Xəbər lenti

     

Dünya bazarında neftin qiyməti ucuzlaşaraq Azərbaycan büdcəsi üçün kritik hədd sayılan 55 dollara yaxınlaşır. Elman Rüstəmov isə dünənki açıqlamasında bildirdi ki, bu ucuzlaşmanın Azərbaycana heç bir təsiri olmayacaq. Necə olsa, 55 milyard dollarlıq vayuta ehtiyatımız var və biz ondan istifadə edərək istənilən şokun qarşısını ala bilərik.

 Görəsən, Azərbaycanın gələcək nəsilləri adına toplanmış valyuta ehtiyatlarımızın neftin ucuzlaşmasının yaradacağı fiskal problemləri aradan qaldırılmasına yönəltmək nə dərəcədə rasional addımdır?

 

Ovqat.com-un sualını cavablandıran sabiq maliyyə naziri, professor Saleh Məmmədovun fikrincə, Elman Rüstəmov haqlıdır: "İstənilən şokun qarşısını almağa Azərbaycan iqtisadi resursları həqiqətən yetər. Neft 50-55 dollara yox, 25 dollara düşsə belə, bizim topladığımız valyuta ehtiyatının 4-dən biri onun qarşısını almağa kifayət edər. Valyuta ehtiyatımızı xaricdən gətirib dövriyyəyə buraxan kimi hər hansı bir şokun qarşısı alınacaqdır və gələn il də, bir neçə il də böhrandan bu cür yayına bilərik.

Dünyada hələ elə bir dövlət yoxdur ki, ümumi daxili məhsulundan çox valyuta ehtiyatları olsun. Bizim ümumi daxili məhsulumuz təxminən 44-45 milyard, amma valyuta ehtiyatımız isə 52 milyarddır. Odur ki, istənilən şok iqtisadiyyatımıza ÜDM-dan çox təsir edə bilməz”.

   

Professor bununla bağlı konkret misal da göstərdi: “Məsələn, neftin qiymətinin 25 dollara düşməsi ixracatdan gələn gəlirləri 2 dəfə azaldacaq, nəticədə neft gəlirlərimiz 16-17 milyard yox, 7-8 milyard olacaq. Bu zərəri 52 milyardın 5-də biri ilə bağlamaq mümkündür. Bu minvalla böhran 5 il davam eləsə, yenə də o şokdan manatın dəyərinə heç bir təsiri olmadan çıxmaq olar”.

Bununla belə, Azərbaycan hakimiyyətinin bu cür şoklarda tərəddüdə düşdüyünü və səhv addımlar atdığını deyən professor 2015-ci ilə yaşadığımız devalivasiya hadisəsini xatırlatdı: “Amma məsələ burasındadır ki, həmişə belə olmur. Yadınızdadırsa, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov eyni bəyanatları 2015-ci ildə birinci devalvasiya və ikinci devalvasiya vaxtı da vermişdi. Həqiqətən, o zaman da devalvasiyanın olması üçün heç bir şərait yox idi. Bu qədər devalvasiyaya getmək, dövləti, manatı etibardan salmaq və nəticə etibarilə iqtisadiyyata bu qədər böyük zərbə vurmaq heç kimin ağlına gəlməzdi, Bəs nəticədə necə oldu? Bax, əsl məsələ burasındadır".

 

S. Məmmədovun sözlərinə görə, hər bir ölkənin maliyyə siyasətinin effektivliyi iki amillə ölçülür: “Birincisi, maliyyə vəsaitini təmin etmək, yəni onu tapmaq; ikincisi, həmin vəsaitin düzgün istifadəsi. Bizdə əvvələr bu iki problemin ikisi də var idi. Xüsusilə pul tapmaq çox çətin idi, sonra yavaş-yavaş neftin hesabına bu problem öz həllini tapdı. İndi bizim əsas problemimiz o puldan necə istifadə etməkdir. Pulun trilyonlarla ola bilər, amma onu elə dağıdarsan ki, heç nəyə də faydası olmaz. Həm də onu elə xərcləyə bilərsən ki, iqtisadi inkişaf üçün əsas bazaya çevrilər. Pulu aparıb korrpusionerlərə versən, dağıdıb başqa ölkələrə aparar. Pulu banditə versən, terrora xərcləyər, pulu alimə versən, elmə xərcləyər, pulu sənayeçiyə versən, sənayeyə, fermerə versən, fermer təsərrüfatına yatırar. Gərək, o istifadə üsullarını elə müəyyən edə biləsən ki, ən optimal, iqtisadi inkişafı stimullaşdıran sahələr olsun”. 

 

Bu gün pullar hara  gedir? - Əsas hissəsi korrupsionerlərin cibinə. Bir az da kənd təsərrüfatına vəsait yatırılır. O da aqrar sektorun elmi-texnoloji  sahəsinə yox, yalnız əkinçiliyə, pambıqçılığa, üzümçülüyə. Həmin sahələr isə texnoloji cəhətdən inkişaf etmiş sektorlar deyil. Ölkəmizin valyuta rezervləri primitiv qaydada ekstensiv sahələrin inkinkişafına yönəldilir, amma elm, texnologiya, sənaye sıfırlanmış səviyyədədir”.

Bu gün elm üzrə bizim inkişafımız Sovet dövrünün 1950/60-cı illəri səviyyəsində olduğunu bildirən sabiq maliyyə naziri müstəqilliyin verdiyi fürsətlərdən düzgün yararlanmadığımızı düşünür: “Müstəqil olduq ki, elmimizi, təhslimizi inkişaf etdirək, amma tam tərsi oldu; sovetin verdiyi elmi potensialı da itirdik. Təsəvvür edin, bir dövlət aparatının, məsələn, Prezident Aparatının saxlanılması qədər elmimizə pul ayrırıq. Bununla heç yerə gedib çıxmaq, inkişaf etmək olmaz və buna görə bu problem birinci növbədə həll olunmalıdır".

  

  Eyni vəziyyətin kredit resurslarına aid olduğunu diqqətə çatdıran S. Məmmədov qeyd etdi ki, bu gün Azərbaycanın kredit resursları, bank aktivləri Azərbaycanın ümumi daxili məhsulunun təxminən 35-36%-ni təşkil edir: "Amma faktiki olaraq ən azı bu, ümumi daxil məhsul qədər təşkil etməlidir ki, inkişafa yönəldilə bilsin. Bizim 52 milyardlıq valyuta ehtiyatımızın isə, demək olar ki, hamısı kənarda saxlanılır. Bunun bizim ölkəmizə heç bir aidiyyatı, xeyri yoxdur. Deyirik ki, gələcək nəsillərə saxlayırıq, amma ondan da gələcək nəsillərə nə qədər çatacaq, bəlli deyil. Bu pullar başqa ölkələrin banklarındadır, lazım olanda ala biləcəyik-bilməyəcyik, o da müzakirə mövzusudur. Necə ki, İranın, Liviyanın, İndoneziyanın valyuta ehtiyatlarına sanksiya qoyuldu, bunlara da istənilən beynəlxalq qurumlar tərəfindən bəhanə tapılıb, sanksiya qoyula bilər.

S.Məmmədov həm də valyuta ehtiyatlarının bankda saxlanılmasının səmərə vermədiyini düşünür: "Sabah ola bilsin ki, valyutların qiyməti aşağı düşsün, böyük problemlər yaransın və sənin də pulların faktiki olaraq solsun, çıxsın getsin, amma  gələcək nəsil üçün ehtiyatı beyinlərdə yerləşdirmək, beyinlər hazırlamaq lazımdır. Həmin 52 milyardı gələcək nəsil üçün saxlamaqdansa, onu Bilqeyts kimi görkəmli alimlərin yetişdirilməsinə xərcləmək daha faydalı olardı. Görürsünüzmü, bir dənə Bill Qeytsin şirkətinin resursları 1 trilyon dolları keçdi. Amma Azərbaycanın ümumui daxili məhsulu cəmi 45 milyarddır. Yəni 10 milyonun istehsal etdiyi cəmi 45 milyard, amma bir nəfər alimin istehsal etdiyi 1 trilyon dollardır. Ona görə, deyirəm ki, sən 52 milyardı gələcək nəsilə saxladığına,  5-10 nəfər alim yetişdirsən, onlar sənə daha çox  pul qazandırar”.

  

 İqtisadçı Natiq Cəfərli isə Elman Rüstəmovun açıqlamasına çox təəssüf etdi: "Eyni səhvin yenidən təkrar olunması ehtimalı yaranır. Xatırlayırsınızsa, 2014/15-ci illərdə Mərkəzi Bankın 15,6 milyard dollar ehtiyatı var idi. Məkəzi Bank o zaman dünya bazarlarında gedən proseslərə adekvat reaksiya verə bilmədi. Manatın qorunması üçün 10,6 milyard dollara yaxın vəsait xərclədi. Demək olar ki, vəsaitin böyük bir hissəsini manatın qorunmasına xərclədi və bunun heç bir təsiri də olmadı. 2 dəfə gecikən devalvasiyaya getməyə məcbur oldu. Birinci dəfə dollar 1 manat 5 qəpiyə,  sonradan 1 manat 55-ə qədər yüksəldi. Eyni səhvi edən, yaxın tarixi keçmişi olan bir ölkənin rəhbərinin belə bir açıqlama verməsi  təəssüf doğurur”.

 

Valyuta ehtiyatlarını manatın məzənnəsini süni şəkildə saxlanılmasına xərcləməyin heç bir effekt vermədiyini düşünən Natiq Cəfərli iqtisadi potensialımızı bu cür mənasız işlərə sərf etməyə qarşıdır: Belə metodlarla həm valyuta ehtiyatlarımız əriyir, həm də devalvasiyanın qarşısını almaq mümkün olmur. Neftin ucuzlaşması daimi olacaqsa, Azərbaycan manatına ciddi təzyiq yaranacaq. Hələlik təhlükəli həddə yaxınlaşıb, neftin qiyməti 56 dollara düşüb. Amma büdcəmizdə neftin baza qiyməti 55 dollardan götürülübsə bu hələ kritik həddin 55 dollar olması demək deyil. Ona görə də mən düşünürəm ki, Azərbaycan hökuməti və Mərkəzi Bankı ən pis ssenarinin haqqında düşünməlidir. Ən pis ssenarini gözdən keçirməlidir ki, neftin qiyməti 50 dollar və daha aşağı düşmək ehtimalı çox yüksəkdir və bu ehtimal baş verərsə, atacağı addımları indidən hesablamalıdır. Əgər atacağı addımları hesablaya bilməsə və yenidən  öz valyuta  ehtiyatlarını boş yerə manatın məzənnəsinin xərclənməsinə xərcləsə, həm ehtiyatlar əriyəcək, həm də Azərbaycan manatının məzənnəsini uzun zaman sabit saxlamaq mümkün olmayacaq.

Cəfərlinin fikrincə, əgər hələlik manatın məzənnəsi sabitdirsə və inzibati yolla sabit saxlanacaqsa, infliyasiya çox kəskin şəkildə artmayacaq: "Amma  uzun zaman əgər manatın məzənnəsi süni qaydada sabit saxlanılıb, sonradan məcburi devalvasiya olsa, necə ki, biz bunu yaşadıq, bu zaman təbii ki, infliyasiya daha da sürətlənəcək. 

  

Neftin qiymətinin 55 dollardan aşağı düşməsinin Azərbaycan üçün mənfi saldo olduğunu deyən həmsöhbətimiz fikrinə belə aydınlıq gətirdi: “Yəni Azərbaycanın satdığı məhsulun dəyəri xaricdən aldığı məhsulun dəyərindən az olacaq. Bu zaman mənfi saldo yaranacaq və ölkədən valyuta axını sürətlənəcək. Bu problemin qarşısını almaq üçün isə Mərkəzi bank öz ehtiyatlarından istifadə etməyə məcbur qalacaq. Əgər neftin qiyməti uzun zaman aşağı səviyyələrdə qalsa, necə ki, biz bunu 2015/16-cı illərdə gördük, o zaman  artıq məcburiyyət qarşısında qalıb, bir neçə aydan sonra manatın  məzənnəsində daha  oynaq, çevik bir məzənnəyə keçid etməyə məcbur qalacaq. Bu zaman infliyasiya daha da sürətlənəcək. Biz bunu 4-5 il əvvəl yaşamışıq. Ona görə də ağıllı hökumətlər, mərkəzi banklar digər ölkələrin səhvindən nəticə çıxarır. Amma bizim Mərkəzi Bank və hökumət belə çıxır ki, heç öz səhvindən belə, bu günə qədər normal nəticə çıxara bilməyib".

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 432          Tarix: 2-02-2020, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma