Xəbər lenti

  

“Azərbaycan Respublikası Milli Məclisinin buraxılması barədə irəli sürülən rəsmi arqument inandırıcı deyil”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədrinin bildirdiyinə görə, Milli Məclis Prezident Aparatının uzantısıdır və onun heç bir səlahiyyəti yoxdur: “YAP Siyasi Şurasının qərarında isə vurğulanır ki, guya, mövcud parlament dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat deyil və son aylar ölkədə aparılan islahatlardan geri qalır. Halbuki, ölkədə nə hər hansı islahat aparılır, nə də Milli Məclis o islahatlara qarşı çıxacaq gücdədir. Əksinə, Prezident Aparatının uzantısı olan bu qurum ölkə başçısının arzuladığı istənilən qərar və qanunlara imza atır. Belə bir mağmun vəziyyətdə olan Milli Məclisin guya islahatlara dirənməsi barədə yaradılan təsəvvür illuziyadır və hansısa məkrli siyasətə xidmət edir”.

 

İlyas İsmayılov bir neçə aydan sonra parlament seçkilərinin keçiriləcəyini xatırladaraq, bu faktın həmin qərarın islahatlarla bağlı olmadığını təsdiqlədiyini düşünür: “Görünür, hakimiyyətin xarici havadarları onun qarşısında hansısa tələb qoyub və YAP da bu tələbi yerinə yetirir”.

Partiya sədri Naxçıvan Muxtar Respublikasının viza rejimini ləğv etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, viza rejimi xarici siyasətin bir predmetidir və muxtar qurumlar bu barədə qərar verə bilməzlər: “Üstəlik, İranla viza rejiminin ləğvi milli təhlükəsizlik məsələsidir. Görünür, rəsmi Bakı uzun müddət İranın bu təzyiqlərinə dirənərək, hətta strateji müttəfiqimiz Türkiyəyə qarşı da viza rejimi tətbiq etmişdi. Başqa sözlə desək, qurunun oduna yaşı da yandırırdı. Daha sonra ictimai qınaqlar nəzərə alınaraq, Türkiyə vətəndaşları üçün “vizasız rejim” siyasətinə keçildi. Amma İran vətəndaşları üçün əvvəlki viza rejimi olduğu kimi saxlanıldı. Sözsüz ki, rəsmi Bakının bir çox siyasətlərinə kəskin qarşı çıxsaq da, ümummili məsələlərdə onun mövqeyini başa düşməli və bunu siyasi ambisiyalarımıza qurban verməməliyik. Eyni həssasiyyət təkcə müxalif partiyalar üçün yox, həm də Muxtar Respublika üçün keçərlidir”.

 

Azərbaycanın müxtəlif yerlərində fərqli qanunların işləməsinin suverenlik məsələsi olduğunu bildirən İlyas İsmayılov Naxçıvan Muxtar Respublika hakimiyyətinə viza rejimi barədə qərarı yenidən gözdən keçirməyi məsləhət bildi: “Viza rejiminin tətbiqi mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir və bu barədə siyasəti ölkə başçısı müəyyənləşdirə bilər. Bu cür ciddi məsələlərlə bağlı qərarın Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən verilməsi isə ikiqat qanunsuzluqdur və hüquqi məsuliyyət yaradır”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 670          Tarix: 28-11-2019, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma