Xəbər lenti

  

Tarix boyu hegemon millətlər əsarət altına aldıqları xalqlar üçün qondarma bayramlar düzəldib, əksər hallarda hətta onların fəlakətləri ilə nəticələnən işğal günlərini belə, şənliyə çevirib müstəmləkələrinə zorla qeyd etdirib, əl çaldırıb oynadıb. Vaxtilə sovet imperiyasının işğal günlərimizi bizə qurtuluş bayramı olaraq sırıdığı kimi...

Dərd burasındadır ki, cənub qonşumuz da bizim üçün yeni bayram icad edib. Adına “Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü” qoyduqları bu bayramı ilk dəfə ötən cümə Ərdəbil imam-cüməsi, ayətullah Seyid Həsən Ameli öz xütbəsində irəli sürüb. Onun fikrincə, azərbaycanlılar 19 yanvar 1990-ci il tarixində Cəlilabaddan Naxçıvana qədər sərhədlərə düzülüb, “Allahü Əkbər” sədaları altında Cənubi Azərbaycana keçiblər. Bu aksiyanı həyata keçirənlərin məqsədi isə Azərbaycan xalqının tarixi dövləti İrana birləşmək olub.

 

Amelinin bu “nəzəriyyəsindən” ilham alan İranın azərbaycanlı legionerləri isə dərhal öz mətbu orqanlarında yeni ideyanı yayıblar. 19 yanvarı “Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd etməsi təklifini irəli sürən Arannews.com saytı yazır: “19 yanvar günü Azərbaycanın zəkalı və ayıq xalqının yetmiş illik kommunizm sindromunu sındıraraq özlərinin İslam və İrana sevgilərini nümayiş etdirdikləri gündür. Bir xalqın 70 il anti-din və anti-İran təbliğatından sonra öz kimliyini qoruması, tarixi vətənini unutmaması olduqca böyük və dəyərli işdir və unudulmamalıdır. Ruslar bu xalqa İranı və İslamı unutdurmaq üçün çox böyük xərclər çəkmişdilər. Ancaq onların bu proqramı Azərbaycanın müsəlman xalqının qəlbində İslam və İrana məhəbbətə çevrilmişdi.

 

SSRİ hökuməti azərilər üçün saxta tarix yazmışdı. Azərbaycanın sabiq prezidenti (Heydər Əliyev) deyirdi ki, bizim millətimizin tarixini ruslar yazmışdır. Mən də onun əksini desəm, xalq inanmaz. Ruslar yeni kimlik formalaşdırmaq və hər şeyi unutdurmaq üçün ərəb əlifbasını da dəyişdilər. Amma azərilər 19 yanvarda bütün bu məkirli siyasətləri tarixin zibil qutusuna tulladılar və əməlləri ilə sübut etdilər ki, qiyamət gününə kimi heç bir kəs onları İslamdan və tarixi vətənlərindən ayıra bilməz. Bu gün İranın, İslamın və Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi əbədi olaraq qalacaq. Biz bu səbəbdən 19 yanvarı dünyanın müsəlman azəriləri və azəri nəslinin kimliyinə qayıtdığı gün kimi elan etmək qərarına gəldik”.

İran ideoloqları SSRİ-nin saxta tarix yaradıcılığında ittiham etdikləri halda, özlərinin də eyni addımı atması təəccüb doğurur. Ən acınacaqlısı isə budur ki, həmin saxta tarix yaradıcılığına əslən Azərbaycan türkü olan ayətullah Seyid Həsən Amili imza atır. Bu isə nə onun türklüyünə, nə də ki, ayətullahlığına yaraşır. Zira islam-şiə teologiyasında ən yüksək dini titul sayılan ayətullah gərək ilk növbədə yalan danışmaya. Amili həzrətlərinin dilə gətirdiyi “həqiqətlər” isə cəfəngiyyatdan başqa bir şey deyil. Nədən ki, Azərbaycanın cənub və şimalı arasındakı sərhədlər, əvvəla, onun bəhs etdiyi tarixdə sökülməyib. Sərhədlər  o tarixdən düz 19 gün əvvəl Naxçıvandan başlayaraq sökülə-sökülə 7 yanvarda Cəlilabada qədər gəlib çıxıb. Həmin tarixi günün iştirakçılarının böyük hissəsi hələ də həyatdadır. Gözlərmizə baxa-baxa bir tarixin bu qədər saxtalaşdırılması xoş niyyətdən xəbər vermir.

İkincisi, sərhəd hərəkatı dövründə səsləndirilən şüarlar da cənab Amilinin dediyi kimi, İrana birləşmək və ya dini-siyasi hakimiyyət qurmaq ideyaları daşımayıb. Əksinə, o tədbirlərə qatılanların böyük qisminin qəlbində Cənubi Azərbaycanın Şimalla birləşməsi olub ki, bu da nəticə etibarilə İranın parçalanmasının arzulanması demək idi.

 

Üçüncüsü, Amili həzrətlərinin qeyd etdiyi 19 yanvar və o ərəfədə müşahidə edilən “islami hərəkətlər” Azərbaycan xalqının deyil, Rusiya KQB-sinin təşviqiylə həyata keçirilirdı, məqsəd isə bir gün sonra baş verəcək qırğınlara haqq qazandırmaq cəhdi idi. Necə ki, həmin ərəfədə təkcə sərhəd bölgələrimizdə deyil, müxtəlif şəhərlərdə də, o cümlədən Bakıda sovet qoşunlarının Azərbaycana girməsini “şərtləndirən” bəzi xoşagəlməz hadisələr baş verirdi. Bənzər proseslərin sərhəd bölgələrində yaşanması da təsadüfi deyildi.

Həmin illərdə Cəlilabadda prokuror vəzifəsini icra edən Ələmdar Məmmədovun bu yaxınlarda saytımızda dərc olunan “20 Yanvara gedən yol” məqaləsində bildirildiyinə görə, Rusiya tərəfindən hazırlanmış təxribatların qarşısını Azərbaycan hökumət orqanları zorla ala bilirdilər.

Müəllif yazır:

“Belə bir zamanda mühüm əhəmiyyətə malik məlumat aldım. Məlum oldu ki, Göytəpədəki hərbi hissələrdən birini komplektləşdirərək orada 300 yeni əsgər yerləşdiriblər. Onlardan 170-i azərbaycanlı, 130-u isə erməni idi. Hər əsgərin əlinə də bir “Kalaşnikov” avtomatı verilmişdi. Ermənilərdən ikisi İran sərhəddini keçmək istəyəndə yaxalanmışdı. Erməni və azərbaycanlı əsgərləri silahlandırıb bir hərbi hissəyə yığmaqla böyük bir təxribat hazırlandığını hiss etməmək mümkün deyildi. Mən bu təhlükəni hiss edən kimi, dərhal Lənkəran Qarnizon Hərbi Prokuroruna və Tbilisidə yerləşən Zaqafqaziya Dairəsinin Hərbi Prokuroruna təcili teleqram vurdum, baş verə biləcək təhlükə barədə onları xəbərdar etdim.

 

Bir gün sonra rayon partiya komitəsinin birinci katibi Eybalı Ağayev məni yanına çağırıb dedi ki, sənin teleqramlarınla əlaqədar MK-dan zəng etmişdilər. Bunu özbaşınalıq kimi qiymətləndirirlər. Vəziyyəti ona başa salmağa çalışdım, əsgərlər arasında böyük bir silahlı qırğın hazırlandığını bildirdim. Xahiş etdim ki, o da səlahiyyətindən istifadə edib yuxarı təşkilatlara rayondakı vəziyyət barədə məlumat versin. Görünür, mənim göndərdiyim teleqramın xeyri oldu. Bir  gündən sonra bütün əsgərlər həmin hərbi hissədən  köçürüldülər.     

Az sonra növbəti təxribatla üzləşdik. Məlumat aldım ki, Göytəpədə yaşayan 18 erməni ailəsini köçürmək üçün mitinq təşkil olunub...

Sumqayıtda, Bakıda süni etnik təmizləmə ssnerilərinə start verərək Azərbaycan xalqının milli azadlıq hərəkatına kölgə salmaq istəyən rus imperiyasının təxribatlarından biri də öz müstəqilliklərini istəyən, yüzillərlə ayrı düşmüş bir ulusu birləşdirmək uğrunda hər cür fədakarlığı gözə alan ölkəmizin milli davasına islam fundamentalizmi damğası vurmaq idi. Zaman-zaman Bakı mitinqlərində də bəzi qüvvələr tərəfindən səsləndirilən İslami şüarların 20 yanvardan əvvəl Cəlilabadda dilə gətirilməsi bu baxımdan təsadüfi deyildi. Məqsəd bu gün İranın bizə təlqin etmək istədiyi cəfəngiyyatlara zəmin hazırlamaq və bir gün sonra Bakıda yaşanacaq yanvar qırğınlarının hüquqi bəhanəsini yaratmaq idi. İndisə eyni kartdan İran bizim milli dəyərlərimizə qarşı istifadə etməyə çalışır. Həm də rus KQB-sinin 20 Yanvar vəhşiliyinə haqq qazandırmaq niyyətilə qurduğu təxribat planına “Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü” adını verməklə.

 

Ayətullah Amilinin və onun müridlərinin haqqında bəhs etdikləri hadisələr barədə o dövrdə Cəlilabad prokuroru işləmiş Ələmdar Məmmədovun qələmə aldığı “Sərhəd Olayları” sərlövhəli yazısını sabahkı buraxılışımızda dərc edəcəyik. Hələlik isə İran dini liderinin Ərdəbil nümayəndəsi və imam-cüməsi cənab Amiliyə İslam dinində yalanın yeri barədə bir neçə ehkamı xatırlatmaq istərdik:

 

Qurani-Kərim:

"Yalanı yalnız Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar"("Nəhl" ayə 105)

 

İmam Sadiq (ə) buyurur:

 

"İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin".

 

İmam Baqir (ə) buyurur:

«Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir»(«Üsuli-kafi,» 2-ci cild, səh. 254.).

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 377          Tarix: 19-01-2020, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma