Xəbər lenti

 

Məlum olduğu kimi, YAP-ın Siyasi Şurasının bu gün təcili iclası keçirilib və sensasion qərar qəbul edilib.

Qərara görə, parlamentdəki hakim çoxluq sabah Milli Məclisin buraxılması tələbilə çıxış edəcək və yəqin ki, YAP deputatlarının böyük əksəriyyəti bu təklifi dəstəkləyəcək.

YAP Siyasi Şurası bu qərarı mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Çox gözəl. Bəs, YAP-ın  belə bir qərar vermək səlahiyyəti vardırmı? Ümumiyyətlə Milli Məclis hansı hallarda buraxıla bilər?

Ovqat.com xəbər verir ki, millət vəkili Fazil Mustafa mətbuata verdiyi açıqlamada bu suala aydınlıq gətirib?

 

Onun sözlərinə görə, Konstitusiyada, parlamentin buraxılmasının iki forması nəzərdə tutulub: “Birinci, Baş nazir təqdim olunanda ona 3 dəfə etiraz edilərsə, prezident onu buraxa bilər. İkincisi, parlamentdə çoxluğu təşkil edən partiya və ya bəlli bir sayda deputatların üçdə ikisi istefa ərizəsi yazaraq, onda avtomatik olaraq buraxıla bilər”.

Görünən budur ki, Azərbaycan siyasi iradəsi daha çətin olan ikinci yolu tutub. Yəni parlamenti özünə buraxdırır.

Maraqlıdır ki, parlamentin bu cür addım atacağı hələ 4 ay bundan əvvəl gündəmə gətirilmişdi. Üstəlik, təklif YAP-çı millət vəkilləri tərəfindən deyil, BAXCP sədri Qüdrət Həsənquliyev tərəfindən irəli sürülmüşdü. Millət vəkili 16 iyul 2019-cu il tarixində “Yeni Müsavat”-a verdiyi müsahibəsində eynilə belə demişdi: “YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”.

https://musavat.com/news/yap-istenilen-vaxt-novbedenkenar-secki-cagira-biler_628093.html

 

Belə görünür ki, millət vəkilinin 4 ay əvvəl Nostradamus dəqiqliyi ilə verdiyi proqnoz özünü doğrultdu. YAP həqiqətən də bu gün parlamentin buraxılması ilə bağlı mövqeyini ortaya qoydu və hətta parlament təklifi rədd etsə belə, sadəcə 42 millət vəkilinin istefası ilə MM-nin özünü buraxa bilər.

Xatırladaq ki, Qüdrət Həsənquliyev mətbuata məlum açıqlamanı verəndə özünü Azərbaycanın hüquq dahisi sayan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deputatın fikrini yaxına buraxmaq istəməmişdi. O, “Report”-a açıqlamasında Qüdrət Həsənquliyevi eyhamla orta məktəb şagird səviyyəsində biri olmaqda ittiham edərək, həmin ehtimalın mümkün olmayacağını bildirmişdi: “Onlar cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası keçirilir. Onu oxusalar biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 2016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb”.

https://ednews.net/az/news/politics/378971-soz-sohbet-gedir-ki-milli-meclis-buraxilacaq

 

Milli Məclisin Aparat rəhbəri onu qeyd etmişdi ki, səhər yuxudan durub “Milli Məclis xoşuma gəlmədi” deyərək, onu buraxmaq mümkün deyil: “Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi, Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi, Konstitusiya, Ali məhkəmələr və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olsun. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa parlamenti buraxmaq mümkün deyil”.

Göründüyü ki, Səfa müəllimin parlamenti buraxmaq şərtləri arasında deputat çoxluğunun bu cür qərar alması variantı  ümumiyyətlə yox idi. O, açıqlamasının davamında daha da irəli gedərək, hakim çoxluğun iradəsi ilə MM-nin buraxılmasını güclü fantaziyanın məhsulu adlandırmışdı: “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.

Görünən budur kİ, Səfa Mirzəyev yanılıb. Onun yuxarıdakı fikirlərini YAP Siyasi Şurasının bu gün çıxardığı qərarla tutuşduranda belə çıxır ki, Milli Məclis Aparatının rəhbəri Azərbaycanda hüquqi dövlətin varlığına şübhə ilə yanaşır, Ərdoğanın təbirincə desək, bizi ağır yuxulara belə girməyən qərarlarla idarə olunan banan dövləti sayır. Nəzərə alsaq ki, Azərbaycanda bu cür həlledici qərarları verən ünvan bəllidir, deməli Səfa müəllim daşı millət vəkilindən daha çox, Prezidentin bostanına atır.

Və istər-istəməz bu suallara yol açır: Azərbaycan həqiqətən də banan dövlətidir, yoxsa Səfa Mirzəyev Konstitusiyanı bilməyəcək qədər bisavaddır? Ən əsası isə, görəsən, MM-in Aparat rəhbəri 4 ay əvvəl söylədiyi fikirlərin altından qalxa biləcəkmi?  

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 718          Tarix: 28-11-2019, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma