Prezident Aparatının rəsmi mətbu orqanı “Respublika” qəzeti belə KİVDF-nin mənzil və mükafat manipulyasiyası ilə məşğul olduğunu etiraf edib. Qəzetin baş redaktoru Teymur Əhmədov qələmə aldığı “Bumeranq” məqaləsində Əli Həsənovla yanaşı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlini də “Prezidentin qayğı və mərhəmətinə dürüst yanaşmamaqda, “qızıl həqiqət və ədalət” nizamını pozmaqda” ittiham edib.
Ən yüksək səviyyədə edilmiş bu etirafdan sonra jurnalistlərə paylanmış mənzillərin taleyinə yenidən baxılmalı deyilmi?
Ovqat.com-un sualını cavablandıran Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib ki, o, bu məsələyə dərindən münasibət bildirmək istəmir: “Lakin soruşduğunuz halda müəyyən fikirlərimi bölüşərdim. Əlbəttə ki, Əli Həsənov çox yaramaz bir yol tutdu. Hakimiyyətin ona etimad və etibarından sui-istifadə edərək yalnız özünün və ailəsinin, yaxın qohum-əqrabasının zənginləşməsinə xidmət göstərdi. Bu gün də aqibəti bu oldu. Mən bildirəndə ki, Vəzirovu müdafiə edən adamın əqidəsi və Heydər Əliyev siyasətinə bağlılığı olmaz, bəziləri məni qınayırdı. İndi açıq şəkildə göstərildi ki, Əli Həsənov hansı sərvətlərə, əmlaklara malikdir. “Respublika” qəzetindən əvvəl, hətta hökumətdə vəzifədə olarkən “Kanal-13” çox yüksək prinsipallıq göstərərək, onun əməllərini tənqid edirdi. Mən Elçin Rəhimzadənin təqdimatında Əli Həsənovun sərvətləri, əmlakları barədə konkret faktları eşidəndə dəhşətə gəldim. Bunu haradan, necə əldə edib? Təsəvvür edin, nazirin də bu qədər sərvəti, əmlakı olmayıb. Klinikadan, şirkətlərdən, tikinti obyektlərindən tutmuş hər bir şeyə əl atıb, bircə ideoloji sahəni heç yadına salmayıb və ondan istifadə edərək öz işlərini görüb”.
Kütləvi informasiya vasitələrinin bu məsələyə çox diqqətli və yaxından münasibət göstərməli olduğunu deyən deyən E. Sabiroğlu hesab edir ki, bu, başqalarına da ibrət olsun: “Utanmaz-utanmaz özünü hakimiyyətin bir nömrəli təbliğatçısı və sadiq adamı hesab edirdi. Lakin sonda nə göründü? Sonda göründü ki, başının üzərindən Heydər Əliyevin və İlham Əliyevin portretlərini asıb, rüşvətxorluqla, qeyri-qanuni işlərlə məşğuldur. İndi məni bir şey düşündürür: “Kanal-13”-ün təqdimatında Əli Həsənovun cinayətkar obrazı tam çılpaqlığı ilə ortaya qoyuldu və bu iddiaları təsdiqləyən faktlar ortadadır. Eyni zamanda hökumətin mətbuat orqanı olan “Respublika” qəzetində onun barəsində yenə ciddi ittihamların irəli sürülməsi boşuna gedəcəksə, mənim daha sözüm yoxdur. Lakin haqq, ədalət. qanun onu tələb edir ki, Baş Prokurorluq araşdırma aparsın, yoxlasın, “Kanal-13” və yaxud hökumət qəzeti Əli Həsənova böhtan atır, yoxsa yox? Bunu müəyyənləşdirdikdən sonra əgər bu mətbu orqanların günahı varsa, onlar cəzalansın, yox faktlar doğrudursa, bunların üzərindən sükutla keçirilirsə, onda bu, qanunun üzünə tüpürmək deməkdir. Mən belə anlayıram”.
E.Sabiroğlu Azərbaycanın baş prokuroru Zakir Qaralova səsləndi: “Yerindən bir tərpən, heç bir günah sahibi olmayan adamları tutub içəri basırsan və bundan həzz alırsan, gözünün qabağında, qulağının dibində belə şeylər baş verir və cəmiyyət bundan narahatdır, heç elə bir sənin vecinə deyil, Cənab Baş prokuror”.
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə qeyd etdi ki, jurnalistlər artıq ev alıbdır, içində yaşayırlar: “Əlavə problem yaratmağa nə ehtiyac var? Sadəcə olaraq elə etmək lazımdır ki, bunlar olmasın. Ona görə, biz də vaxtilə demişik ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda islahatlar aparılmalıdır, orada hər şey şəffaf olmalıdır, neqativ hallara yol verilməli deyil, sui-istifadə halları aradan qaldırılmalıdır və biz bu gün də o fikirdəyik. Tamamilə əminəm ki, bu, dövlətin müvafiq qurumlarının diqqətindədir. Məncə, yaxın zamanlarda bunların araşdırmalarının konkret nəticələrini hər birimiz biləcəyik”.
Bəs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya ilə məşğul olan məmurları sadəcə işdən uzaqlaşdırmaqla ədalət təcəlli taparmı? Bu məmurlara qarşı hansı ölçü götürülməlidir?
F.Ağamalı sualımızı bu cür cavablandırdı: “Bu, mənə ünvanlanmış sual deyil. Sualınızın cavabını, zəhmət olmasa, hüquq-mühafizə orqanlarından öyrənin, mən siyasətçiyəm. Siyasətçi olaraq da mən siyasi və ictimai vəziyyətə vətəndaş və dövlətçilik baxımında da mövqeyimi ifadə eləmişəm. Ondan o tərəfə fikir yürütmək niyyətində deyiləm”.
Jurnalistlərə verilən mənzillərin taleyinə yenidən baxılmasını mürəkkəb məsələ hesab edən deputat Fazil Mustafa isə bildirdi ki, kimlər evlər alıbsa, bunun təzədən araşdırılması və hər hansı bir şəkildə ortaya çıxarılması mümkündür: “Amma bu, ciddi narazılıq yaradar. Çünki ən azı bunu alanlar jurnalistlərdir. O başqa məsələdir ki, kiminsə haqqı daha çoxdur, kiminsə haqqı azdır”.
F.Mustafa bildirdi ki, həmin evləri kimin aldığını hüquq-mühafizə orqanları araşdırmalıdır: “Mən bilmirəm, axı, kim alıb, kim almayıb. Əlbəttə, hər hansı bir hüquq pozuntusu və ya şikayət varsa, bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Bunun mexaniki qaydası budur. Şikayət yoxdursa, onda hər hansı bir şəkildə bunu araşdırmaq üçün ictimai təhqiqat qrupları, yaxud jurnalistlər ola bilər. Bunu ortaya qoyandan sonra məsələyə münasibət bildirmək olar”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: