Xəbər lenti

  

1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.

Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.

Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.

Xəstəxanada Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, lakin təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Bir sözlə, Azərbaycan səhiyyə sistemi hələ ki Koronavirusu ciddiyə almaq fikrində deyil. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı bu virusun çox ciddi fəsadlar törədə biləcəyini bildirib və bütün dünya üzrə fövqəladə vəziyyət elan edib. Bəyanatda o da vurğulanıb ki, BMT-yə daxil olan dövlətlər istisnasız olaraq bu qərarı tətbiq etməlidir. Azərbaycan da BMT üzvü olduğundan bu qərar bizim üçün də məcburidir.  Di gəl ki, Azərbaycanda ÜST-ü özlərinin üstündə görməyən zəka sahibləri səhiyyə sisteminə rəhbərlik etdiklərindən onun qərarına da barmaqarası baxırlar. Halbuki, Azərbaycanda bu virusa yoluxma şübhəsi daşıyan insanlar var.

 

Saytımızın İranda həkimə müraciət edən 2 çinlinin karantinə alındığı və onların Azərbaycandan bu ölkəyə getdiyi barədə məlumat yazmışdıq. Onu da vurğulamışdıq ki, müayinə üçün Gürcüstana gedən çinlilər də var. Əldə etdiyimiz son məlumatlara görə, həmin çinlilər də məhz müayinə üçün Təbrizə gedibmişlər. Azərbaycan tibbinə güvənməyən çinli vətəndaşlar özlərində müşahidə olunan qızdırma simptomlarının tipini müəyyənləşdirmək üçün İrana getməyi məsləhət biliblər. 36 və 37 yaşlarında olan bu şəxslərin müayinədən sonra Azərbaycana qayıdıb-qayıtmadığı isə bəlli deyil.

Bəzi informasiya kanallarında həmin çinlilərdə Koronavirusu təsbit edilmədiyi deyilsə də, bunu müəyyənləşdirmək o qədər asan məsələ deyil. Çünki Koronavirusun hər hansı tipik özəlliyi, xüsusi simptomu yoxdur. Onun əlamətləri eyniylə adi qripə bənzəyir və inkubasiya müddəti 14 gündür. Yəni bu xəstəliyin “Korona” olduğunu müəyyənləşdirmək üçün 14 gün gözləmək lazımdır. Həmin çinlilər isə cəmi 7 gün əvvəl Çindən Azərbaycana gəlib, daha sonra müayinə olunmaq üçün Təbrizə yollanıblar. Maraqlıdır ki, Təbriz xəstəxanalarından birində müayinə olunan xəstələr “Korona”ya yaxalanmayıblar adı altında karantina alınmayıblar. Onların kimliyinin, İrandan hara getdiklərini və Azərbaycanda harda qaldıqlarının müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə isə hər hansı məlumat verilmir.

 

Belə görünür ki, Azərbaycan səhiyyə sistemi sosial gərginlik, xaotik durum yaranmasın deyə, bu cür məsələləri dərindən araşdırmaq və ölkə rəhbərliyinə hesabat verərək ağrımayan başına dəsmal bağlamaq istəmir. Yəqin buna görə də Allaha təvəkkülə bel bağlayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 595          Tarix: 1-02-2020, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma