Xəbər lenti

  

Dağlıq Qarabağ bölgəsinin yeni deputatı: münaqişənin həlli gündəmdədir 

25 ildən çoxdur davam edən münaqişənin həlli üçün yeni yollar axtarılır. Bu region Cənubi Tirolla bənzər tale yaşayır.

“Şəhərimdən, doğma torpağımdan, dədə-baba yurdumdan qovularkən cəmi 12 yaşım var idi. Ömrümün qalan hissəsini də Dağlıq Qarabağsız keçirmək istəmirəm”.

Bu, bir milyondan artıq azərbaycanlı qaçqının ortaq arzusudur. Bu, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində az qala 30 ildir davam edən münaqişənin dəhşətlərinə şəxsən şahidlik etmiş insanların arzusudur. Bu, həm də Azərbaycan musiqisinin beşiyi sayılan Şuşada doğulmuş, hazırda Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasına rəhbərlik edən Tural Gəncəliyevin ən böyük arzusudur. Azərbaycanda bu günlərdə keçirilmiş parlament seçkisində 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd olmuş Gəncəliyev qalib gələrək, millət vəkili seçilib.

“Yaxşı xatırlayıram, mən uşaq olanda biz ermənilərlə birlikdə sülh, əmin-amanlıq içərisində yaşayırdıq. Əsrlərlə davam etmiş həmin dinc və firavan günlərə qayıtmaq istəyirik”, - deyə fevralın 9-da keçirilmiş parlament seçkisində öz dairəsi üzrə 9 namizəddən biri olmuş Tural Gəncəliyev bildirir: “Bizi doğma yurdumuzdan qovublar. Hazırda öz vətənimizdə qaçqın kimi yaşayırıq”.

Parlament seçkisi haqda da danışan T.Gəncəliyev deyir ki, “seçicilərimizlə görüşmək, onların istəklərini dinləmək və yerinə yetirmək üçün əlimizdən gələni etdik. Bunun üçün ölkəni şimaldan cənuba, şərqdən qərbə qarış-qarış gəzdik”.

“Bu gün peyk vasitəsilə çəkilmiş şəkillərdə, yaxud sosial şəbəkələrdə paylaşılmış fotolarda bir zamanlar bizim evimizin yerləşdiyi həmin torpaqlarda gəzən erməniləri, bəzənsə hətta xarici turistləri görürük. Bizim onlara nifrətimiz yoxdur. Tək istəyimiz ata-baba torpaqlarımıza qayıda bilməkdir”, - deyə Gəncəliyev qeyd edir: “Mülkiyyətimizin bərpasından sonra Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə etməyə, erməni icması üçün də faydalı olacaq infrastrukturun yaradılmasına investisiya qoymağa hazırıq”.

Lakin münaqişənin həllilə bağlı illərdir davam edən danışıqlarda heç bir irəliləyiş nəzərə çarpmır. ATƏT-in Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupu 1992-ci ildən tərəflər arasında vasitəçilik edir. Lakin o, indiyədək hər iki tərəfi qane edə biləcək hər hansı həll variantı tapa bilməyib. Danışıqlar davam edir...

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra danışıqlarda yeni canlanma müşahidə olunurdu. Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərindən sonra problemin həll ediləcəyilə bağlı müəyyən nikbinlik də yaranmışdı. Lakin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında yanvarın sonunda Cenevrədə baş tutmuş görüş yenə nəticəsiz bitib.

“Açığı, biz müəyyən müsbət nəticəyə ümid bəsləyirik. Lakin heç bir dəyişiklik baş vermədi”, - deyə Xankəndi dairəsinin 9 namizədindən daha biri – Elxan Xanəlizadə bildirir: “Biz bütün resurslarımıza, o cümlədən hərbi qüdrətimizə görə Ermənistanı dəfələrlə üstələyirik. Lakin yenə də problemin sülh yolu ilə həll olunmasını istəyirik”.

Gəncəliyev də eyni fikirdədir: “Biz istəyirik ki, silahlar deyil, diplomatlar danışsın. Bizim istəyimiz problemin həll olunmasıdır. Amma daha 10 il də gözləmək niyyətimiz yoxdur. Misal kimi, Cənubi Tirol regionuna nəzər salmaq olar. Bu regionda insanların birlikdə, əmin-amanlıq şəraitində yaşaması bizə nümunə ola bilər”.

Askanews, İtaliya

12.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 14-02-2020, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma