Xəbər lenti

  

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran səfəri barədə qonşu dövlətin rəsmi informasiya kanalları bir iki cümləlik xəbərlə kifayətlənsə də, bizimkilər xeyli opetivlikləri ilə seçiliblər.

Ovqat.com AzərTac-a istinadən xəbər verir ki, Şahin Mustafayev dünən İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami, Energetika naziri Rza Ərdakanian, İqtisadiyyat və Maliyyə İşləri naziri, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd, ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqeri İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi kimi rəsmilərlə yanaşı Prezidentlə də  görüşüb.

 

Görüşlərdə ölkələrimiz arasındakı əlaqələrdən danışan Şahin Mustafayev son illərdə əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. O, bildirilib ki, son 5 ildə Azərbaycan və İran Prezidentləri arasında 13 görüş olub, 100-dən çox qarşılıqlı səfərlər təşkil edilib, 24 biznes forumu və işgüzar görüş keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 1500-dək İran şirkəti fəaliyyət göstərir. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb.

Ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayan Şahin Mustafayev nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib.

 

Şahin Mustafayevin İran prezidenti Həsən Ruhaniylə görüşü xüsusilə yadda qalan olub.  Prezident İlham Əliyevin məktubunu həmkarına təqdim edən S.Mustafayev bildirib ki, Azərbaycan lideri dostluğa və səmimi münasibətlərə böyük əhəmiyyət verir.

Məktuba görə təşəkkürünü bildirən və onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edən Həsən Ruhani isə deyib ki, İran ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir. Hər iki dövlətin qlobal əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynadığını vurğulayan H.Ruhaninin fikrincə, bu layihəyə daxil olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq və bundan regionun digər dövlətləri də faydalanacaq.

 

İran, Azərbaycan və Rusiya üçtərəfli əlaqələrinin inkişafında da maraqlı olduqlarını bildirən Prezident tərəflər arasında digər sahələrdə olduğu kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Göründüyü kimi, Şahin Mustafayevin İran səfəri xeyli məhsuldar keçib. Baş nazirin müavini kimi aşağı statuslu bir rəsmi şəxsin İranda ən yüksək səviyyədə qarşılanması  bəzi suallara yol açsa da, iqtisadi ekspert Elçin Qurbanov bunu təsadüfi saymır. Onun fikrincə, Şahin Mustafayevin İran səfəri işgüzar xarakter daşıdığından belə görüşlərdə təmsilçinin vəzifəsindən çox, təcrübəsi və qabiliyyəti önəm daşıyır: “Çünki bu cür işgüzar görüşlər dövlətlərarası anlaşmaların çərçivəsini müəyyənləşdirir və daha sonra ölkə rəhbərləri bir araya gələrək müəyyən müqavilələr imzalayırlar”.

 

Elçin Qurbanovun fikrincə, Azərbaycan nümayəndə heyətinin İran səfərində xüsusilə kommunikasiya əlaqələri üzərində dayanılması rəsmi Bakının ABŞ-ın embarqosu ilə üz-üzə qalan qonşu dövlət üçün nəfəslik açmaq niyyətini ortaya qoyur: “Sözsüz ki, bu, rəsmi Bakının müəyyən riskləri gözə alaraq, ABŞ imperializmi tərəfindən Yaxın Şərqə ixrac olunan “inqilab dalğası”nın qonşu dövlətə sıçramasını önləməyə yönəlik dostluq jestidir. Görünən budur ki, hər kəsi təhdid edən ümumi bəladan sığortalanmağın regional həmrəyliklə mümkün olacağını anlayan Azərbaycan xüsusilə “yanacaq üsyan”larının yaşandığı bir dövrdə İrana  dostluq əli  uzadaraq, öz mövqeyini ortaya qoydu”.

 

İranla Rusiya və Avropa İttifaqı arasında körpü rolunu oynayan ölkəmizin TANAP layihəsinin Avropadan çəkilən TAP-a birləşdiyi bir zamanda qonşu dövlətə göstərilən bu jesti təsadüfi saymayan ekspert Azərbaycanın bu sahədə də yaxın perspektivdə Tehran üçün daha ciddi nəfəslik aça biləcəyini düşünür: “Prinsipcə, ölkəmizin də bundan faydalanacağı istisna edilməməlidir. Bilirsiniz ki, bu yaxınlarda Avropaya bağlanan TANAP layihəsi ildə 30 milyard kub metrdən artıq qaz nəqli üçün hesablanıb. TANAP-TAP layihələrinə ölkəmiz ən yaxşı halda isə 10 milyard kub metr qaz verə bilər. Qalan 20 milyard kub metr isə digər ölkələr üçün nəzərdə tutulur. İranın dünyanın 2-ci qaz ehtiyatına malik ölkəsi olduğunu və digər marşrutların üzünə bağlandığını nəzərə alsaq, Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP-TAP-ın rəsmi Tehran üçün sabah alternativsiz qaz nəqli kəməri rolunu oynayacağı şəkksizdir və yəqin ki, etiraf edilməsə də müzakirələrdə bu məsələ də masaya yatırılıb”.

 

Elçin Qurbanov bu qədər mühüm məsələlər ətrafında müzakirələri niyə məhz Şahin Mustafayev tərəfindən aparılmasının bir başqa səbəbinə də aydınlıq gətirdi: “Məlum olduğu kimi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri olan Şahin Mustafayev İqtisadiyyat naziri olduğu dövrlərdə bir çox ölkələrlə iqtisadi əməkdaşlıqların qurulmasında müstəsna rol oynamışdır. İqtisadiyyat sahəsində ciddi səriştəsi olan Sahin müəllimin həm də digər dövlətlərlə yaxın təmasları var. Görünür, ağır iqtisadi böhran keçirən İranın vəziyyətdən çıxarılmasında Şahin Mustafayevin də çiyninə mühüm vəzifələr düşəcək. Yəqin, yaxın təmasda olduğu dövlətlərin də maraq dairələrini bildiyi üçün İran səfərinə  məhz o göndərilib. Bu mənada erməni mətbuatının tez-tez Şahin Mustafayev barədə dezinformasiyalar yayması başadüşüləndir. Qara piarla Azərbaycanın ən işgüzar bürokratını gözdən salmaq istəyən bədniyyət qonşularımız bəlkə də rəsmi Bakını öz şər-şamatalarına inandıra biləcəyini düşünürdülər. Ermənilərin məkrli siyasətlərinə rəğmən, Şahin Mustafayevin hakimiyyət pillələrində irəliləməsi və Baş nazirdən daha mühüm səfərlərə göndərilməsi rəsmi Bakının bu adama etibarını nümayiş etdirir. Onun məmurlar arasında ən çox hökumətlərarası iqtisadi əməkdaşlıq kommisiyalarına rəhbərlik edən birisi olması da bu ehtimali gücləndirir”.

Ekspert, Şahin Mustafayevin həmsədri olduğu hökumətlərarası kommisiyaların siyahısını da bizə təqdim etdi:

  

  1. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası;
  2. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası;
  3. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası;
  4. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya;
  5. Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya;
  6. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya;
  7. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya;
  8. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya;
  9. Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya və s.



Ana səhifəyə qayıt        Baxış: 1 699          Tarix: 5-12-2019, 01:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma