Fevralın 9-da xalq səsverməsi ilə başa çatacaq parlament seçkiləri kampaniyasının ən söz-söhbətli, qalmaqallı dairəsi, demək olar ki, artıq məlumdur.
Sözsüz ki, sonrakı mərhələlərdə başqa seçki dairələrində də eskalasiya arta, müxtəlif namizədlər arasında münasibətlər və mübarizə gərginləşə bilər, ancaq heç şübhəsiz ki, 35 saylı Xətai üçüncü seçki dairəsi bu baxımdan xüsusilə fərqlənəcək. O səbəbdən ki, bu dairədə mandat uğrunda mübarizəyə qoşulmuş əsas rəqiblər keçmiş dostlardır və onlar arasında ilk toqquşma hələ “start xəttinə” yaxınlaşmamış - seçki sənədləri DSK-ya tədim olunan gün qeydə alınmışdı.
Bu toqquşma 100 metrlik sprinter qaçışında arbitrin əlindəki tapançadan atəş açılhaaçılda bir-birinə mane olan idmançıların hərəkətini xatırlatdı. Ancaq döyüşməyə hazır olan tərəflərin – İqbal Ağazadə və Rauf Arifoğlunun hər ikisinə, demək olar ki, eyni məsafədə dayanan sabiq Baş nazir (həm də sabiq deputat) Pənah Hüseynin vasitəçiliyi ilə onlar öz aralarında atəşkəs razılaşması əldə etdilər. Lakin bu, o demək deyil ki, həmin dairədə seçki kampaniyası, Milli Məclis mandatı uğrunda yarışma sona qədər sülh şəraitində davam edəcək. Əlbəttə, xüsusən də 20 günlük təşviqat mərhələsində keçmiş dostlar fürsət düşdükcə bir-birinin boşluqlarından istifadə etməyə çalışacaq, bir-birinə qarşı antitəbliğat tezisləri işlədəcəklər. Amma onlar bunu açıq şəkildə etməyəcəklər, ona görə ki, ortada razılaşma var.
Rauf Arifoğlu və İqbal Ağazadə vaxtilə eyni seçki blokunun rəhbərlərindən olublar və bu uğurda həbsxana həyatı yaşayıblar, kampaniyanın başlanğıcında onların arasında “atəşkəs sazişi” əldə etmiş Pənah Hüseynlə birlikdə. Düzdür, istintaqda bəzi xoşagəlməz məqamlar da olub, lakin sonradan yoldaşlar bu fraqmentin üstündən keçərək, onu "obyektiv səbəblər"in üstünə yıxa biliblər. Hətta həbsdən çıxandan sonra, kənardan müşahidə olunduğu, mediadan göründüyü epizodlara görə mühakimə yürüdəsi olsaq, deyə bilərik ki, bu ikilinin arasında dostluq münasibəti hökm sürüb. İqbal Ağazadə “Yeni Müsavat”ın səhifələrində gen-bol təbliğ olunurdu. Hətta o, partiyasının orqanı olaraq xüsusi qəzet nəşr etdirməkdənsə, özünün və partiyasının təbliğatını “Yeni Müsavat”da bir səhifə kirayələrək aparmağı məqsədəuyğun sayırdı.
2005-2015-ci illər arasında onların siyasi mövqeləri fərqliydi. Rauf Arifoğlu ölkənin aparıcı müxalifət blokunun rəhbərliyində təmsil olunurdu, İqbal Ağazadə isə həbsdən çıxdıqdan sonra gözlənilmədən Milli Məclis üzvü seçilmiş və keçmiş müxalifətçi dostlarına yaxın durmamışdı. Nominal olaraq o, özünü müxalif partiyanın rəhbəri sayırdı və müəyyən qədər belə görünürdü. Lakin İqbal Ağazadənin hakimiyyətin güclü qanadının himayəsi altında olduğu siyasi səhnədə olan heç kəs üçün sirr deyildi. Hamı bilirdi ki, İqbal Ağazadə 35 saylı seçki dairəsindən sabiq Milli Təhlükəsilik naziri Eldar Mahmudovun və MTN polkovniki İlqar Əliyevin himayəsi, hakimiyyətin inzibati resurslarının köməyi ilə mandat alıb.
Buna baxmayaraq, 2010-cu il seçkisində hakimiyyətin maneçiliyi nəticəsində mandat qazana bilməyən Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında münasibətlər yaxşıydı. Bu yaxınlıq, həm də ona görə manidar idi ki, İqbal Ağazadə Rauf Arifoğlunun üzvü olduğu Müsavat partiyasının rəhbərliyi ilə (İsa Qəmbər və Arif Hacılıyla) soyuq münasibətlərdəydi. Onlar onu, o da onları qəbul etmirdi, vaxtaşırı bir-birinin ünvanına tikanlı atmacalar atırdılar.
Lakin 2015-ci ildə Rauf Arifoğlu ilə İqbal Ağazadənin siyasi statusları, demək olar ki, bərabərləşdi. Artıq Müsavat partiyasından istefa vermis, iqtidar komandasıyla xeyli yaxınlaşmış R.Arifoğlu 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürmədi. Belə informasiyalar vardı ki, hakimiyyət dairələrindən ona seçkilərə qatılmağı məsləhət görməyib. 2010-cu ildə olduğu kimi, sərf edəcəyi enerjinin, vəsaitin boşuna gedəcəyi barədə mesaj yollayıblar və Arifoğlu 5 il öncəki vəziyyətdə qalmaq istəməyib. İqbal Ağazadə isə hakimiyyətdəki dayaqları yıxılmış olsa da (artıq Eldar Mahmudov vəzifəsindən götürülmüş, ev dustağı edilmişdi, onun tələbə yoldaşı olan İlqar Əliyev isə həbsxanada ölmüşdü-müəll.), yenidən seçkiyə qatıldı və əvvəlcə 35 saylı seçki dairəsində Araz Əlizadəyə, daha sonra isə Ağdaşda, 90 saylı seçki dairəsində Cavid Osmanova uduz(durul)du. Bütün bu uğursuz cəhdlər o demək idi ki, mövcud hakimiyyətdən üç dəfə MM üzvü mandatı almağa nail olmuş Ağazadənin “qələmi artıq qırılıb”.
Hazırda da Ağazadə üçün siyasi situasiya eynidir. Artıq İqbal Ağazadəni mövcud hakimiyyətə heç nə bağlamır. İndi o, açıq alınla “mən müxalifət partiyasının lideriyəm” deyə bilər. Lakin bu da bir gerçəklikdir ki, parlamentin tərkibinə düşmək üçün müxalifət partiyasının lideri olmaq nəinki kömək etmir, hətta daha çox mane olur. Hətta indi bəzi iddialar var ki, onu elə əvvəlki patronu Eldar Mahmudov radikallaşdırıb. Üstəlik, bir mühüm məqam da var: bu ikili daha əvvəlki kimi dost deyil. Bunu Arifoğlu açıq şəkildə yazır, Ağazadə isə təkzib etmir. Məlum olur ki, iki ildir onların arası dəyibmiş, "35 saylı toqquşma" olmasaydı, yəqin bu barədə geniş ictimaiyyət heç xəbər tutmayacaqdı...
Rauf Arifoğlunun durumu isə fərqlidir. O, hakim komandaya yaxınlaşmanın faydasını görməkdədir. “Yeni Müsavat”ın baş redaktorunun 2015-ci ildən fərqli olaraq, bu il öz namizədliyini irəli sürməsi artıq siyasi arenada olanlar üçün siqnal idi. Bu, o, demək idi ki, Arifoğlu bu dəfə seçki kampaniyasında hər hansı bir maneə ilə üzləşməyəcək. Namizədliyi irəli sürüldükdən bəri onun və rəhbərlik etdiyi komandanın hay-küylü, qızğın seçki kampaniyası aparması, bu zaman hər hansı bir administrativ maneədən şikayət etməməsi (əslində builki seçkinin ən əlamətdar cəhəti odur ki, əksər namizədlərə maneələr törədilməyib-müəll.) də göstərir ki, “saray dairələrində” Arifoğlunun mandat qazanması sanksiyalaşdırılıb.
Elədirsə, onun bu qədər ciddi-cəhdlə kampaniya aparmasının səbəbi nədir? Bir halda ki, administrativ resurslar bu dəfə ondan yana olacaq, onda R.Arifoğlu niyə bu qədər xərc və zəhmət çəkir?
İnformasiyalı mənbələrdən əldə etdiyimiz məlumata görə, o, rəqibi İqbal Ağazadənin ciddi müqavimət göstərəcəyini, öz məğlubiyyəti ilə barışmayacağını, hətta sonradan Avropa Məhkəməsinə müraciət edəcəyini bilir, odur ki, parlaq seçki kampaniyası apararaq, ətrafına çoxsaylı insan qrupları toplayaraq rəqibinə böyük səs çoxluğu ilə qalib gəlmək istəyir.
Bundan ötrü Arifoğlunun komandası Ağazadənin cəlb edə bilmədiyi seçici kütləsini hərəkətə gətirmək üçün müxtəlif taktikalar tətbiq etməyi düşünür. Ağazadə də ötən dəfəki seçkilərdə səslərini aldığı seçiciləri yenidən təmərküzləşdirməyə çalışır.
Lakin mandat aldığı illərdə Ağazadənin xeyrinə olan inzibati resurslar bu dəfə onun ziyanına olacaq. Xüsusən də 35 saylı seçki dairəsinin ərazisində yerləşən hərbi müəssisələrin şəxsi heyətinin mövqeyi faktoru onun əleyhinə işləyəcək. Əmrə müntəzir olan hərbçilər bu dəfə “qırılmış qələm” amilinə görə İqbal Ağazadəyə səs verməyəcəklər...
Bəs onlar Rauf Arifoğluna səs verəcəklərmi? Bu, tamamilə mümkündür. Belə olduqda isə Arifoğlunun verdiyi vədin (“Mən rəqiblərimə 5 min səs fərqi ilə qalib gələcəyəm”) həyata keçməsinə heç bir şübhə qalmayacaq.
Uzun sözün qısası, həqiqətən də 35 saylı seçki dairəsində 2020-ci il parlament seçkisinin ən maraqlı, ən gərgin yarışması olacaq.
Rasim ƏLİYEV
“AzPolitika”
Paylaş: