinin həyata keçirilməsidirsə, məntiqlə çıxış səbəbi bunun tərsi ola bilər. Yəni Adana protokolunun tam anlamıyla həyata keçirilməsi.
Bəs bu protokol nədir, Ərdoğan niyə onun tətbiqini tələb edir?
Prokotolun şərhinə keçməmişdən əvvəl qeyd edək ki, istər Rusiyanın, istərsə İranın da Türkiyəyə sunduğu çözüm planı Adana protokoluna uyğun tədbirlər paketidir. İlk dəfə 2019-ci il 23 yanvar tarixində Rusiya və Türkiyə prezidentlərinin Moskvada keçirilən görüşlərində Vladimir Putinin bu təkliflə Ərdoğana müraciət etdiyi bəllidir. Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Türkiyənin YPG-dən qaynaqlanan təhlükəsizlik qayğıları ilə bağlı danışarkən bu təklifi səsləndirdi. Türkiyə prezidenti isə buna müsbət reaksiya verdi. Daha sonra İran yetkililəri də eyni təkliflə çıxış etdilər. Bu yaxınlarda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif TRT-yə verdiyi müsahibədə Adana protokolu üzərində dayanmış və bu sənədin Ankara üçün ən yaxşı seçənək olduğunu vurğulayaraq demişdi: “Adana protokolu hələ də keçərlidir və sərhədlərə nəzarətin Türkiyənin əməkdaşlığıyla Suriya ordusuna buraxılması məsələsində kürdlər, Türkiyə dövləti və Suriya arasında vasitəçilik etməyə İran hazırdır”.
İstər Türkiyə prezidenti Ərdoğanın, istər Rusiya lideri Putinin, istərsə də İran Xarici İşlər nazirinin sözlərindən belə görünür ki, aralarında qarşılıqlı söz duellaları yaşanmasına baxmayaraq, hər 3 dövlət əslində Adana protokolunun həyata keçirilməsi üzərində anlaşıb və son zamanlar Suriyanın şimalında yaşananlar da buna xidmət edir.
İndisə keçək Adana protokoluna.
Adana protokolu 1998-ci ildə Türkiyə ilə Suriya arasında bağlanıb. Bu o dövr idi ki, PKK-nın Türkiyəyə hücumları artmış və terror təşkilatının lideri Abdullah Öcalan Şimali Suriyada özünə sığınacaq taparaq bu hücumlara rəhbərlik edirdi. PKK-ya bu işdə Suriyanın o zamankı lideri Hafiz Əsəd də yaxın dəstək verirdi. 1980-ci illərdə Türkiyənin Hatay vilayətini öz əraziləri hesab edən və onu geri almaq üçün “kürd kartı”nı ortaya atan Hafiz Əsəd PKK və onun lideri Abdullah Öcalanın öz ərazisində yerləşməsinə, təlim düşərgələri təşkil etməsinə, hər cür təbliğat fəaliyyətinə və öz torpaqlarından Türkiyəyə yönələn terror aktları həyata keçirməsinə icazə verirdi. 1990-cı illərdə SSRİ-nin çöküşü ilə vəziyyət dəyişdi. Beynəlxalq arenada təklənən Hafiz Əsəd əvvəlki gücünü itirdi. Məhz belə bir zamanda Türkiyənin onunla hesablaşmaq fürsəti doğdu. 1996-ci ildə Suriya sərhədləri yaxınlığına öz əsgərlərini toplayan Türkiyə rəsmi Dəməşqə ultimatum verdi: PKK ünsürlərini ya Suriyanın özü, ya da Türkiyə ordusu əzəcəkdi.
Vəziyyət iki dövlət arasında müharibənin tam astanasına gəldiyi anda Misir və İran dövriyyəyə girdi. ABŞ-ın da yardımı ilə regional dövlətlər məsələnin sülh yoluyla həllinə qərar verdilər. Beləcə, iki qonşu dövlət arasında başlayan danışıqlar tamamlandı və bunun protokollaşdırılmasına qərar verildi. 20 Oktyabr 1998 tarixində Adanada məlum protokol imzalandı. 23 maddədən ibarət olan həmin protokolda Suriya öz üzərinə müəyyən öhdəliklər götürdü. Həmin öhdəlikləri bu cür sıralamaq olar:
- Suriya öz torpaqlarından Türkiyənin təhlükəsizliyini və sabitliyini təhlükəyə atacaq aksiyalara icazə verməyəcək, PKK-nın silah, maddi-texniki və maliyyə dəstək təmin etməsinin və təbliğat fəaliyyətlərinin qarşısını alacaq.
- Suriya PKK-nı terror təşkilatı olaraq elan edəcək, digər terror təşkilatları ilə yanaşı, öz ərazilərində PKK və uzantılarının fəaliyyətini dayandıracaq.
- Suriya PKK-nın torpaqlarında təhsil düşərgəsi qurmasını və biznes fəaliyyəti göstərməsini qadağan edəcək.
- Suriya PKK üzvlərinin tranzit yollarla üçüncü ölkələrə keçməsinə icazə verməyəcək.
- Suriya PKK liderlərinin torpaqlarına girməsinə mane olacaq və gömrük rəsmilərinə bu barədə rəsmi göstəriş verəcək.
Protokolda həmçinin tərəflərin bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bəzi mexanizmlər qurması da nəzərdə tutulurdu. Xüsusilə iki ölkənin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri arasında birbaşa telefon xətti qurulması, diplomatik nümayəndəliklərdə təhlükəsizlik işləri üçün xüsusi nümayəndələrin təyin olunması da protokolun əsas tələblərindən idi.
Adana protokolu imzalandıqdan dərhal sonra Dəməşq Abdullah Öcalanı öz torpaqlarında qovmuş, ardından ABŞ-ın köməkliyi ilə baş terrorçu Kenyada həbs olunaraq Türkiyəyə gətirilmişdir.
Göründüyü kimi, Adana protokolunun tam mənası ilə həyata keçirilməsi həqiqətən də Ankaranın bütün nigarançılıqlarını ortadan qaldırır. Amma burada bir başqa məsələ var. İndiki Suriya 30 il bundan əvvəlki Suriya deyil və rəsmi Dəməşqin 2011-ci ildən bəri bu sənəddə nəzərdə tutulan öhdəlikləri yerinə yerinə yetirmək imkanı yoxdur. Ərdoğanın da dediyi kimi, o özü terrorizmə qarşı ayaq üstə dayana bilmir. Elədirsə, Türkiyə qarşısında götürdüyü bu öhdəlikləri necə yerinə yetirə bilər?
Görünür, istər ABŞ-ın, istərsə də regional dövlətlərin Türk ordusunun yürütdüyü Barış pınarı əməliyyatlarına səbrlə yanaşması da bununla bağlıdır. Türkiyə Suriyanın Şimalındakı PKK/YPG ünsürlərinin belini qırdıqdan sonra bölgəni Bəşər Əsədə təhvil verəcək. Prinsipcə, bu, Əsəd rejiminin də marağına uyğundur. Deməli, həm ABŞ, həm Rusiya, həm də Suriya Türkiyənin Barış pınarı əməliyyatı ilə “barışıblar”. Hərdən İranın xaric səslə “oxuması” isə “mən də varam” deməkdən başqa bir şey deyil.
Ovqat.com
Paylaş: