“Hazırkı səlahiyyətləri ilə Prezident Adminstrasiyasının funksiyasına Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlanması, eləcə də qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi, yoxlanılması və dövlət başçısına müvafiq məruzələrin təqdim edilməsi daxildir”.
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu dünən axşam paylaşdığı statusunda belə yazıb.
Onun fikrincə, İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil: “Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur”.
Qubad bəyin fikrindən belə çıxır ki, Ramiz Mehdiyevin yerinə gətirilən Samir Nuriyev, sələfi kimi ölkənin idarə olunmasına nəzarət edə bilməyəcək. Onun vəzifəsi sadəcə qanun layihələri və digər hüquqi aktları hazırlamaq olacaq. Hətta yeni “Boz kardinal”ın özünü də Prezidentin İşlər İdarəsi maliyyələşdirəcək. Qubad bəy nəzakət xətrinə deməsə də, Samir Nuriyevin vəzifəsinin ən konkret adı kargüzarlıqdır. Zira kargüzarlığın termin olaraq elmi ədəbiyyatlardakı izahı da tamamilə Prezident Administrasiyasının funksiyalarına uyğun gəlir. Eynulla Musayevin 2003-cü ildə nəşr etdiyi “Kargüzarlığın təşkili” kitabında bu sənətin tərifi belə verilir:
“Kargüzarlıq — sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür.
Kargüzarlıq özü 2 yerə bölünür: ümumi kargüzarlıq və xüsusi kargüzarlıq. Bunlar da bir-birindən fərqlənirlər. Müəssisə və təşkilatların bütün mərhələlərinin sənədli informasiya ilə təchiz edilməsi prosesi kargüzarlıq sferasını təşkil edir”.
Belə çıxır ki, Samir Nuriyevin işi xüsusi kargüzarlıq kateqoruyasına aid olacaq.
ADR Hərəkatının sədrinin Samir Nuriyevlə bağlı statusunda digər maraqlı məqamlar var. Xüsusilə də onun təhsil səviyyəsi barədə.
Statusu olduğu olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev mənim 2015-16-cı tədris ilində ziyarətçi professor kimi çalışdığım Duke Universitetinin Sanford Dövlət Siyasəti Məktəbinin (https://sanford.duke.edu) məzunudur. Duke Universitetinin Sanford dövlət siyasəti məktəbi reytinqinə görə hazırda ABŞ-da 5-ci yerdədir. Dövlət siyasəti üzrə ABŞ reytinqində 1-ci yeri Miçiqan Universitetinin, 2-ci yeri Kaliforniya-Berkeley Universitetinin, 3-cü yeri Çikaqo Universitetinin, 4-cü yeri İndiana (Bloomington) Universitinin dövlət siyasətinin təhlili məktəbləri tutur.
Duke Universitetinə gəlincə, bu məktəbin məzunu olan mənim tanıdığım azərbaycanlıların sayı o qədər də çox deyil. Onların əksəriyyəti ABŞ-da qalıb, əmək fəaliyyəti ilə burda məşğul olurlar. Samir Nuriyevin Azərbaycana qayıtması və ölkədə fəaliyyətini davam etdirməsi və Prezident Adminstrasiyasının rəhbəri vəzifəsinə təyinat alması hazırkı sistem daxilində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmasa da, birbaşa Rusiyadan idarə olunan Ramiz Mehdiyevdən sonra bu vəzifənin ABŞ-ın nüfuzlu məktəbinin məzununa tapşırılması dövlət siyasətində dəyişikliklərə təsir etməsə də, adminstrasiyanın cari işinə texniki yeniliklər gətirə bilər.
Hazırkı səlahiyyətləri ilə Prezident Adminstrasiyasının funksiyasına Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlanması, eləcə də qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edilməsi, yoxlanılması və dövlət başçısına müvafiq məruzələrin təqdim edilməsi daxildir. Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.
İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil. Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.
Adminstrasiyanın tərkibində aşağıdakı strukturlar vardır.
Hazırda Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri və İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi vakansiyadadır. Fikrimcə, Samir Nuriyevin Adminstrasiya rəhbər təyinatı yalnız vakant yerlərin doldurulması ilə deyil, həm də mövcud vəzifələrə yeni təyinatların olması ilə də ictimai diqqətə gələcək. Lakin, əvvəlki tərkibdə əhəmiyyətli dəyişikləri gözləmirəm”.
Paylaş: