Xəbər lenti

  

Bu günlərdə “EuroHome” tikinti materialları və ardınca 3-cü mikrorayon bazarlarının, ondan öncə də bir sıra obyektlərin yanması bir sıra suallar meydana gətirir: Görəsən, tez-tez baş verən bu yanğınların arxasında xarici barmaq var, yoxsa bazarlar, böyük ticarət mərkəzləri öz-özünə yanır?

 

Bünyamin Qəmbərli: “Bu yanğınlar islahatları sabotajdır”

Ovqat.com-un suallarını cavablandıran BAXCP-nin sədr müavini Bünyamin Qəmbərli bu yanğınlar təsadüfi saymır: "Mən düşünmürəm ki, bu yanğınlar hakimiyyətdaxili mübarizənin nəticəsidir. Mənim fikrimcə, bu yanğınlar açıq-açığına islahatları sabotajdır, işdən çıxan məmurların prezidentə və ya o məmuları müdafiə eləyən xarici qüvvələrin Azərbaycan hakimiyyətinə, yaxud Azərbaycan dövlətinə qarşı mübarizəsidir".

B.Qəmbərli bu yanğınlardan qurtarmağın yollarını da açıqladı: "Əvvəla, Föqalədə Hallar Nazirliyi təcili olaraq standartlar müəyyən etməli, bütün bazarlardan, böyük ticarət mərkəzlərinin hamısından bu standartlara uyğun olması tələb olunmalı, əks halda onların fəaliyyəti dayandırılmalıdır.

İkincisi, o standartlara uyğunlaşandan sonra, necə ki, maşınlara, evlərə icbari sığorta var, o cür müəyyən məbləğdə icbari sığortalama olmalıdır, könüllü sığortalama isə daha böyük məbləğdə ola bilər.

Üçüncüsü, bütün böyük alış-veriş mərkəzlərində, bazarlarda dəyən ziyan obyekt sahiblərinə ödətdirilməlidir".

  

İlham İsmayıl: “Burada xarici qüvvənin əli yoxdur

 

Təhlükəsizlik eksperti İlham İsmayıl isə fərqli düşünür.  Burada xaricdən qaynaqlanan heç bir məsələ olmadığını bildirən İlham İsmayıl təəssüflə qeyd edib ki, bizdə baş verən hər hansı bir yanğını, hətta kiçik bir fəlakəti də az qala xariclə bağlayırıq, amma heç özümüzdə günah axtarmırıq: "O, bizim səhlənkarlığımızın nəticəsidir. Mən deyərdim ki, birinci növbədə, "EuroHome"dakı adamların, ikinci növbədə isə Fövqalədə Hallar Nazirliyinin səhlənkarlığıdır. Fövqalədə Hallar Nazirliyi ora yanğın təhlükəsizliyi ilə əlaqədar avadanlıqlar verir, oranı hər ay yoxlamalıdırlar. “EuroHome” böyük məkandır, insanların çox olduğu yerdir, onu yoxlamalıdır, amma bunlar yoxlamırlar. İş görmək əvəzinə, bəlkə də rüşvət alırlar - mən bunu dəqiq deyə bilmərəm. Hər halda, mən onu səhlənkarlıq kimi qiymətləndirirəm”.

Sosial şəbəkələrdə “EuroHome” tikinti materialları bazarının yanmasını Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı törədildiyini iddia edənlərə gəlincə, İ. İsmayıl fikirlərini bu cür ifadə etdi: "Sumqayıt yolunu genişləndirilmək lazım gəlsə, dövlət deyər ki, mən buranı genişləndirirəm. Onu o cür yandırmağa ehtiyac yoxdur ki, hələ bir dövlətin adına xələl gəlsin. Bu da yalan sözdür. Sadəcə olaraq, mən bunu səhlənkarlıq kimi qiymətləndirirəm və heç kəs də heç kəsdən qisasını almaq üçün inanmıram ki, buranı yandırsın, kimdənsə qisas alsın. Orada hamı bilir ki, ora kimindir, sahibi kimdir. Oradakılar da özünün pulunu qazanırlar, özününkü yananda başqasınınkı da yanacaq. Oranın sahibi maraqlı deyil ki, elə bir şey olsun və yaxud o şəraiti yaratsın. Bu, səhlənkarlıdan başqa bir şey deyil".

İ.İsmayıl hesab edir ki, xarici qüvvə təxribat törətmək istəsə, ondan da dəhşətli yanğınlar çıxarar: "Xarici qüvvə təxribatı nədən ötrü törətməlidir? Siyasətə təsir etmək üçün? Azərbaycan siyasətinə təsir etmək üçün o xarici güc təzyiq etmək istəsə, onu “EuroHome”də deyil, tamam başqa bir yerdə həll edə bilər və daha ağır nəticələr ortaya çıxar. Burada xarici qüvvənin əli yoxdur”.

Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 058          Tarix: 16-12-2019, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma