Xəbər lenti

 

AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov dünən saytımıza verdiyi açıqlamasında maraqlı fikir irəli sürmüşdü. O, İran dini lideri Xamaneininin ötən cümə namazı xütbəsində “İranın düşmənlərinin təyyarə qalmaqalını şişirtdiyi və məqsədin Qasim Süleymani sui-qəsdinin ikinci plana atılması olduğu” fikirlərini sərt etmişdi. Siyasətçinin fikrincə, bu, həm də dini liderin bu iki bədbəxt hadisəyə baxışını təcəssüm etdirir və Xamanei müqayisədə üstünlüyü Qasim Süleymaniyə verir, faktiki 1 nəfəri 176 nəfərdən daha dəyərli sayır.

 AMİP yetkilisi bu yanaşmanı ayətullah adı daşıyan bir dini liderə yaraşdırmayaraq demişdi: “Xamanei bir hərbçi olsaydı, Qasim Süleymanini bütün dünyanın insanlarından üstün tutmasına normal baxmaq olardı. Necə ki, bir dülgər də hər gün bir yerdə işlədikləri həmkarını bəlkə hamıdan şəxsiyyətli, dəyərli insan kimi görür və görmək hüququna malikdir. Amma söhbət ən yüksək səviyəli dini xadimdən gedirsə, onun ölçü meyarı yalnız və yalnız İslami dəyərlər, ehkamlar, hədislər ola bilər. İslami ehkamlarda isə bir insanın digərindən üstünlüyü ancaq və ancaq təqva ilə ölçülür. Kimin daha təqvalı olduğuna isə yalnız Allah qərar verə bilər”.

Təbii ki, Rəşad Bayramov din xadimi yox, siyasətçidir. Əlbəttə, onun məsələyə yanaşması da siyasi ola bilər. Bəs görəsən, ilahiyyatçılar onun qaldırdığı məsələyə necə baxırlar? İslam dinində hər hansı bir insanın həyatı 176 insanın həyatından üstün tutula bilərmi?

 

Elşad Miri: “Allah necə ola bilər ki, 1 insanı 176 insanla müqayisə etsin?!”

 

 Ovqat.com-un sualını cavablandıran ilahiyyatçı alim Elşad Miri dedi ki, Qurani-Kərimdə Maidə surəsi var: “Həmin surəsində Allah buyurur ki, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Biri insanı xilas etmək  isə bütün bəşəriyyəti xilas etmək kimidir. Yəni Allah bir insana belə, çox böyük dəyər verir. Hətta yaratdığı digər canlılara belə dəyər verən Allah necə ola bilər ki, 1 insanı 176 insanla müqayisə etsin?! Yəni bu, təbiətcə yanlış bir şeydir. Buna heç kim haqq qazandıra bilməz. O  vaxtı yadınızdadırsa, Norveçdə 74 nəfəri qətlə yetirən terrorist kimi bu məsələdə də birmənalı  şəkildə yanaşmaq mümkün deyil. Çünki neçə nəfər olmağından asılı olmayaraq hər bir insan bir dünyadır, həyatdır, canlıdır. Ona görə, bu məsələnin deyilişi tamamilə yanlışdır. Bu, İranın öz siyasətini göstərir. Bunun dinlə hər hansı bir əlaqəsini tapmaq mümkün deyil”.

 

Hacı Akif Heydərli: “Xamanei bunu nəzərdə tutmayıb”

 

 İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli isə fərqli fikirdədir. Onun fikrincə, dini rəhbərin dediyi fikirdə  məntiqlə 176 nəfərin həyatının kimdənsə artıq olması və yaxud da Qaşım Süleymaninin kimdənsə yüksəkdə dayanmasından bəhs edilmir: “Xamneyinin çıxışında məntiq etibarilə qətiyyən bu məqsəd güdülmür. Sadəcə düşmən tərəfin bundan su-istifadə etməsindən söhbət gedir. Məsələ onda deyil ki, 176 nəfər həlak olub, bəyəm, Qasım Süleymaninin dəfnində özünü fəda edən insanlar azdırmı? 80 nəfərə yaxın həlak oldu, 200 nəfərə yaxın yaralı var, bəyəm, onlar insan deyildilərmi?

Yeri gəlmişkən, Qaşım Süleymani nəinki 176 nəfərin, 80, 1000 nəfərin, bəlkə də milyonların canını Amerika bombalarından qurtarmışdı. Buna diqqət etmək lazımdır. Qasım Süleymaninin hərbi fəaliyyətinə, düşmənə, qəsbkarlara qarşı mübarizəsinə diqqət etmək lazımdır. Söhbət həmin hadisələrdən insanların canını qurtaran Qasım Süleymanidən gedir”.

 Hacı Akif Heydərlinin fikrincə, həqiqətən də Qasım Süleymani məsələsini nəinki ikinci plana atmağa, unutdurmağa çalışırlar: “Hətta gələcəkdə ola bilsin Amerika Birləşmiş Ştatları tərəfindən təyyarənin vurulmasının səbəbkar kimi Qasim Süleymani göstərilsin. Mən onu da gözləyirəm. Ona görə diqqət etmək, hər şeyə  həssaslıqla yanaşmaq lazımdır. İstər dini rəhbərin, istərsə də Amerika Birləşmiş Ştatlarının çıxışlarına qərəzsiz yanaşmaq lazımdır. Burada qərəzlə yanaşsan, əlbəttə ki, hər bir nitqdə nəzərdə tutduğun məqsədi çıxara bilərsən.  Qəsbkarların niyyətini bilmək çox vacibdir. Yaxın və Orta Şərqdə Amerika Birləşmiş Ştatlarının, İsrailin törətdiklərini qətiyyən nəzərdən qaçırmaq olmaz. Qasım Süleymanin hərbi nəticələrini tarix özü sübut edəcək, hərbi salnamələr heç vaxt unudulmur”.

 Şamo EMİN,

Ovqat com




Ana səhifəyə qayıt        Baxış: 4 806          Tarix: 19-01-2020, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma