Xəbər lenti

 

ABŞ prezidenti Donald Trump dünən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin Suriyada ABŞ hərbçiləri tərəfindən öldürüldüyünü açıqlamasından sonra gündəmə yeni sual çıxıb: İŞİD-in yeni rəhbəri kim olacaq?

Oqvat.com xəbər verir ki, terror təşkilatının yeni liderinin Adbullah Qardaş adlı birinin olması gözlənilir.

Təşkilatdan KİV-ə verilən məlumata görə,  Abdullah Qardaşı öldürülmüş liderin özü ötən aqvust ayında xələf elan edib.

Bildirilir ki, Qardasla Bağdadi arasında münasibətlər 16 il əvvəl başlayıb. ABŞ tərəfindən 2003-cü ildə İraqın Bəsrə şəhərindəki Bucca həbsxanasına salınan və ilk dəfə burda görüşən dostlar illərlə eyni kamerada qalıb sərbəst buraxıldıqları zaman İŞİD-in təməllərini atıblar.

 Soyadından da bəlli olduğu kimi, Qardaş türkmən soyludur və Mosulun Təlafər mahalına doğulub. İŞİD-in əsas mərkəzlərindən biri olan Təlafər Mosulun süqutundan sonra təşkilat liderlərinin dayaq nöqtəsinə çevrilib. İşğaldan əvvəl Təlafərdə dinc şəraitdə yaşayan şiə və sünni türkmənlər məhz Abdullah Qardaşın “dindarlığı” sayəsində ən qatı düşmənə çevriliblər. Bir neçə ay davam edən qarşıdurmalardan sonra sünni türkmənlərdən təmizlənib. Qardaşın xüsusilə yezidilərə qarşı amansız davrandığı bildirilir. Şahidlərin bildirdiyinə görə, Təlafər ətrafında yezidilərin məskunlaşdığı kəndlər Abdulla Qardaşın silahlı dəstəsi tərəfindən ələ keçirilərkən sakinlər cinslərə ayrılır, kişilər toplu qətl edilir, qadınlar cariyəyə çevrilirdilər. Bölgə işğaldan azad edilənə qədər quldarlıq quruluşunun qaydaları ilə idarə olunan Təlavərdə cariyə bazarları mövcud idi və orada əsir qadınlar satılırdı. Qardaşın sayəsində Təlavər İŞİD-in əsas insan alveri mərkəzi rolu oynayırdı.

Təlafərdən qaçıb canını qurtara bilən şiə sakinlərin demək olar hamısı ailələrinin qisasını almaq üçün Həşdi Şabi sıralarına qoşulmuş və eyni hadisələri qəsəbənin sünnilərinin başına gətirəcəklərinə and içmişdilər. Beləcə, Abdullah Qardaşın amansız siyasəti İraq türkmənlərinin əsas yaşayış yerlərindən sayılan Təlafər sakinlərinin bir-birini tamamilə sılıb süpürməsi ilə nəticələnmişdi. Belə ki, əvvəl sünni türkmənlər şiə soydaşlarının böyük əksəriyyətini məhv etdiyi kimi, sonradan İraq qüvvələri şəhərə girdikdən sonra sünni sakinlər eyni münasibətə məruz qalmış, bir çoxu terrorçulara qoşulub Suriyanın şimalına qaçmışdılar.

İraq Milli Təhlükəsizlik Xidmətinin terror qruplaşmaları ilə əlaqədar bir hesabatında da Qardaşın təşkilata rəhbər seçiləcəyi təqdirdə, vəziyyətin daha təhlükəli olacağı göstərilir. Hesabatda onun heç bir sərhəd tanımadan mülki şəxsləri belə, hədəfə alacaq qədər qəddar olduğu vurğulanır.

Qardaşın bu mənfi ünü hələ “xəlifə” seçilməmişdən əvvəl təkcə Yaxın Şərqdə yayılmaqla qalmamış, dünyada da əks-səda buraxmışdır. Fransanın Monte Karlo radiosuna görə də, Qardaşın xəlifəliyi məzhəb qarşıdurmasını daha çox qızışdıra və terror aktlarının yenidən güclənməsinə səbəb ola bilər.

Qardaşın Bağdadini əvəz etməsi ehtimalı İraq təhlükəsizlik qüvvələrini da ciddi narahat edir. İraqın Təhlükəsizlik eksperti Fazil Əbu Raqif Mosuldakı İmam Əzəm İslam Elmləri Fakültəsini bitirən Abdullah Qardaşın tanınan bütün terrorçu liderlərdən daha qatı təkfirçi və qəddar olduğunu deyib.




Ana səhifəyə qayıt        Baxış: 484          Tarix: 28-10-2019, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma