Səudiyyə Ərəbistanı Ərəb Birliyini Xarici İşlər nazirləri səviyyəsində təcili toplantıya çağırıb.
Ovqat.com xəbər verir ki, məlumatı Misirin MENA xəbər agentliyi yayıb.
Ərəb liqasının adı çəkilməyən yüksək səlahiyyətli nümayəndəsinə istinadən verilən xəbərdə toplantının bazar günü keçiriləcəyi bildirilir. İranın Yaxın Şərqdə yayılma siyasətinin müzakirə ediləcəyi gözlənilən toplantı barədə nə Səudiyyə Ərəbistanı, nə də Ərəb Birliyi heç bir açıqlama verməyib.
Bununla belə, son zamanlar rəsmi Riyadın ABŞ və İsrailin təşviqiylə İrana qarşı fəallaşdığını və böhranın Livanın Baş naziri Həririnin istefasıyla kritik həddə çatdığını nəzərə alsaq, bu addım heç də təsadüfi görünmür. Mümkündür ki, ərəb liqası bu toplantıda İrana bağlı qüvvələrə qarşı müharibə etmək qərarına gəlsin.
Artıq Səudiyyə Ərəbistanının Hava Qüvvələrinin Yəməni bombalaması, İsrailin Livan sərhədlərində tarixinin ən böyük hərbi manevrlərini keçirməsi də bu ehtimalı qüvvətləndirir.
Həririnin təbirincə desək, “İranın qollarına” qarşı eyni anda hərbi əməliyyatlara başlamaq ərəb liqasının hərbi mənafelərinə tamamilə uyğundur. Belə olacağı təqdirdə “Şiə hilalı” coğrafiyasındakı İrana bağlı qüvvələr bir-birinə yardım etmək imkanından məhrum ola və onların müqavimət gücü azala bilər.
Ərəb liqasının növbəti toplantısından savaş qərarı çıxarsa, bu, islam dünyasında yeni, tarixin ən böyük məzhəb müharibəsinin başlanması mənasına gələcək və bütün islam dünyasını bürüyəcək.
Paylaş: