Xəbər lenti

  

AZAL İrana bütün uçuşları dayandırmalıdır”.

AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov Ovqat.com-a açıqlamasında bu tələblə çıxış edib.

Onun fikrincə, Xamaneinin dünən Tehranda cümə xütbəsində dilə gətirdiyi fikirlərini oxuyarkən bu qənaətə gəlib: “Həmin xütbəsində dini lider Ukrayna təyyarəsinin vurulmasının bəzi qüvvələr tərəfindən şişirdilməsini bildirərək, bunu məkrli niyyətlə açıqlayıb. Guya, məqsəd iranlı general Qasim Süleymaninin öldürülməsini ikinci plana atılmasına nail olmaqdır”.

 

Bu fikirləri ilə Xamaneinin Qasim Süleymanini və silahdaşlarını təyyarə cinayətində həyatını itirənlərdən daha üstün tutduğunu bildirən partiya yetkilisinə görə, belə bir mülahizənin dini və siyasi liderin səsləndirməsi böyük qəbahətdir və İslami dəyərlərlə bir araya sığmır: “Dini liderin məntiqindən belə çıxır ki, SEPAH-ın sərnişin təyyarəsində günahsız insanları öldürməsi ikinci dərəcəli məsələdir. Əsl birinci dərəcəli məsələ isə ABŞ həbçilərinin bir neçə İran hərbçisini öldürməsidir. Doğrusu, burdakı məntiqi anlamaq mümkün deyil. Axı məntiq və hərb qanunları ilə bir hərbçini öldürmək yeri gələndə cinayət sayılmır. Amma heç bir günah olmayan mülki vətəndaşın canına qıymaq isə istər beynəlxalq hüquqa, istərsə də İslam şəriətinə görə ən böyük cinayətdir. İslamın müqəddəs kitabı Qurani-Kərimin bu barədə çox aydın mövqeyi var. Qurana görə, bir günahsız insanı qətlə yetirmək bütün bəşəriyyəti öldürməyə bərabərdir. Məlum təyyarə insidentində isə bir yox, 176 sərnişin öldürülüb. Müqəddəs kitabımızın məntiqiylə belə çıxır ki, bütün bəşəriyyət 176 dəfə öldürülüb, dirildilib və yenidən öldürülüb.”

 

Təyyarə hadisəsində öldürülənlərin say etibarilə də Qasim Süleymani sui-qəsdində öldürüləndən dəfələrlə çox olduğunu xatırladan həmsöhbətimiz hansı məntiqlə Xamanei kimi ayətullah ünvanı daşıyan bir adamın bu cür düşündüyünü anlamaqda çətinlik çəkir: “Hər bir insanın öz məsləkinə, peşəsinə görə hansısa insana digərindən daha çox dəyər verməsi başadüşüləndir. Deyək ki, Xamanei bir hərbçi olsaydı, Qasim Süleymanini bütün dünyanın insanlarından üstün tutmasına normal baxmaq olardı. Necə ki, bir dülgər də hər gün bir yerdə işlədikləri həmkarını bəlkə hamıdan şəxsiyyətli, dəyərli insan kimi görür və görmək hüququna malikdir. Amma söhbət ən yüksək səviyəli dini xadimdən gedirsə, onun ölçü meyarı yalnız və yalnız İslami dəyərlər, ehkamlar, hədislər ola bilər. İslami ehkamlarda isə bir insanın digərindən üstünlüyü ancaq və ancaq təqva ilə ölçülür. Kimin daha təqvalı olduğuna isə yalnız Allah qərar verə bilər”.

Bu baxımdan Xamaneinin dünənki mülahizələrini yalnız iki ehtimalla əsaslandıran Rəşad Bayramovun fikrincə, bunlardan biri ya onun ümumiyyətlə İslamdan xəbərsiz olmasıdır ki, bu, mümkün deyil, ya da bilərkən də məsələlərə dini ehkamlar aspektindən baxmaması, tərəfkeşlik etməsidir: “Hər iki hal isə dini liderlik vəsfinə uyğun gəlmir”.

 

İranın faktiki siyasi rəhbəri olan Xamaneinin hadisəyə bu cür təhlükəli düşüncəylə yanaşmasını özü də bilmədən rəsmi Tehranın təyyarəni vurarkən hansı məqsədi güddüyünün etirafı kimi qiymətləndirən Bayramov deyib: “Xamanei deyib ki, təyyarənin vurulması Qasim Süleymaninin qətlini ikinci plana atmaq məqsədi daşıyır. Farslar demişkən, xeyli xub. Amma kim tərəfindən? Axı təyyarəni vuran ABŞ və ya Fransa deyil, İrandır. Belə çıxır ki, İran Qasim Süleymaninin öldürülməsini unutdurmaq, ikinci, plana salmaq üçün qəsdən bu addımı atıb. Əks halda sərnişin təyyarəsini vurub qarşı tərəfə bu cür əsas vermək nəyə lazım idi?”.

Bayramov vurğulayıb ki, İran tərəfi Ukraynaya məxsus təyyarəni səhvən vurduğunu açıqlasa da, bu, inandırıcı deyil: “Guya təyyarəni raketlə qarışdıraraq vurublar. ABŞ və Kanada kəşfiyyat orqanlarının yaydığı görüntülər isə bu iddiaları tamamilə çürüdür. Bu yaxınlarda deyəsən elə sizin saytda seyr etdiyim görüntülərdən aydın olur ki, təyyarə bir yox, iki raket zərbəsilə düşürülüb. Raketlərdən biri dəyərkən təyyarənin hələ salamat olduğu görünürdü. Üzərindən 30 saniyə keçəndən sonra ikinci raket atılır və təyyarə məhz ikinci zərbədən sonra alovlanmağa başlayır. Üstəlik, təyyarə ilə onu vuran hərbi baza arasında məsafə də xeyli qısa imiş – hardasa 13 km. Adi gözlə görünən bu məsafədəki obyektin nə olduğunu İranın havadan müdafiə sistemlərinin ayrıd edə bilməməsi qətiyyən inandırıcı görünmür.

Digər tərəfdən, 13 km məsafəni raket dərhal sıradan çıxara bilərdi. İran hərbçiləri ən azı hələ də sağ qaldıqlarına görə, həmin obyektin aşağı sürətlə uçan təyyarə olduğunu müəyyənləşdirməliydilər. Başqa sözlə desək, Ukrayna təyyarəsinin ABŞ raketi olmamasını müəyyənləşdirmək üçün əslində texnikaya belə ehtiyac yox idi. Hər şeyin bu qədər aydın olduğu bir şəraitdə İranın qalxıb bir də “bu məsələni şirşirtməyin” deməsi absurddur”.

  

Xamaneinin məntiqindən çıxış edən R.Bayramov hesab edir ki, İran həqiqətən də təyyarəni vurarkən Qasim Süleymani qalmaqalını ikinci plana atmaq məqsədi güdə bilər: “Çünki Qasim Süleymaninin qisasını alacağını rəsmən bəyan etmişdilər. İran xalqı da rəsmilərindən əməli addımlar gözləyirdi. Bu addımlar isə ABŞ-la müharibəyə başlamaq demək idi. Həmin gün ABŞ-ın boşaldılmış hərbi bazalarına bir neçə raket belə atmışdı. Tehranın özü etiraf edir ki, bu raketləri atarkən ABŞ-a maksimum dərəcədə canlı və hərbi-texniki itki verdirməməyi  qarşılarına məqsəd qoyub. Deməli, həmin hücumlar da “xalam, xətrin qalmasın” niyyəti daşıyıb. Həm İran xalqının arzularını yerinə yetirmək və öz dövlət imicini qorumaq, həm də ABŞ-ı çox qıcıqlandırmamaq istəyib. Belə vəziyyətdə ən yaxşı yol başqa ciddi insident törədib fikirləri o istiqamətə çəkməkdir”.

 

Partiya yetkilsinin fikrincə, bu şərtlər daxilində Ukrayna təyyarəsinin seçilməsi də başadüşüləndir: “İngiltərə, Rusiya, Fransa kimi güclü dövlətlərin təyyarəsi vurulsaydı, İran bu təxribatın altından çətin qalxa bilərdi. Ən uyğun variant isə bədbəxt, heç kim tərəfindən müdafiə olunmayan, yeri gələndə Rusiyanın belə gözümçıxdıya saldığı Ukraynanı yaralamaqdı. Nədən ki, başı Rusiya ilə gərginliyə qarışan Kiev İranı da öz qarşısına almaq istəməzdi. Görünür, Ukrayna İranın gözünə daha kiçik yem kimi görünüb və bu üzdən qurbanlıq kimi onu seçib”.

İrana daha təhlükəsiz qurbanlar lazım olduğu bir zamanda AZAL-ı hələ də bu ölkəyə uçuşları dayandırmadığına görə qınayan AMİP yetkilisi bizim Hava Yolları şirkətini də insana dəyər verməməkdə Xamaneidən geri qalmadığını düşünür: “Görünür, AZAL rəsmilərinin gözünü pul elə örtüb ki, Azərbaycan vətəndaşlarını SEPAH-ın “can smitinə” çevirməkdən belə çəkinmirlər”.




Ana səhifəyə qayıt        Baxış: 4 579          Tarix: 18-01-2020, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma