Xəbər lenti

 

Qəbələ rayonunda orta məktəbdə yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​ Hadisə zamanı xəsarət alan olmayıb.

“Hürriyyət”-in mülahizələrinə görə, son zamanlar yanğın hadisələrinin artması istər-istəməz ağla təxribat versiyasını gətirir. Bir çox yanğınların qəsdən törədilməsinin sonradan ortaya çıxması da bu ehtimalı artırır. Bu bədbəxt hadisələrin xüsusilə seçki dövrünə və yaxud əlamətdar günlərə təsadüf etməsi bu mənada xeyli düşündürücüdür.

Təxribat versiyaları içərisində ən diqqəti cəlb edənlərdən biri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun vurulması üçün törədilə biləcəyi ehtimalıdır. Nədən ki, ölkədəki fövqəl-hadisələrə bu nazirin cavabdehlik daşıması hər yanğın xəbərində nəzərlərin məlum ünvana  yönəlməsinə yol açır və K. Heydərovun işgüzarlıq qabiliyyətinə kölgə salmağa hesablanmış ola bilər.

Ən maraqlı məqamlardan biri də yanğınların baş verdiyi yerlərin xüsusilə seçilməsi və böyük tələfatlarla nəticələnmə imkanıdır. Bir müddət əvvəl Respublika Narkoloji Mərkəzində törənmiş yanğın hadisəsində onlarla insanın ölməsi də buna sübutdur.

Qəbələdə baş vermiş son yanğın hadisəsi də sanki qəsdən seçilib. Əvvəla, yanğının Qəbələdə çıxması özü-özlüyündə bir rəmzi məna daşıyır. Sirr deyil ki, Qəbələ Kəmaləddin Heydərovla simvollaşmış bir rayondur. Birbaşa “fövqəlnazirin” kurasiyasında olan bu rayonun hər daşında onun imzası var. Qəbələdə baş verən yanğının “Kəmaləddin Heydərov öz tabeçiliyində olan rayonda belə, vəzifə səlahiyyətini yerinə yetirmir” təəssüratının yaradılması ehtimalı da istisna edilməməlidir.

İkincisi, yanğının baş vermə səbəbi birbaşa “fövqəlnazirin” səlahiyyətilə əlaqədardır. Məlumata görə, yanğın binanın yanar konstruksiyalarında meydana çıxıb. Bu konstruksiyaların yanğına davamlılığına isə, sözsüz ki, FHN  müsbət rəy verməli idi.

Üçüncüsü, hadisənin məkanı da təsadüfə bənzəmir. Orta məktəbdə baş verən sözügedən yanğının da kütləvi tələfatla nəticələnmə ehtimalı var idi.

Hadisənin zamanı da diqqətçəkicidir. Məlumata görə, yanğın saat 17.27-də söndürülüb. Yanan məktəbin rayondan xeyli aralıda yerləşməsi səbəbindən hadisə yerinə yanğınsöndürən maşınların getməsinin, alovun söndürülməsinin xeyli zaman apardığını nəzərə alsaq, belə çıxır ki, hadisə hardasa günorta saatlarında baş verib. Bu isə məktəbdə xeyli şagirdin olduğu zaman deməkdir.

Məlumatlardan anlaşılır ki, məktəbin yanar konstruksiyasının yarısı sıradan çıxıb. Bu da Qəbələ yanğınsöndürənlərinin hadisəyə zamanında – böyük faciələrə yol açmadan müdaxilə etdiklərini göstərir. Bəlkə də yanğınsöndürənlərin ehtiyatsız davranışı və ya kiçik səhlənkarlığı yenə böyük faciələrlə nəticələnə bilərdi. Əslində bu fakt da FHN-nin son zamanlar bu cür sürprizlərə qarşı həssas yanaşdıqlarından, deməli, həm də gözlədiklərindən xəbər verir.

Bütün bunlardan gəlinən son nəticə belədir: mümkündür ki, son zamanlar tez-tez qarşılaşdığımız müəmmalı yanğın hadisələrinin arxasında hakimiyyətdaxili qurşaqdanaşağı rəqabət dayanır. Əsas hədəflərdən biri isə, yəqin ki, “fövqəlnazir”dir.

Hüquq mühafizə orqanlarımızın bu ehtimalı da araşdırdığını güman edirik.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 498          Tarix: 6-03-2018, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma