Xəbər lenti

  

"Hər kəs Livandakı məzhəb partiyalarından biri olan Hizbullahı tənqid edəndə bəzi yazarlar ayağa qalxaraq deyirlər: “O, Hizbullah İsrailin düşmənidir və müqavimət simvoludur”. Bu iddianı irəli sürənlər, şübhəsiz ki, refleksiv düşüncə tərzini qəbul edirlər... İsraillə düşmənçilik Hizbullahı dəstəkləmək üçün yetərli bir səbəbdirmi?"

Ovqat.com xəbər verir ki, Dəməşq Universitetinin Fəlsəfə Fakültəsinin keçmiş dekanı Əhməd Bərkavinin Birləşmiş Ərəb Əmirliklərində dərc olunan “əl-Bəyan” qəzetinə yazdığı məqaləsi bu ritorik sualla başlayır.

Məqaləsində İranı və Hizbullahı sərt şəkildə tənqid edən  filosofun fikrincə, bu qüvvələr “İsrailə qarşı müqavimət” adı altında əslində sünnilərə qarşı müharibə aparır:

“Hizbullah Fələstini İsrailin əlindən qurtarsa belə, Suriyadakı Quseyr şəhərinin əhalisi onu bağışlamayacaq. Çünki bir neçə il əvvəl həmin şəhərdə 60.000 əsiri öldürən tiran Əsəd rejimini dəstəkləyən Hizbullah bu qurbanların ailələri tərəfindən mütləq lənətlənəcək. Hizbullah eyni zamanda Livanın sabiq baş naziri Rafiq Həririnin, liberal jurnalist və alim Samir Kassirin, Livandakı digərlərinin qatilidir. Beyrutu zor gücünə işğal edən Hizbullah bu şəhərin əhalisinin məhəbbətini “müqavimət" şüarları ilə qaza bilməyəcək”.

 Yəmən husilərinin də eyni məntiqlə hərəkət etdiyini vurğulayan Bərkavi yazır ki, bir Husi yaraqlısı  “İsrailə ölüm” deyə-deyə, Hübeydə, Ədən və Sana şəhərlərini işğal edir: “Bu siyasət Yəmənə dağıdıcılıq yayılırsa, “İsrailə ölüm” şüarının mənası nədir? Və yaxud Qəzzanı yaşayış üçün imkansız bir yer halına gətirdikdən sonra HƏMAS-ın bəyanatlarda Fələstinin tam azad olmasının tələb etməsinin nə mənası var? İran kimi bir ölkənin İsraili düşmən elan etməsi hara və daha sonra qonşularının dövlət konsepsiyasına zidd silahlı dəstələrdən faydalanaraq o ölkələrdə sabitliyi pozmaq, inqilabi ideyalar yaymaq hara?”

Müstəqillik, azadlıq, sabitlik və ədalət prinsiplərinin bir-birindən ayrılmaz dəyər olduğuna inanan Bərkaviyə görə, insan ləyaqəti anlayışı da belədir: “Fələstin xalqını və onların müstəqilliyini dəstəkləyiriksə, Suriya xalqının müstəqillik, azadlıq və ləyaqət uğrunda nəcib mübarizəsini də dəstəkləməliyik. İsrailə düşmənsənsə, deməli, Yəməni, İraqı və Suriyanı məzhəb yaraqlılarına və onların müttəfiqlərinə qarşı dəstəkləməyin lazımdır. İsrailə qarşısansa, başqa ölkədə terroru dəstəkləyə bilməzsən ".




Ana səhifəyə qayıt        Baxış: 2 274          Tarix: 6-11-2019, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma