Xəbər lenti

 

“Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğun Azərbaycana vurduğu zərər barədə dediyi fikirlər doğrudur. Həqiqətən də bu mərəz ölkənin inkişafını ləngitməklə qalmır, hətta dövlətimizi tamamilə çökdürür. Bununla belə, korrupsiyaya qarşı mübarizə yalnız prezidentin bu barədə məlumatları eşitməsiylə məhdudlaşmamalıdır. Ölkədə elə bir hüquq mexanizmi yaradılmalıdır ki, hansısa icra başçısının, nazirin, komitə sədrinin və ya iri məmurun korrupsiyaya bulaşdığı barədə söz-söhbətlər prezidentə qədər gəlib çatmadan bu cinayətlərin qarşısı alınsın. Prezident də hər kəs kimi hansısa məmurun rüşvətxorluğa, dövlət əmlakını talamasına görə həbs olunduğu xəbərini KİV-dən öyrənsin”.

Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədri Prezidentin bir müddət əvvəl təyin olunmuş Yevlax və Xaçmaz rayon İcra Hakimiyyəti başçıları ilə görüşündə səsləndirdiyi bəzi fikirləri şərh edərkən onu da vurğulayıb ki, korrupsiyaya qarşı mübarizənin dünya praktikasında mövcud olan təkmil yolları var və “velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur”: “Sadəcə  o metodlar olduğu kimi alınıb Azərbaycanda da tətbiq olunmalıdır”.

Xatırladaq ki, həmin görüşdə İlham Əliyev icra başçılarına demişdi: “ Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər”.

İlyas İsmayılovun fikrincə isə, korrupsiya ilə effektli mübarizə üçün ali siyasi hakimiyyətin iradə ortaya qoyması müsbət haldır, amma yetərli deyil: “Mən dəfələrlə demişəm, yenə də təkrar etmək istəyirəm ki, korrupsiyaya qarşı mübarizə ilk növbədə milli qanunvericilik bazasının yaradılmasından keçir. Çox təəssüf ki, respublikamızda belə zəruri qanunvericilik baza hələ də yaradılmayıb. Korrupsiya ilə uğurlu mübarizə dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir. Bu barədə hələ 2005-ci ildə qanun da qəbul olunub, ancaq məlum olmayan səbəblərdən indiyə qədər bu qanun tətbiq edilmir. Deməli, ölü qanundur.  Dünyanın aparıcı ölkələrində bu deklarasiya sistemi fəaliyyət göstərir, bizdə isə yox”.

Korrupsiya ilə mübarizə üçün digər başlıca amillərdən birinin də məmurlardan xərclər barəsində də deklarasiya tələb etməkdən keçdiyini vurğulayan Ədalət lideri xərclər üzərində də nəzarətin gücləndirilməsini vacib sayıb: “Yeri gəlmişkən, bu barədə Rusiya Federasiyasında qanun qəbul edilib. Həmin sənəd belə adlanır: “Dövlət vəzifələrini tutan şəxslərin və digərlərinin xərclərinin gəlirlərinə uyğun olması üzərində nəzarət haqqında”. Belə bir qanunu təcili olaraq biz də qəbul etməli və onun tətbiqinə nail olmalıyıq. Düşünurəm ki, bu, gəlirlər barədə deklarasiyadan daha vacibdir. Özü də, gəlirlər və xərclər haqqında deklarasiyalar mütləq elektron qaydada müvafiq dövlət qurumlarının saytlarında yerləşdirilməlidir ki, xalq oxusun və hər şeyi bilsin. Başqa sözlə, şəffaflıq təmin olunsun.

Bizdə isə nəinki məmurlardan hər hansı deklarasiya tələb olunmur, əksinə onlar vəzifədən uzaqlaşdırılanda belə gül-çiçəklə, medal və ordenlə yola salınırlar. Halbuki, onların hər biri uzun illər boyu əyləşdikləri kürsülərdə dövlət əmlakını mənimsəməklə məşğul olublar. Cinayətkarların mükafatlandırılması isə dünyada ancaq bizdə rast gəlinən hadisədir. Azərbaycan bu baxımdan həqiqətən də analoqu olmayan ölkələr sırasında öz ənənəvi yerini qoruyur”.

Korrupsiyaya qarşı mübarizənin 3-cü başlıca şərtinin məmurların sahibkarlıq fəaliyyəti ilə məşğulluğunun qarşısının alınması olduğuna inanan İlyas İsmayılov fikrini belə əsaslandırıb: “Hamımıza məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Bunun qarşısını almaq üçün mən hələ deputat olduğum vaxt Milli Məclisə korrupsiya ilə ciddi mübarizə üçün, Prezidentin təbirilə desək, dünyanın aparıcı ölkələrində olduğu kimi, sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi təqdim etdim. Çox təəssüf ki, uzun vaxtdan sonra Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi layihəni müzakirə üçün plenar iclasa təqdim etmədi və bununla, əslində korrupsionerlərə töhfə vermiş oldu. Düşünərəm ki, Preziden yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, bu qanun layihəsini tezliklə MM-ə göndərməlidir”.

İlyas İsmayılovun bu istiqamətdə 4-cü təklifi prokurorluq orqanlarının işini və yetkilərini artırmaqla bağlıdır. Onun fikrincə, əksər nazirliklərdə yaradılıb və həmin nazirliklərin mənafelərinə qulluq edən bütün istintaq şöbələrini ləğv edilməli, Respublika Prokurorluğunun yanında Vahid İstintaq Komitəsi yaradılmalıdır: “Bütün vəzifəli şəxslərin, nazirliklərin və digər dövlət qurumlarının qanunauyğun fəaliyyətini təmin etmək üçün prokurorluğun ümumi nəzarət funksiyası, habelə nəqliyyat prokurorluqları bərpa olunmalıdır”.

Beşinci təklifə gəlincə isə, İlyas İsmayılov inhisarçılığın tamamilə aradan qaldırılmasını, azad və fürsət bərabərliyi şəraitində rəqabət imkanlarının yaradılmasını da korrupsiyaya qarşı mübarizənin əsas şərtlərindən sayır: “Bu gün sosial-iqtisadi durumumuzun böyük bəlası olan inhisarçılıqdan çox danışılır. Amma bu bəla ilə mübarizə üçün tələb olunan qanunvericilik bazası yaradılmır. Haqlı olaraq da sual yaranır: 2-ci oxunuşdan hələ 2006-cı ildə, deməli, 13 il əvvəl keçmiş Rəqabət Məcəlləsi indiyədək hansı səbəbdən qəbul edilmir, burada marağı olanlar kimlərdir? Hansı qanun və qaydaya görə, qanun layihəsi iki oxunuşdan sonra səsverməyə çıxarılmadı? Belə bir normativ akt yoxdur. Bu hal bir daha sübut edir ki, ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunur. Elə fəlakətimizin əsas səbəblərindən biri də budur. Halbuki, inhisarçılığın tamamilə ortadan qaldırılması korrupsiyaya qarşı mübarizənin başlıca metodlarındandır. Xatırlatmaq yerinə düşər ki, II Dünya müharibəsindən sonra bədbəxt hala salınmış Almaniyanın iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın keçmiş dövlət katibi və Müdafiə naziri Marşalın planında nəzərdə tutulan tədbirlər içərisində  inhisarçılığın ləğvi birinci yerdə dururdu. Çünki inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir. Məhz inhisarçılıq insanın hüquq və azadlıqlarını pozur, onların təşəbbüskarlıqlarını aradan qaldırır, azad rəqabətə yol vermir, korrupsiyaya meydan açır, var-dövlətin ayrı-ayrı korrupsioner məmurların, soyğunçu sahibkarların cibinə axmasına qulluq edir. Odur ki, ölkə iqtisadiyyatına və mənəviyyatına ölümcül zərbə vuran inhisarçılığa qarşı amansız mübarizə aparılmalı, bunun üçün isə tezliklə Rəqabət Məcəlləsi qəbul olunmalıdır”.

İlyas İsmayılovun korrupsiyaya qarşı mübarizə konsepsiyasında 6-ci əsas şərt məmurların təyinatında qohumbazlıq, yerlibazlıq kimi mərəzlərin aradan qaldırılmasıdır: “Nəhayət, korrupsiya ilə mübarizə dövlət işlərində, hakimiyyət münasibətlərində, vəzifə əlaqələrində, kadrların seçilməsində ailəçiliyə, qohumbazlığa, yerlibazlığa yol verilməməsini tələb edir”.




Ana səhifəyə qayıt        Baxış: 4 381          Tarix: 4-11-2019, 10:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma