Xəbər lenti

 

 

21-24 yavnar tarixlərində İsveçrənin Davos şəhərində sayca 50-ci olan Ümumdünya İqtisadi Forumu keçirildi. Forumda 53 dövlət və hökumət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi. Ümumilikdə foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlərlər qatılmışdı.

Azərbaycan prezidenti forum çərçivəsində daha çox transmilli şirkət rəhbərləri ilə görüşləriylə yadda qaldı. Maraqlıdır, ölkə başçısı niyə məhz iş adamları ilə görüşə daha çox əhəmiyyət verdi? Ümumiyyətlə, Davos  İqtisadi Forumunun Azərbaycan üçün nə əhəmiyyəti var? Keçirilən bu görüşlərdə ölkə iqtisadiyyatı üçün hansı nəticələr əldə olundu?

 

Natiq Miri: "Bu cür iqtisadi forumlar Azərbaycanı dəyişə bilməz"

 

Ovqat.com-un suallarını cavablandıran Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri dedi ki, Davos İqtisadi bir Forumdur: "Burada əsasən dövlət başçıları, xüsusilə də qlobal maliyyə şəbəkələri və böyük şirkətlərin nümayəndələri ilə görüşmək imkanı olur ki, bu da hər bir dövlət üçün gələcəkdə öz iqtisadi imkanlarını artırmağa xidmət edir. Ancaq bununla necənci Davos İqtisadi Forumu keçirilsə də, müəyyən fikirlər, ideyalar səsləndirilisə də, nəticəyə baxmaq lazımdır ki, qlobal səviyyədə dünyada yoxsulluq, səfalət, aclıq azalırmı? Azalmır. Əksinə, demək olar ki, daha da artıt. Əgər bu cür iqtisadi forumların dünyada olan aclıq və səfalətə hər hansı bir qatqısı olmursa və nəticə etibarilə bir çox qlobal hegemon güclərin daha da güclənməsinə və həmin dövlətlərdə olan bəzi kapitalistlərin kapitalının daha da artırılmasına xidmət edirsə, bu İqtisadi Forumun dünya humanitar siyasətinə nə ilə xidmət etdiyini görmək çox çətindir. Ona görə də şablon, standart sözlər demək doğru deyil.

Doğrudur, bəzi ölkələr burada qlobal maliyyə şəbəkələri, dövlət başçıları ilə münasibətlər, əlaqələr qurmaq və öz iqtisadiyyatını gələcək persperktivdə inkişaf etdirmək üçün bu yöndə görüşlər keçirirlər. Təbii ki, inkişaf etməmiş və yaxud inkişaf etməkdə olan ölkələrin müəyyən mənada iqtisadiyyatına xidmət edə bilər. Ancaq qlobal səviyyədə, məsələn, Afrika qitəsində, Asiyada, Yaxın Şərqdə hələ də müharibələr gedir və qlobal dövlətlərin bütün silah şirkətləri həmin müharibələri tənzimləməklə, öz silahlarını satıb, yalnız varlanmaqla məşğuldurlar. Ona görə də mən bu cür forumlar haqqında müsbət yöndə hansısa fikirlər söyləməkdən uzağam".

 

 Azərbaycanın dövlət başçısının Davos İqtisadi Forumunda iştirakına gəlincə, N. Miri bunu ölkəmiz üçün müsbət hal kimi qiymətləndirir: "Çünki ən azından  dövlətlərlə münasibətlərin tənzimləmək və iqtisadi əlaqələri qurmaq üçün bir çox vacib görüşlər keçirildi və düşünürəm ki, bunlar çox əhəmiyyətlidir. Ancaq Azərbaycan 10 illərdir ki, bu Davos İqtisadi Forumunda iştirak edir və bu cür görüşlər bu gün Azərbaycanın işğalda olan 20% torpaqlarının azad olunmasına xidmət etmirsə, hansı dövlətin iqtisadi inkişafından danışmaq danışmaq olar? Əgər bu gün Azərbaycan iqtisadiyyatında hələ də rəqabət prinsipi yoxdursa,  monopliya iqtidarda olan müəyyən nazirlərin ixtiyarındadırsa, ciddi mənada hansı inkişafından söhbət gedə bilər? Ona görə də ilk növbədə, Azərbaycanda qanunvercilik tənzimlənməlidir və rəqabət yönündə qanunvercilik qəbul olunmalıdır. Tədricən iqtisadi sistemdə köklü (epizodik demirəm) islahatlar aparılarsa, yəni bütövlükdə iqtisadi sistem dəyişdirilərsə, yeni iqtisadi münasibətlər sistemi qurularsa, yalnız bundan sonra inkişafdan danışmaq olar. Yoxsa ki, siz bu cür forumlarda dünyanın ən böyük maliyyə şəbəkələri, biznes şirkətləri ilə görüşsəniz belə, düşünürəm ki, bunun Azərbaycan cəmiyyətinə o qədər də təsiri olmayacaq. Ona görə də ilk növbədə, Azərbyacanda sistematik dəyişikliklərdən söhbət getməlidir. Həm iqtisadi, həm də siyasi sistem tamamilə dəyişməlidir. Ölkədə iqtisadiyyatın inkişafı və xarici investisiyaların cəlb olunması üçün mütləq mənada məhkəmə   islahatlarının aparılmasına ehtiyac var ki, ölkəyə gələn investorlar ən azından qoyduğu investisiyanın perspektivinə inansınlar. Bunlar bir-birini şərtləndirən və tamamlayan məsələlərdir və paralel yürüdülməlidir. Bunlar olmadıqca, Davos  İqtisadi Forumunda hər hansı bir proqramın tətbiq olunması, müsahibələrin verilməsi Azərbaycanda ciddi mənada heç nəyi dəyişməyəcək".

 

  Ölkəyə investisya gəlməsi üçün iş adamları, kapital sahibləri ilə görüşmək lazım olduğunu bildirən N.Miri nəzərə çatdırdı ki, bu iş adamları Azərbaycandakı kimi deyil: "İnkişaf etmiş ölkələrdə müstəqil biznes strukturları hara investisiya qoymaq məsələsini də özləri həll edirlər. Ona görə də bu cür görüşlərin olması normaldır. Amma təkrar edirəm, bunun üçün Azərbaycanın özü daxildən, idarəetmə sistemi köklü olaraq dəyişməlidir. Bu islahatlar köklü olaraq aparılmasa, mən ciddi nəticələrin olacağını düşünmürəm.

Doğrudur, Azərbaycanda müəyyən mənada hərəkətlənmə var, ancaq bu hərəkətlənmələr bəzən epizodik, bəzən də nəticə etibarilə çox eybəcər şəkildə  aparılır. Məsələn,  İpoteka və Kredit Fondu yaradılıb ki, bu Fondun elektron formasına 10 milyon dollara qədər vəsait qoyulub və insanların, xüsusilə də gənclərin kirayə yolu ilə mənzil ala bilməsi üçün qanunvericilikdə bu cür imkan tanınıb. Ancaq bu elektron sistem ilk gündən hərəkətə keçən kimi dərhal çökdü. Soran lazımdır ki, bu 10 milyon dollar kimə və nəyə görə verilib? Hansı ki, bu gün həmin  elektron sistem artıq işləmir və bunun cəmiyyətə ciddi açıqlamasını da heç cür verə bilmirlər. Ona görə də islahatlar aparılarkən sözün əsl mənasında epizodik, yaxuddakı hansısa vəsaitlərin mənimsəmə yolu ilə deyil, bunu ciddi ictimai nəzarətlə, yəni hesabatlılıq və şəffaflıq təmin olunmaqla aparmaq lazımdır ki, ortada konkret nətiəcələrdən danışmaq mümkün olsun. Ona görə də mütləq mənada ölkənin özü dəyişməlidir, yoxsa bu cür iqtisadi forumlar Azərbaycanı dəyişə bilməz".

 

Zərdüşt Əlizadə: "Biz beynəlxalq aləmdə yoxuq"

 

 Politoloq Zərdüşt Əlizadə də Davos İqtisadi Forumunun Azərbaycan üçün faydasına çox inanmır: "Azərbaycan nə edir və nəyə qadirdir ki, nə isə dəyişsin. Azərbaycan qlobal oynçu deyil, kiçik dövlətdir. Çox məhdud imkanları var. Siyasi məqsədlərinə çatmaq imkanları çox məhduddur. Əgər siyasi məqsədləri nəzərdə tutubsa; fərz edək, dövlətin ərazi bütövlüyün bərpa etmək, Davos Forumunun ona heç bir dəxli yoxdur. Hansısa bir qlobal bazara hansısa bir yeni məhsulla girmək imkanı da yoxdur. Azərbaycan ancaq neft, qaz satır, neftin, qazın da müştərisi hər yerdə var. Qazı və nefti satmaq üçün böyük ağıl sahibi olmaq lazım deyil. müştərilər bəllidir, Azərbaycan xammal mənbəyi ərazisidi. Yəni bizim kimi ölkələrdən heç nə asılı deyil, ortada BP, böyük neft şirkətləri, oyunçular var".

 

Məhəmməd Talıblı: "Beynəlxalq hesabatlarda ölkəmizin yeri bərbaddırsa..."

 

İqtisadçı Məhəmməd Talıblı isə bildirdi ki, Davos Forumu qlobal platforma kimi ölkələrə mühüm tanıtım fürsətləri yaradır: "Bu Forumda dövlət başçıları öz auditoriyalarında çıxış mətnlərini bir kənara qoyub, xarici auditoriya üçün fərqli çıxş mətnləri ilə müraciət edirlər. Bu, ilk növbədə, həmin ölkələrin iqtisadi cazibədarlığını ifadə edən iqtisadi mənzərəni yaratmalıdır. Dövlətlərin makroiqtisadi göstəricilərini orada ifadə etmək qənaətbəxş deyildir. Onlar daha çox biznes mühiti və investisiya cəlbediciliyi ilə bağlı mühit amillərini söyləməli, iqtisadi azadlıqların coğrafiyasını, real sərhədlərini ifadə etməlidirlər.

M.Talıblının sözlərinə görə, əgər beynəlxalq hesabatlarda ölkəmizin yeri bərbaddırsa, orada hansı çıxışlar etməsindən asılı olmayaraq dövlətlərin ölkəmizə marağı artmayacaq: "Korrupsiya Qavrama İndeksi, İqtisadi Azadlıq İndeksi, İnsan İnkişafı İndeksi, "Doung Business" və s. kimi mühüm əngəllərin aradan qaldırılmasına ehtiyac var. O zaman bizə münasibət dəyişəcək ki, biz daxili situasiyanı doğru ifadə edib, reytinqimizi yaxşılaşdıra biləcəyik. Söylədiyim kontekstdə mən bu fürsətləri qaçırmış və bu Forumun imkanlarından yaxşı istifadə edə bilməməyimiz kimi xarakterizə edərdim. Çünki belə tribunalar vacib bir fürsətdir, dövlətlərin reputasiyasını yaxşılaşdırmaq baxımından mühüm platformadır".

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 424          Tarix: 26-01-2020, 18:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma