Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Fransa başda olmaqla, bəzi Qərb dövlətləri NATO-ya xərclənən nəhəng maliyyə vəsaitinin sadəcə, bir hissəsi ilə yeni “Avropa ordusu” yaratmaqla, “qoca qitə”nin təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyünə əmindirlər...
NATO ətrafında yeni beynəlxalq qalmaqal yaranıb. Hazırda beynəlxalq siyasət məkanında bu hərbi-siyasi alyans ciddi müzakirə mövzusuna çevrilib. Və bu, NATO-nun beynəlxalq nüfuzuna olduqca mənfi təsir göstərməkdədir.
Məsələ ondadır ki, NATO ətrafında aparılan müzakirələr bu hərbi-siyasi alyansın daha da inkişafı və ya gələcək parlaq perspektivləri ilə bağlı deyil. Əksinə, müzakirələrdə NATO-nun öz dövrünü başa vurub-vurmadığı, bu hərbi-siyasi alyansın mövcudluğuna ehtiyacın qalıb-qalmadığı ön plana çıxarılır.
Əslində, NATO-nun mövcudluğuna ehtiyacın qalıb-qalmadığı ilə bağlı mübahisələr hələ oğul Corc Buşun ABŞ prezidenti olduğu dövrdən başlayıb. Və bu mübahisələrin əsas təkanvericisi də elə oğul Corc Buş olub.
Belə ki, vaxtilə oğul C.Buş İraqa qoşun yeritmək niyyətinə düşərkən ABŞ-ın əksər beynəlxalq müttəfiqləri Ağ Evi dəstəkləməkdən boyun qaçırmağa çalışırdılar. Hətta ABŞ-ın bəzi beynəlxalq müttəfiqləri bu niyyətin reallaşdırılmasının yolverilməz olduğunu arqumentləşdirərək açıq və ya dolayısı yolla müqavimət göstərməkdən çəkinmirdilər.
Təbii ki, müttəfiqlərin “etibarsızlığı” və ABŞ-ın qarşıya qoyduğu hədəflərin reallaşdırılmasına göstərilən müqavimət oğul C.Buşu ciddi şəkildə qıcıqlandırırdı, hətta bəzi hallarda qəzəbləndirirdi. Çünki ABŞ İraqa təkbaşına qoşun yeritməkdən ehtiyatlanırdı və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu bilirdi. Ona görə də Ağ Ev İraqa qoşunlarını ABŞ-ın müttəfiqlərinin də qatılmasına çalışdığı “beynəlxalq koalisiya çətiri” altında yeritməyi planlaşdırırdı. Və bununla da İraqa qarşı hərbi təcavüzün məsuliyyətini öz müttəfiqləri ilə bölüşməyə üstünlük verirdi.
Ancaq müttəfiqlərin Ağ Evin planlarına həvəssiz olması və hətta bəzən müqavimət göstərməsi oğul C.Buşu hövsələdən çıxarırdı. Nəticədə oğul C.Buş öz qəzəbinə əsasən iki nüfuzlu beynəlxalq qurumu – BMT və NATO-nu hədəf seçmişdi. Və Ağ Evin o vaxtkı sahibi hər iki nufuzlu təşkilatın artıq öz ömrünü başa vurduğunu, müasir beynəlxalq şərtlər altında mövcudluq əhəmiyyətini itirdiyini iddia edirdi. Bu isə hər iki qurumun beynəlxalq nüfuzuna sarsıdıcı zərbələrin vurulması anlamına gəlirdi.
İndi üzərindən illər ötdükdən sonra bu mövzu növbəti dəfə aktuallaşıb. Ancaq bu dəfə hədəfdə yalnız NATO olmaqla yanaşı, bu hərbi-siyasi alyansın lazımsız və problemli quruma çevrildiyi ilə bağlı iddia gündəmə gətirilib. Yəni NATO artıq mövcudluğunun effektivliyi müzakirə edilən beynəlxalq qurum durumuna düşüb.
Fransa prezidenti Emmanuel Makron isə növbəti dəfə bu müzakirələrin səbəbkarı rolunda çıxış edir. Belə ki, Fransa lideri son dövrlərdə NATO-nun ən fəal əleyhdarı kimi diqqəti çəkir. Çünki o, hər imkanda NATO-nun “bostan”ına daş atmaqdan özünü saxlaya bilmir.
Maraqlıdır ki, E.Makron bu dəfə də öz vərdişinə sadiq qalıb. O, NATO-nun beynəlxalq imici üçün arzuolunmaz məzmun daşiyan açıqlama verib: “NATO beyin ölümü keçirir”.
Təbii ki, bu ifadə beynəlxalq siyasət məkanında kifayət qədər ciddi qalmaqal yaranıb. Qalmaqalın içərisində yer alanlarsa, əsasən iki cəbhəyə - Fransa prezidentini müdafiə edənlərə və E.Makronu qınayanlara bölünüb.
Fransa liderini haqlı hesab edənlər öz mövqelərini NATO-nun üzv dövlətlərin milli maraqlarının qorunmasında elə bir ciddi rol oynamamasını arqumentləşdirirlər. Onların fikrincə, NATO-nın baş katibinin kimliyindən asılı olmayaraq, bu hərbi-siyasi alyans birmənalı şəkildə yalnız ABŞ-ın milli maraqlarının bütün dünyada qorunmasına indekslənib. Digər dövlətlərin milli maraqları təhlükə altında qaldıqdasa, NATO rəhbərliyi bu qurumun hər hansı ölkənin beynəlxalq problemlərinin nizamlanması missiyasına sahib olmadığını bəyanlayaraq, öz “yaxa”sını kənara çəkir.
Maraqlıdır ki, bu mövqedə olanları müəyyən mənada haqlı hesab etmək üçün örnəklər də mövcuddur. Xüsusilə də NATO-nun Türkiyənin milli təhlükəsizlik maraqlarına biganə yanaşması belə örnəklər sırasında ön plana çıxır.
Məsələ ondadır ki, NATO hər hansı üzv dövlətə qarşı təhlükə yaranarsa, həmin ölkəni müdafiə etməyə borcludur. Yəni NATO-nun belə situasiyalarda müdaxilə etmək öhdəliyi mövcuddur.
Ancaq NATO Türkiyənin ərazi bütövlüyünə, Suriya ilə sərhəd bölgəsində yaşayan sakinlərin həyatına real təhlükə yaranarkən öz üzvünü müdafiə etməyə həvəs göstərmədi. Sadəcə, Türkiyənin öz milli təhlükəsizlik maraqlarını qorumaq hüquqlarının olduğunu və bu reallığı hamının qəbul etməsinin vacibliyini vurğulayan bəyanat yaymaqla kifayətləndi. Çünki Türkiyənin milli təhlükəsizliyi ABŞ-ın himayə edib, təlim keçdiyi PKK\PJD terror qruplaşmaları tərəfindən təhdid olunurdu.
Nəticədə rəsmi Ankara ABŞ da daxil olmaqla, bəzi Qərb dövlətlərinin kəskin müqavimət göstərməsinə məhəl qoymayaraq, Türkiyə ordusunu Suriya ərazisinə yeritdi və “Barış Pınarı” antiterror əməliyyatını təkbaşına reallaşdırmaq məcburiyyətində qaldı.
Ancaq bəzi Avropa dövlətlərinin NATO ilə bağlı narazılıq səbəblərinin sırasında yalnız bu qurumun ABŞ-dan başqa digər üzv ölkələrin milli təhlükəsizlik maraqlarına biganə yanaşması yer almır. Həmin səbəblərin sırasında maliyyə mövzusu da mövcuddur.
Məsələ ondadır ki, NATO ölkələri bu hərbi-siyasi alyansa hər il milyardlarla dollar üzvlük haqqı ödəyirlər. Və bu paranın boşuna xərcləndiyini düşünürlər. Avropa ölkələrinin bəziləri hesab edirlər ki, keçmiş SSRİ dağıldıqdan sonra ümumi düşmən problemi də öz həllini tapdığından NATO-nun əsas missiyası artıq sona çatıb və bu hərbi-siyasi alyansın mövcudluğuna özünü doğrulmayan xərclərin çəkilməsinə ehtiyac yoxdur.
Maraqlıdır ki, Fransa başda olmaqla, bəzi Qərb dövlətləri NATO-ya xərclənən nəhəng maliyyə vəsaitinin sadəcə, bir hissəsi ilə yeni “Avropa ordusu” yaratmaqla, “qoca qitə”nin təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyünə əmindirlər. NATO-ya üzvlük haqqı kimi boşuna xərclənən maliyyə vəsaitinin geri qalan hissəsi isə Avropa dövlətləri üçün əhalinin rifahına yönəldiləcək real resursa çevrilə bilər.
Ancaq bu mövqenin bəzi əleyhdarları, xüsusilə də ABŞ keçmiş SSRİ dağılsa da, Rusiyanın Qərb üçün kifayət qədər ciddi təhdid və real təhlükə mənbəyi olaraq, qaldığını qabardır. Və hesab edir ki, Rusiya təhlükəsi mövcud olduqca NATO-nun qorunub, yaşadılması yalnız Qərb deyil, bütün dünya üçün ən effektiv təhlükəsizlik mexanizmidir.
Göründüyü kimi, NATO-nun gələcək taleyi kifayət qədər ciddi mübahisələrə yol açmaqdadır. Bu hərbi-siyasi alyansın tərəfdarlarının və əleyhdarlarının mövqelərində olduqca kəskin ziddiyyətlər olsa da, hər iki tərəfin arqumentlərini gücləndirən faktorlar da olmamış deyil. Bu isə o deməkdir ki, NATO-nun gələcək taleyi ilə bağlı müzakirələr və mübahisələr hələ uzun müddət davam edə bilər.
Musavat.com
Paylaş: