Xəbər lenti

  

Dünya bazarında neftin qiymətləri bu həftəni kəskin ucuzlaşma ilə başa vurub. Cümə günü “Brent” markalı neftin qiyməti 2,7% azalaraq 1 barelə görə 60,36 dollara düşüb. Xatıladaq ki, “Brent” sonuncu dəfə ötən ilin dekabrın 3-də bu qədər ucuzlaşmışdı. WTI markalı neftin 1 barelinin qiyməti isə 3% azalaraq 54 dollara satılıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 55,75 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,23 dollar geriləyərək 65,71 dollar olub.

Neftin qiymətinin ucuzlaşması isə ölkəmizə ciddi təsir edir.  Bəs bu ucuzlaşmanın səbəbləri nədir?

 

Ovqat.com-un sualını cavablandıran REAL Partiyasının  icra katibi, iqtisadçı Natiq Cəfərli dedi ki, neftin qiymətinin düşməsinin  bir neçə səbəbi var: “Birinci səbəb; İran-ABŞ gərginliyinin azalması ucuzlaşmaya da təsir göstərdi. Çünki Süleymaninin ölümündən sonra müharibə təhlükəsinin olacağı ilə bağlı informasiyalar dolaşırdı. Amma bu müharibə təhlükəsi sovuşdu, bu da bazarlara  müsbət təsir göstərdi.

Son 3 gündə isə ən çox bazarlara təsir göstərən Çindəki yayılan virus tipidir. Bu virus tipinin yayılması həm də gözlənilən yeni il bayramları ilə üst-üstə düşdü. Şərq təqviminə görə, Çində yeni il bayramları həmişə 12 gün keçirilir. Çin əhalisinin böyük bir qismi, hər il təqribən 400-500 milyon insan həm xaricə, həm də ölkə daxilində səfərlərə gedir. İnsanların səfərlərə getməsinin həm avtomobil, həm də aviadaşımalara təsiri var və bu, Çindən yayılan virusun dünyaya yayılması təhlükəsi dünya turiziminə də mənfi təsir göstərir. İnsanların səyahət etmə həvəslərini aşağı salır və ona görə də dünyada neft məhsullarının, əsasən də aviakerasinlərin və avtomobil benzinlərinin istehlakını azaldır.

 

Bütün bu xəbər axışı, təbii ki, neftin qiymətlərinə ciddi mənfi təsir göstərdi. Yanvarın 8-də 70 dolları keçən neft qiymətləri bu gün 60 dollara qədər aşağı düşdü, yəni təqribən 10 dollarlıq bir azalma müşahidə olundü. Bütün bunlar həm də onu göstərir ki, dünya neft bazarı siyasi və başqa geosiyasi gərginliklərə, hətta birbaşa neft bazarına aid olmayan xəbərlərə belə çox həssasdır və aşağı düşmə meylləri daha çoxdur. Bu, onu sübut edir ki, sırf iqtisadi faktorlar gündəmə gəlsə, neftin qiymətləri daha da aşağı düşə bilər. Çünki iqtisadi faktorlara görə, dünyada bu gün neftin istehlakı ilə istehsalı arasında təqribən 1,5 milyon fərq var. Yəni neft istehsalı istehlakdan gündəlik olaraq 1,5 milyon barel çoxdur. Bu da neftin qiymətinin aşağı düşməsi üçün zəmin yaradır”.

 

 Azərbaycanın dünyada neftdən ən çox asılı olan 3 ölkədən biri olduğunu diqqətə çatdıran Cəfərli vurğuladı ki, buna  görə neftin qiymətlərinə çox həssas bir vəziyyətdəyik: “Uzun zaman ölkə ərazisində primitiv iqtisadi model qurduğumuza görə, neft qiymətləri birbaşa bütün makro iqtisadi göstəricilərə, ölkənin digər faktorlarına ciddi təsir edən amilə çevrilir və bugünləri büdcənin formalaşmasının təqribən 60-65%-i, xarici ticarətin isə 90%-i neftdən asılıdır. Ona görə də neft qiymətlərinin aşağı düşməsi təbii ki, Azərbaycanın bütün makroiqtisadi göstəricilərinə mənfi təsir göstərir, həm də manatın məzənnəsi ilə də bağlı basqılar yaradır. Amma hələ neftin qiyməti o təhlükəli həddə düşməyib.

 

Bu il Azərbaycan büdcəsində neftin qiyməti 55 dollar götürülüb. Əgər yaxın həftələrdə, aylarda növbəti ciddi qiymət enmələrinin şahidi olsaq, yəni neftin qiyməti 55 dollar və daha aşağı olsa və uzun zaman o  cərgələrdə qalsa, o zaman Azərbaycanın iqtisadi parametrlərində ciddi problemlər yaşana bilər. Ən çox da problem xarici ticarət balansında olacaq. Xarici ticarət balansında hələlik müsbət saldodur. Yəni satdığımız xaricdən aldığımızdan daha çoxdur. Amma satdığımızın da 90%-i neft olduğundan onun qiyməti düşdükdə mənfi saldo yaranma ehtimalı artır. Mənfi saldo o deməkdir ki, ölkədən  çıxan valyutanın həcmi ölkəyə gələn valyutanın həcmindən daha çox olacaq. Bu da  manata  basqıların daha da artmasına, manatın məzənnəsində ciddi  basqılar yaranmasına səbəb olacaq”.

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 458          Tarix: 26-01-2020, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma