Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan” Universitetinə terktor təyin etməsində ziddiyyət var.
Vasif Talıbov dekabrın 5-də Nurlana Sabir qızı Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Məsələ burasındadır ki, “Naxçıvan” Universiteti özəl təhsil müəssisədir. Bu barədə universitetin veb-səhifəsində də qeyd var. “Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır”, - deyə Naxçıvan Universiteti haqqındakı bölümdə qeyd edilib. Bəs o zaman Vasif Talıbov özəl universitetə Naxçıvan Ali Məclisinin sədri olaraq necə rektor təyin edib?
Universitet dövlət müəssisəsi olsaydı belə, Ali Məclis sədri ora rektor təyin edə bilməzdi. Çünki Azərbaycan qanunvericliyinə görə, dövlət ali təhsil müəssisələrinə rəhbər təyinatı Azərbaycan Prezidentinin səlahiyyətinə aid məsələdir.
Hüquqşünas Ələsgər Məmmədli məsələni yenisabah.az-a şərh edərkən bildirib ki, Vasif Talıbovun Ali Məclis sədri kimi özəl universitetə rektor təyin etməsi səlahiyyət həddini aşmasıdır. “Ola bilsin həmin universitetin təsisçisidir. Amma bu halda da təsisçi kimi təyin etməli idi”, - deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, bəzi məlumatsız şəxslər Universitetin V. Talıbova məxsus olduğunu düşünür və hesab edirlər ki, o bu təyinatı təsisçi kimi verə bilər. Bildirək ki, həmin ali məktəbin təsisçisi başqa bir şəxs - İsmayıl İsrafil oğlu Əliyevdir. Talıbov isə bu sərəncəmı Ali Məclisin sədri kimi imzalayıb. Həmin sərəncamın fotosunu da təqdim edirik:
"Ovqat"-ın əlavəsi:
Ovqat.com xəbər verir ki, Naxçıvan Ali Məslisinin Sədri Vasif Talıbovun əsaslanaraq özəl universitetə rektor təyin etdiyi Konstitusiya maddəsində belə deyilir:
"22) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir".
Burada Sədrə həmin səlahiyyəti verən məqam nədir, görəsən? Belə çıxır ki, V.Talıbov prezidentin səlahiyyətinə daxil olmayan bütün məsələləri özünün vəzifəsi sayır. Məsələn, hansısa sadə naxçıvanlının nəfəs almaq hüququ da prezidentin səlahiyyətinə aid olmadığına görə Naxçıvan MR Ali Məclisinin Sədrinin ixtiyarındadır. O, icazə versə, naxçıvanlı nəfəs ala bilər, verməsə yox.
Vallah, məni qınamayın, Sədr üçün bu qərarı hazırlayan kimdirsə, onun 1 nömrəli düşmənidir. Bəlkə də qəsdən belə qanunsuz sənədlərə imza atdıraraq onu zərbə altında qoyurlar. Görəsən, onu diktator kimi xalqa təqdim edən ətrafının məqsədi nədir? Olmaya, onu postundan laxladaraq, yerində oturmaq istəyənlər var?
Ən pisi isə odur ki, həmin özəl universitetə təyin olunan rektor Vasif Talıbovun oğlu tərəfindən kollektivə təqdim edilib. Belə görünür ki, bu təqdimat mərasimini təşkil edənlərin də niyyəti saf olmayıb. Əcəba, nədən?
Ümidvarıq ki, Vasif müəllim bizdən daha çox, onu narahat etməli olan bu suallar ətrafında düşünəcək və artıq özü üçün əsl problemə çevrilən kadrlarına layiq olduqları cəzanı verəcək.
Paylaş: