Xəbər lenti

 

Şahmar Hacıyev,

BMTM-in aparıcı mütəxəssisi

 

 

Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kub metr təbii qaz nəql etmək məqsədi ilə “EastMed” sualtı boru kəmərinin inşasına dair müqavilə imzalaması qlobal qaz enerji bazarları üçün vacib hadisədir. Qaz boru kəmərinə dair son investisiya qərarının 2022-ci ilə qədər əldə olunması planlaşdırılır və layihənin yekunlaşdırılması isə 2025-ci ilə qədər hədəflənir.

Bu təbii qaz kəmərinin əsas məqsədi Aralıq dənizinin zəngin qaz ehtiyatlarını Avropaya çatdırmaqdır. Xatırlatmaq lazımdır ki, Aİ də Kipr-Yunanıstan-İsrail enerji əməkdaşlığının inkişafında maraqlıdır. Bu mənada, keçən il Avropa dövlətləri və İsrail arasında təqribi dəyəri 6-7 milyard dollar olan “EastMed” qaz kəmərinin inşasına dair razılıq əldə olunmuşdur. Layihəyə əsasən, Aralıq dənizindən çıxarılacaq təbii qaz İsrail və Kipr sularından Yunanıstanın Krit adasına və oradan da Yunanıstan və İtaliyaya vasitəsi ilə Avropanın qaz infrastrukturuna birləşdiriləcək.

 

İsrailin maraqları

Layihənin əsas maraq tərəfini İsrail hesab etmək olar, çünki İsrail Aralıq dənizində yerləşən Tamar və Leviatan qaz yataqlarından Avropaya qaz ixrac etməklə həm regionda önəmli enerji oyunçusuna çevriləcək, həm də böyük iqtisadi mənfəət əldə edəcək. Bu qaz kəməri İsrailin Avropa dövlətləri ilə əlaqəsinin daha da inkişaf etməsinə tövhə verəcək və Yaxın Şərqdə geosiyasi mənzərəni dəyişdirə biləcək amil ola bilər. Belə ki, İsrail-Misir enerji əməkdaşlığı Misirin Aralıq dənizindəki zəngin Zohr qaz yatağından təbii qazın İsrail vasitəsi ilə Avropaya çatdırılmasını mümkün edəcəkdir. Misir, Yunanıstan və Kipr artıq sərhədlərlə bağlı razılığa gəliblər. Öz növbəsində, Kipr və Yunanıstan layihəni əsasən siyasi tərəfdən dəstəkləyirlər. Çünki, Kiprin bu layihədə iştirakı həm İsrail Kipr əməkdaşlığını daha da gücləndirəcək, həm də Kiprin regionda enerji oyunçusu və Avropanın enerji təhlükəsizliyinə tövhə verən dövlət kimi, onu irəli çəkəcəkdir.

Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Bilindiyi kimi, rəsmi Ankaranın Aralıq dənizində böyük maraqları var. Artıq Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlamışdır. Rəsmi Ankara bu layihəyə qarşıdır və Liviyanın Milli Barışıq Hökuməti ilə imzalanmış "Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına” dair razılaşma Türkiyənin Şərqi Aralıq dənizində enerji mənbələri uğrunda gedən geosiyasi mübarizədə atdığı vacib addımdır. Bununla tərəflər Şərqi Aralıq dənizində aralarında mövcud olan dəniz sərhədini xüsusi iqtisadi zona olaraq müəyyənləşdirmişlər. Bu mənada, Yunanıstan, Kipr, İsrail və Misir bu cür razılaşmaya qarşı çıxmışlar.

 

Türkiyənin iddiası

Türk tərəfi hər zaman iddia edir ki, Aralıq dənizindən Avropa enerji bazarına təbii qazın nəqlinin ən sərfəli marşrutu Türkiyə üzərindəndir. Bundan əlavə də artıq “Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP qaz kəməri başa çatıb və TAP qaz kəməri də yekunlaşmaqdadır. Şimali Kipr Respublikası da bu layihənin Türkiyə və Şimali Kiprin iştirakı olmadan həyata keçirilməsinin yalnız stabilliyə və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini bildirir.

Vurğulamaq lazımdır ki, “EastMed” qaz kəmərinin marşrutu Türkiyə və Liviyanın Milli Barışıq Hökumətinin imzaladığı sənədə əsasən, iki ölkənin iqtisadi zonasından da keçir və bu da gələcəkdə layihəyə dair mübahisələrin və qarşıdurmanın yarana biləcəyinin siqnalıdır.

  

Kipr-Yunanıstan-İsrail ittifaqı

 

Göründüyü kimi, Türkiyənin Aralıq dənizində artan gücü Yunanıstan və Kipri narahat etməyə bilməzdi. Buna qarşı isə ən effektiv addım Kipr-Yunanıstan-İsrail ittifaqının qurulması idi. Kipr və Yunanıstan Aralıq dənizində güclü dövlət olan İsrailin dəstəyini almaqla həm Avropanın, həm də Amerikanın da dəstəyinə sahib çıxır. Yuxarıda qeyd olunduğu kimi, İsrail də bu əməkdaşlıqdan öz payını alır.

İqtisadi əhəmiyyəti

Tərəflər bu razılaşmanı çox mühüm hadisə hesab edirlər, lakin layihə ilə bağlı bir çox suallar mövcuddur. Adı çəkilən layihə olduqca bahalıdır və demək olar ki, ən uzun sualtı qaz kəməridir. Bunu nəzərə alaraq, layihənin həm maliyyə, həm də texniki dəyərləndirilməsi olduqca əhəmiyyətlidir.

Digər vacib məsələ isə son məntəqədə təbii qaz qiymətinin necə olmasıdır. Bildiyimiz kimi, artıq Avropa öz qaz mənbələrini və marşrutlarını diversifikasiya edir. Ümumiyyətlə, Avropa enerji bazarında LNG payının artması qitənin əsas təbii qaz tədarükçüsü olan Rusiyanın bazar payının azalması ilə müşahidə olunub. Son zamanlarda isə ABŞ-ın Avropanın enerji bazarında payının artması daha da aktuallaşıb. Avropada LNG tədarükünün artması əsasən ABŞ-ın artan LNG istehsalı və Avropa ölkələrinə idxalın artımı ilə bağlıdır.

Görünən odur ki, Aİ həm qaz tədarükü marşrutlarının, həm də təbii qaz tədarükünün diversifikasiyasında olduqca maraqlıdır.

 

Türk axını” (TurkStream) təbii qaz kəməri

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Türk axını” təbii qaz boru kəmərinin İstanbul şəhərində rəsmi açılışı hər iki tərəf üçün uğurdur. 930 km uzunluğunda və Qara Dənizin dibi ilə çəkilən illik həcmi 31.5 milyard kub metr olan “Türk axını” qaz boru kəməri Rusiya qazının Avropa qaz bazarına çatdırılmasında vacib rol oynayacaq. Adı çəkilən qaz kəməri Rusiyanın zəngin qaz ehtiyatlarını Türkiyənin təbii qaz nəqliyyatı şəbəkəsinə bağlayır və bu ölkə vasitəsilə Avropa üçün dayanıqlı enerji təchizatının yaradılmasını stimullaşdırır. Bu layihə vasitəsi ilə Türkiyə həm tələbatını ödəyir, həm də tranzit ölkəyə çevrilir.

 Qeyd etmək lazımdır ki, “Türk axını” layihəsi dayandırılmış “Cənub axını” qaz kəməri layihəsini əvəz etmişdir. İki boru kəmərindən ibarət “Türk axını” layihəsi ilkin mərhələdə Türkiyə enerji bazarına ildə 15,75 milyard kubmetr qaz artıq nəql edəcəkdir. İkinci mərhələdə isə 2020-ci ilin sonundan başlayaraq eyni həcmdə təbii qazı Avropa ölkələrinə nəql edəcək.

 

Nəzərə alsaq ki, Türkiyə Rusiya qazının ikinci ən böyük alıcısıdır və idxaldan çox asılıdır, istənilən təbii qaz layihələrinin Türkiyə daxili bazarı üçün vacibliyi başadüşüləndir. Misal olaraq, 2018-ci ildə Türkiyə Rusiyadan 23.96 milyard kubmetr təbii qaz ixrac etmişdir və bu göstərici ilə Almaniyadan sonra ikinci ən iri təbii qaz idxalçısı olmuşdur. Bu mənada, ölkə istehlak etdiyi təbii qazın təxminən 99%-i idxal edir. Türkiyə əsasən təbii qazı boru kəmərləri ilə Rusiya, İran və Azərbaycandan alır. 2019-cu ilin 1-ci yarısında Türkiyənin Rusiyadan təbii qaz idxalı illik müqayisədə 36% azalaraq 8.1 milyard kubmetr təşkil etmişdir və bu da Rusiya qazından ümumi asılılığın 49%-dan 35% düşməsi ilə nəticələnmisdir.

Alternativ qaz mənbəyi - LNG

Digər əsas təbii qaz mənbəyi isə LNG olmuşdur. Son zamanlar Türkiyə LNG idxalına da çox üstünlük verməyə başlamışdır. Belə ki, LNG idxalı ölkənin ümumi təbii qaz idxalının vacib bir hissəsidir və bu göstərici 2019-cu ilin birinci yarısında təqribən 7.14 milyard kubmetr olmuşdur.

Türkiyə təbii qaz bazarına LNG tədarük edən ölkələr əsasən Qətər, Əlcəzair, Nigeriya və ABŞ-dır. Məsələn, 2019-cu ilin yanvar ayında Türkiyə ABŞ-dan 460 milyon kubmetr, Əlcəzairdən 698 milyon kubmetr və Nigeriyadan isə 478 milyon kubmetr LNG idxal etmişdir. Bu göstərici ilə LNG yanvar ayında ölkənin təbii qaza olan tələbatın təqribən 40%-ni qarşılamışdı. LNG tədarükünün artması əsasən qiymətlərin aşağı düşməsi, Asiya enerji bazarlarında tələbatın azalması və ABŞ-ın artan LNG istehsalı və Avropaya idxalın artımı ilə bağlıdır. Ölkə üçün qaz mənbələrinin şaxələndirilməsi hal-hazırda aktual məsələyə çevrilmişdir.

 

Aİ-nin edə bilmədiyini Türkiyə reallaşdırdı

Ümumiyyətlə, son zamanlar Türkiyə iri enerji layihələrinin həyata keçməsində vacib rol oynamağa başlamışdır. Bu yaxınlarda “Cənubi Qaz Dəhlizinin” seqmentlərindən biri olan TANAP qaz boru kəmərinin açılışına da ev sahibliyi etmişdir. Rusiya-Türkiyə enerji əməkdaşlığı Türkiyənin regional enerji tranzit mərkəzi -“hub” kimi mövqeyini gücləndirir. Türkiyə-Rusiya arasında enerji sahəsində əməkdaşlıq geo-siyasi cəhətdən Moskva üçün çox əlverişlidir. Çünki, Aİ və ABŞ sərt mövqeyi nəticəsində reallaşdıra bilmədiyi layihəni rəsmi Moskva Türkiyə vasitəsi ilə həyata keçirir.

Rusiya Türkiyəyə qazı Avropadan baha satır

Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə-Rusiya enerji əlaqələrində əsas məsələ təbii qazın qiymətidir. Bu mənada, yeni enerji layihəsinə uyğun olaraq həm Rusiya qazının ikinci ən iri idxalçısı, həm də tranzit ölkə kimi Türkiyə endirimli qiymətin hansı səviyyədə olacağı ilə daha çox ilgilənir. Məsələn, 2018 –ci ildə Avropa bazarına Rusiya qazının orta qiyməti min kubmetr üçün təxminən 240 dollar təşkil etmişdir. 2019- cu ilin 3-cü yarısında isə qiymət 170 dollara qədər yenmişdir. Türkiyə bazarı üçün isə təbii qaz qiyməti Avropa qiymətindən baha olmuşdur.

 

Görünən odur ki, rəsmi Moskva Türkiyə üçün hələ də endirim etmək niyyətində deyil. Demək olar ki, son zamanlar təməli qoyulan və həyata keçirilən enerji layihələri əsasən Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli tövhə verir. Bu mənada “Türk axını” Rusiya qazını həm Türkiyənin daxili bazarına, həm də Türkiyə üzərindən Avropaya tədarük edəcəkdir. Bu kəmər təbii qazı Türkiyə-Yunanıstan sərhədinə çatdırmaqla, Cənubi Avropa qaz tədarükçüləri üçün mərkəz yaratmış olur. Məhz enerji layihələri Türkiyəni regional enerji mərkəzinə çevirir, geoiqtisadi və geosiyasi cəhətdən önəmini artırır.

Türkiyə həm də öz təbii qaz mənbəyinin və marşrutlarının şaxələndirilməsinə artıq nail olmuşdur və LNG tədarükü ildən ilə artır. Bundan başqa bu layihə həm infrastrukturun inkişaf etməsinə, həm də qaz qiymətində rəqabətin daha da artmasına gətirib çıxaracaqdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 3 836          Tarix: 24-01-2020, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma