Son zamanlar dünyada ən çox müzakirə olunan məsələlərdən biri İranın taleyi ilə bağlıdır. Xüsusilə,rəsmi Vaşinqtonun İranda rejim dəyişikliyinə nail olmaq istədiyini bəyan etməsindən sonra ortaya istər-istəməz müxtəlif suallar çıxıb: ABŞ-İran gərginliyi nəylə nəticələnəcək? 40 illik molla rejimi öz hakimiyyətini rahatlıqla təhvil verəcəkmi? Və s.
İranlı jurnalist Əmir Tahiri qələmə aldığı “Minbir sifətli Ruhaninin yeni maskası” adlı məqaləsində ölkə prezidentini tənqid etməklə yanaşı, İran üçün hazırlanmış yeni ssenarilərdən də danışır. İrandakı teokratik və dünyəvi hakimiyyət çarpışmasına son vermək üçün əsasən iki ssenarinin olduğunu bildirən müəllif hazırlanmış planın baş tutacağına isə o qədər də əmin deyil. Niyə?
“Niyə”sini anlamaq üçün. ən yaxşısı, Ovqat.com-un tərcüməsi ilə diqqətinizə sunulan məqaləni oxuyun.
Əmir Tahiri
“...Məncə, 40 il əvvəl İrandakı "inqilab" fərqli bir xətt üzrə hərəkət etsəydi, Ruhani roman yazıçısı olaraq önə çıxacaqdı. Əminəm ki, o, yerli mövzularla maraqlı romanlar yazacaqdı, çünki illərlə inkişaf etdirdiyi üslubu Ruhaninin yaxşı yazıçı ola biləcəyini göstərir.
Ruhani 1977-ci ildə İranda inqilabi hərəkat başlayanda İngiltərədə bakalavr təhsili almağa çalışan Həsən Feridun adlı tekstil mühəndisi tələbəsi idi. Bir neçə ay sonra ləqəbini "Ruhani" olaraq dəyişdirdi, "mənəviyyat" niqabına büründü.
Əslində Feridun fars millətçiliyini xatırladan adlardan biri idi və İnam və İslam qəhrəmanı kimi ayağa qalxmaq istəyən adamın ideallarına uyğun gəlmirdi. Daha sonra Ruhani bir neçə həftə intensiv dərs aldı və özünü şiə məzhəbi sahəsində inkişaf etdirdi. Eyni zamanda saqqalını uzatmaq və Qərb geyimlərindən tamamilə imtina etmək qərarına gəldi. Beləliklə, demək olar ki, yeni bir şəxsiyyət kimi ortaya çıxdı və o, Xomeyniyə "imam" ləqəbini verən ilk insan olduğunu iddia edir.
Ruhani bu ləqəbi Xomeyniyə İraqda vəfat edən oğlu Mustafanın yas mərasimində verdiyini iddia edir. Rejimin sözçüsü “Keyhan” qəzetinin manşetdən verdiyi xəbərlərdə Ruhaninin həmin yas mərasimində iştirak etdiyinə dair heç bir sübut olmasa da, adamın iddiası bu istiqamətdə idi.
Ruhani yaddaşında Paris ətrafındakı Xomeyni ilə ilk görüşünü xatırladır: Xomeyninin ona 10 min tümən (o zaman 1500 dollara uyğun) verdiyini və İngiltərəyə qayıtmağı və tələbələri orada təşkilatlandırmağı xahiş etdiyini söyləyir.
Şah İrandan çıxanda baş verən qarışıqlıq zamanı hər kəsin yeni ortaya çıxmış "inqilab maşını"na minməsi çətin deyildi. Həsən Feridun də bunu ləyaqətlə bacardı. Qələbə qazanan inqilab on minlərlə boş qalmış vəzifələrə uyğun insan tapa bilmirdi, buna görə də Ruhani yeni yaradılan İslam Məclisində kürsü tutmaqda çətinlik çəkmədi.
Xomeyninin ölümündən sonra yeni dini rəhbər İslam İnqilabının ən görkəmli qəhrəmanlarından olan Ayətullah Əli Xamenei oldu. Yeni dini lider öz kürsüsündə oturan kimi şah dövründən qalan ordunun dağılmasını, məmur və zabitlərin istefasını tələb edirdi. Onun fikrincə, gənc İslam rejimi tamamilə öz təhlükəsizlik elementlərinə etibar etməli idi. Bu prosesdə İnqilab Keşikçiləri ilə ölkədəki maliyyə və işgüzar dairələr arasında sıx əlaqələr qurulmağa başladı.
Haşimi Rəfsəncaninin qısa prezidentliyi dövründə Həsən Ruhani ölkədə islahat səylərini dəstəkləmək üçün mülayim bir şəxsiyyət cildinə girdi. Ruhani bu dövrdə Rəfsəncaninin köməkçisi vəzifəsinə qədər yüksəlmişdi. O, ABŞ prezidenti Ronald Reyqanın İsrail kəşfiyyat agentliyi MOSSAD-ın iştirakı ilə Tehrana göndərdiyi gizli heyətlə danışıqlarda da iştirak etdi. 1990-cı illərdə Həsən Ruhani Qərbin siyasi dairələrində 'işgüzar adam' imicini gücləndirdi.
Bu arada Həsən Ruhani İran xalqının akademik titrləri çox sevdiyini anladığından Qlazqodakı bir ingilis universitetindən elmlər doktoru titulu almağı da bacardı. İnsanların əksəriyyəti məzmunundan, həqiqi və ya yalan olmasından asılı olmayaraq bu cür titullara inanırlar. Beləliklə, o, elmlər doktoru Həsən Ruhani kimi yüksək Qərb təhsilli, islahatçı şəxsiyyəti imicini tamamlamış oldu.
O vaxt Fransada müxalifətdə olan iki keçmiş nazir Alain Juppe və Hubert Vedrine Rəfsəncani heyətindəki Ruhaninin mövqeyindən təsirlənmişdilər. Bu insanlar Ruhaninin yaxın zamanda Rəfsəncanini əvəz edəcəyini düşünürdülər. Fransız nazirlərə görə, İranın Qərblə münasibətlərini normallaşdıracaq şəxs Həsən Ruhanidən başqa birisi deyildi. Bu imic daha sonra Toni Bleyrin əvvəlki hökumətindəki xarici işlər naziri Cek Strau tərəfindən ingilis dairələrində daha da cilalandı.
Bununla belə, Həsən Ruhaninin karyera planı Haşimi Rəfsəncaninin prezidentliyə ən sadiq davamçılarından biri kimi başqasını seçdiyi üçün alt-üst oldu. Rəfsəncani prezidentlik üçün Məhəmməd Xatəmiyə üstünlük verdi. Xatəminin varisi kimi Mahmud Əhmədinecadın (bu da Rəfsəncaninin itkisi mənasına gəlir) seçilməsindən sonra Ruhaninin hakimiyyətə gəlməsinin daha uzun olacağı başa düşüldü. Bu “quraq” illərdə Həsən Ruhani, demək olar ki, bütün siyasi seqmentlərlə təmas qurmağa üstünlük verdi və bu plan tutdu; 2009-cu ildəki xalq etirazlarından sonra ölkədəki qarşıdurma vəziyyətində olan siyasi partiyalar Ruhani şəxsiyyəti üzərində razılığa gəldilər.
Mahmud Əhmədinejad ilə Ayətullah Xamenei arasında yaranan fikir ayrılığı da Ruhani üçün böyük şans yaratdı. Xamenei Obama administrasiyası ilə razılaşmanın tərəfdarı idi, amma bu fürsəti Əhmədinejada buraxmaq istəmirdi. Çünki Əhmədinejad zaman-zaman Xameneinin gücünü xor görməyə cəsarət etmişdi.
Qərb dövlətləri ilə İranın "Hərtərəfli Birgə Fəaliyyət Planı" adlanan nüvə anlaşması bəzi dondurulmuş maliyyə aktivlərindən istifadə etməyə və Qərbdə hörmət qazanmağa imkan verdi. Kinoda hər rolu düzgün ifa etdikləri üçün “min sifətli” ləqəbini qazanan klassik Hollivud aktyorları kimi Ruhani də, yeni vəzifəsinə hazırlaşırdı. Ruhani sərt rejimdən mülayim rejimə keçidin rəhbərliyini öz üzərinə götürmüşdü.
Üçüncü dünya ölkələrində bu cür qərarlar verdikdə, içəridə repressiv siyasətlərini davam etdirərkən xarici imiclərinə də laqeyd yanaşmırlar. Həsən Ruhaninin bu keyfiyyətlərini gücləndirmək üçün bəlkə də "Ayətullah" ünvanına ehtiyacı var. Məlum olduğu kimi, Həzrət Ayətullah Xamenei cümə axşamı günü 100 mindən çox şagirdə dini xütbə verir. Bu tələbələrin çoxu təqaüdlərinin kəsilməməsi üçün bu xütbələrdə iştirak etməyə borcludurlar. Ssenarilərdən biri budur: Ruhani "Ayətullah" titulunu əldə edə bilsə, inqilab tarixində ilk dəfə Prezidentlik və Rəhbər mövqelərini birləşdirə biləcək.
Başqa bir ssenariyə görə, İran konstitusiyasını dəyişdirməklə İnqilab rəhbəri postunun ümumiyyətlə ləğvi müzakirə olunur. Uzaq bir ehtimal olsa da, bu ssenaridə Prezident həm dini, həm də siyasi rəhbər olacaq. Həsən Ruhaninin yaxın dostları, xüsusən xarici işlər naziri Cavad Zərif qərblilərə belə bir mesaj göndərir: "Bir az səbrli olun, İranın üstünə gəlməyin və islahatçılara dəstək verməyə davam edin ki, işləri yoluna qoyaq. Limana çatmağımıza kömək edin. "
Bəs, tərəfdarlarının təsvir etdiyi kimi, biz Həsən Ruhanini hər fəslin adamı olaraq qəbul edə bilərikmi? O, üç gündə 1500-dən çox iranlı etirazçının qətlə yetirilməsinə qəti etiraz etdimi? Ölkədə yanacağın qiymətinin üç dəfə artırılacağından xəbərsiz idimi? Ukraynanın sərnişin təyyarəsinin vurulduğunu bilmirdimi? Ruhaninin Xameneinin devrlməsinə yönəlmiş ssenarisi uğurlu olacaqmı? Mən buna ciddi şübhə ilə yanaşıram.
Ruhani “minbir sifətli” aktyor olduğunu göstərə bilər, amma qırx illik təcrübə bu üzlərin saxta maskalardan ibarət olduğunu dəfələrlə sübut edib.
Paylaş: