Mahir Dərziyev:"Parlamentin buraxılması üçün heç bir əsas yoxdur"
"Mən bunu çox dərin təəssüf hissi ilə qeyd edirəm. Çünki mən özüm bu qanun layihəsinin lehinə səs vermişəm. Açığı, mənim üçün də, cəmiyyət üçün də çox gözlənilməz oldu".
Ovqat.com xəbər verir ki, bu sözləri 2020-ci ildə Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin parlamentin səsverməsindən keçməməsi ilə bağlı münasibətini ifadə edən hakim Gürcü Arzusu Partiyasının deputatı Mahir Dərziyev deyib.
"Parlament öz qərarını verdi"
"Bizim partiyanın sədri də bəyanat verərək, bu məsələ ilə bağlı öz mövqeyini bildirdi ki, onun üçün də gözlənilməz olub, o da həmişə proporsional seçki sisteminin tərəfdarı olub, indi də qalmaqdadır. Amma dediyim kimi, parlament öz qərarını verdi. Buna görə də 2020-ci parlament seçkilərində qarışıq, yəni proporsional və mojaritar sistem nəzərdə tutulur",-deyə deputat əlavə edib.
"Artıq 12 nəfər partiyadan ayrıldı"
Mahir Dərziyev nəzərə çatdırıb ki, Konservator Partiyası da bəyanat verib: "Partiyanın sədri Zviad Dzidziquri və digər iki deputat yenə ayrıldı. Mən bildiyimə görə, artıq 12 nəfər partiyadan ayrıl;b. Bu gün partiyanı tərk edənlər layihənin lehinə səs verənlərdir. Amma bu gün o layihənin lehinə səs verənlərdən onlarla adam partiyada qalmaqdadır”.
"Çox dəyərli insanlar partiyanı tərk elədilər"
M.Dərziyev qeyd edib ki, partiyadan ayrılanların əksəriyyəti həm partiyadan çıxdılar, həm də parlament çoxluğunu tərk etdilər: "Amma bu, partiyanın sonu demək deyil. Lakin çox təəssüfedici bir haldır. Yəni çox dəyərli insanlar partiyanı tərk elədilər. Neçə illər bir yerdə olduğumuz partiya üçün çox qiymətli insanlardır. Amma partiyanın əsas özəyi yerindədir”.
"Bizim partiyanın liderləri növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etdilər"
“Bəli, müxalifət növbədənkənar parlament seçkisi, hətta hökumətin istefasını tələb edir, amma növbədənkənar parlament seçkisi, yəni parlamentin buraxılması elə-belə baş vermir, bunun müəyyən bir proseduru var. Yəni kiminsə istəyilə deyil ki, parlament özü-özünü buraxsın, konstitusiya ilə müəyyən olunmuş prosedur var. Parlament bir neçə hallarda buraxıla bilər. Məsələn, müəyyən olunmuş müddətdə büdcəni qəbul edə bilməsə və ya hökumətin tərkibinə etimad göstərməsə, yəni hökumət böhranı yaransa, parlament buraxıla bilər. Dünən bizim partiyanın liderlərinin bəyanatları səsləndi, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna etdilər, amma müxalifətin də belə tələbləri var ki, növbədəkənar parlament seçkiləri keçirilsin. Ancaq bu gün prosedura istinadən, parlamentin buraxılması üçün heç bir əsas yoxdur",-deyə deputat vurğuladı.
"Tələbimiz qəbul olunmayana qədər oradan dağılmaq niyyətində deyilik"
Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov isə deyib ki, artıq bu prosesi hec cür saxlamaq mümkün deyil: “Bu gün artıq “Gürcü Arzusu” Partiyası parlementdə azlığa çevrildi. Çünki 8 nəfər deputat dünən partiyadan çıxdı. Özü də elə insanlar çıxdı ki, onlar beynəlxalq komitələrin sədrlərdir, hüquqşünaslardır, komitə sədrliklərini təhvil verdilər. Bu gün isə “Konservator”Partiyasından 6 nəfər istefa verdi, hansı ki, “Gürcü Arzusu” partiyası ilə bir blokda idilər. Demək olar ki, artıq “Gürcü Arzusu” Partiyasına heç nəyin köməyi dəyməz, onları saxlamağa heç kimin qüvvəsi çata bilməz. Dünən qərar qəbul olundu. Mən də birləşmiş müxalifətin bir neçə görüşündə iştirak etdim. Gecə saat 1-ə kimi biz də aksiyada olduq. Tələbimiz qəbul olunmayana qədər oradan dağılmaq niyyətində deyilik. Demək olar ki, artıq Rustaveli küçəsi bağlandı. Bazar günü isə 100 minlik bir mitinq gözləyirik".
"Bu gün Gürcüstanın adı qalıb, özü qurtarıb"
"Batumidə də ara qarışdı, orada da əhali ayağa qalxdı ki, hökumət istefa versin və növbədəkənar parlament seçkiləri keçirilsin. Bu ayın sonuna qədər tələb yerinə yetirilməlidir və yerinə yetiriləcək. Çünki “Gürcü Arzusu”nun başqa bir yolu qalmadı. İvanişvili krimanal rejimi rədd olmalıdır və dövləti təhvil verməlidir. Çünki 8 il də verdiyi vədləri yerinə yetirə bilmədilər və Gürücüstanı kriminal bir dövlətə çevirdilər. Bu gün Gürcüstanın adı qalıb, özü qurtarıb. Gürcüstan dövlətçilik təhlükəsi altındadır. Ona görə də artıq tələblərimiz tam yerinə yetməsə, heç kim meydandan çəkilmək niyyətində deyil, sayımız da günü-gündən artacaq”,-deyə deputat əlavə edib.
Ovqat.com
Paylaş: