Xəbər lenti

 

29 yanvar 2020-ci ildə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində azərbaycanlı alim Kamal Makili Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ münaqişəsinin Aland adaları presedenti ilə müqayisəli təhlili” adlı kitabının təqdimat mərasimi keçirilib.

Ovqat.com-un məlumatına görə, tədbirdə çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş kitabda Dağlıq Qarabağ üçün mümkün muxtariyyət modelindən söz açılır və bu baxımdan Finlandiyada Aland adaları məsələsi ilə müqayisəli təhlil aparılır.

 

O qeyd edib ki, beyin mərkəzi olaraq BMTM Azərbaycanın xarici siyasətinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələrə böyük önəm verir: “Təəssüf ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş yoxdur. Dağlıq Qarabağ üçün muxtariyyət modelinin müzakirəsi hələ də aktualdır. Azərbaycanın mövqeyi Dağlıq Qarabağda yaşayan əhaliyə-erməni və azərbaycanlılara muxtariyyət statusu verməkdən ibarətdir. Bu kitab isə məsələ ilə bağlı Finlandiyanın Aland adaları modeli ilə müqayisə imkanı təqdim edir. Mənim kitabda müəllifə məxsus tövsiyələrlə bağlı müəyyən tərəddüdlərim olsa da, bütün hallarda bu kimi müzakirələr aparmaq hər zaman faydalıdır”.

BMTM-in şöbə müdiri Fuad Çıraqov müəllifin fəaliyyəti barədə məlumat verib və kitabın çox vacib bir vaxtda ərsəyə gəldiyini vurğulayıb. Onun sözlərinə görə, kitab 2010-cu ildən bu yana Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq nöqteyi-nəzərindən təhlil edən Qərbdə çıxarılmış yeganə nəşrdir. 

 

Daha sonra İsveçin Malmö Universitetinin dosenti, kitabın müəllifi Kamal Makili Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq hüquq xüsusilə qərb nəşrlərində bu günə qədər  kifayət qədər öyrənilməyib. Onun sözlərinə görə, müəllifi olduğu kitabda isə beynəlxalq hüquq nöqteyi-nəzərindən Aland modeli ilə Ermənistan-Azərbaycan münaqişəsinin müqayisəli təhlili aparılır: “Araşdırmalar göstərir ki, Aland modelini Dağlıq Qarabağ münaqişəsinə tam olaraq tətbiq etmək mümkün deyil, lakin onun müəyyən vacib elementlərini bu münaqişənin həllinə tətbiq etmək mümkün olar. Kitabda Aland modelindən çıxış edilərək muxtariyyət, özünüidarəetmə, azlıqların hüquqları və digər məsələləri nəzərdən keçirilir”.

 

  




Ana səhifəyə qayıt        Baxış: 2 848          Tarix: 30-01-2020, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma