Xəbər lenti
Dünən, 19:25

 

ABŞ dövlət katibi Mayk Pompeo 2020-ci ilin 2-3 fevralında Mərkəzi Asiyaya səfər etmişdir. Keçmiş dövlət katibi Con Kerrinin 2015-ci il səfərindən sonra regiona gələn ilk yüksək səviyyəli ABŞ rəsmisi olan M.Pompeo əvvəlcə Qazaxıstanın paytaxtı Nursultanda bu ölkənin prezidenti K.Tokayev, Təhlükəsizlik Şurasının sədri N.Nazarbayev və xarici işlər naziri M.Tleuberdi ilə görüşmüşdür. Növbəti gün Özbəkistanın paytaxtı Daşkəndə gələn M.Pompeo prezident Ş.Mirziyoyev və xarici işlər naziri A.Kamilovla müzakirələr aparmışdır. Eyni gündə M.Pompeo və 5 Mərkəzi Asiya dövlətinin xarici işlər nazirlərinin birgə iştirakı ilə “5+1” görüşü baş tutmuşdur.

  

Görüşlərdə region dövlətlərinin 2020-ci il üçün Əfqanıstanda sülhün dəstəklənməsi tədbirlərində iştirakı, sərhədlərin təhlükəsizliyi məsələsi və regional iqtisadi və enerji inteqrasiyasının təmin edilməsi üçün ümumi səylər müzakirə edilmişdir. Həmçinin, ABŞ-ın regionla iqtisadi əlaqələrinin, o cümlədən ikitərəfli ticarətin və regiona yatırılan ABŞ investisiyalarının artırılmasından danışılmışdır. Bu baxımdan, Özbəkistandakı islahatları xüsusilə tərifləyən M.Pompeo bunun ölkəyə ABŞ sərmayəsinin yatırılmasını təşviq edə biləcəyini qeyd etmişdir.

  

Səfərdən 2 gün sonra ABŞ yeni “Mərkəzi Asiya Strategiyası”nı açıqlamışdır. İndiyədək Əfqanıstandakı ABŞ qüvvələrinin movcudluğu Mərkəzi Asiyanın rəsmi Vaşinqton üçün strateji əhəmiyyətini şərtləndirən ən başlıca amil olsa da, yeni sənəddə Əfqanıstanın gələcəyindən asılı olmayaraq Mərkəzi Asiyanın ABŞ üçün önəmli regionlardan biri olacağı qeyd edilir. Lakin 2019-2025-ci illər üçün nəzərə tutulan fəaliyyət planın əsas istiqmətlərinə nəzər saldıqda, rəsmi Vaşinqtonun regional prioritetlərində heç bir dəyişiklik olmadığı və Əfqanıstanın başlıca müəyyənedici faktor kimi qaldığını görə bilərik. Belə ki, əvvəlcə olduğu kimi, rəsmi Vaşinqton region ölkələrinin müstəqilliyinin dəstəkləməsi, terrorizm təhdidin azaldılması və Əfqanıstanda stabilliyin möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə Əfqanıstan arasında konnektivliyin gücləndirilməsi, hüququn aliliyi və insan haqlarının müdafiəsinin dəstəklənməsi və regionda ABŞ investisiyalarının təşviqi kimi məsələləri əsas fəaliyyət istiqamətləri olaraq müəyyən etmişdir.

  

Səfərdən yadda qalan ən əsas məqam, ümumilikdə isə ABŞ-ın regional siyasətindəki ən önəmli yenilik bütün görüşlərdə M.Pompeonun Mərkəzi Asiya dövlətlərini Çinlə yaxın əməkdaşlıqdan çəkindirməyə çalışması olmuşdur. Bu məqsədlə o, region ölkələrinin Çindən asılılığının artması perspektivindən narahatlığını dilə gətirmiş, Çinin biznes və kreditlərin verilməsi təcrübəsini tənqid etmiş və bu ölkədə etnik uyğur və qazaxların təqib edilməsi məsələsini müzakirəyə çıxarmışdır. ABŞ dövlət katibi hətta Nursultanda olarkən Çinin təqiblərin qaçaraq Qazaxıstana gəlmiş bir neçə etnik qazax ailə ilə də görüşmüş, M.Tleuberdi ilə ortaq mətbuat konfransında Çinin uyğurlara qarşı siyasətini xüsusilə vurğulamışdır.

  

Qeyd edək ki, müttəfiq və tərəfdaşlarını Çinlə strateji əməkdaşlıqdan çəkindirməyə cəhd ABŞ dövlət katibinin son dövrlər ərzindəki fəaliyyətində xüsusi yer tutmağa başlamışdır. Bundan az öncə, o cümlədən Avropa və Mərkəzi Asiya səfərinin ilk dayanacağı olan Londonda olarkən, M.Pompeo Böyük Britaniya və Avropadakı müttəfiqlərinin Çinin 5G texnologiyasından imtina etməsinə nail olmağa çalışmış, lakin heç bir ciddi nəticə əldə edə bilməmişdir. ABŞ-ın Mərkəzi Asiyadakı anti-Çin təbliğatının da oxşar sonluqla nəticələnəcəyini gözləməyə əsas var. Belə ki, region ölkələrinin rəsmiləri rəsmi Vaşinqtonla əməkdaşlığın inkişaf etdirilməsində çox maraqlı olduqlarını dilə gətirsələr də, onların heç biri M.Pompeonun Çin əleyhinə bəyənatlarına, dolayı yolla olsa belə, dəstək verməmişdir.

 

Üstəlik, Özbəkistan xarici işlər naziri A.Kamilov ortaq mətbuat konfransında açıq şəkildə ölkəsinin “böyük dövlətlərin regiondakı rəqabətinin mənfi siyasi nəticələrini üzərində hiss etmək istəmədiyini” bəyan etmişdir. Doğrudur, son dövrlər etnik uyğurların məsələsi fonunda regionda anti-Çin əhval ruhiyyəsi güclənsə də, bu dövlət rəhbərlərinin Çinə dair mövqeyi və rəsmi Pekinlə əməkdaşlıq niyyətlərinə nəzərəçarpan təsir göstərməmişdir. Məsələn, ötən ilin sentyabrında, Qazaxıstanda anti-Çin aksiyalarının pik dövründə prezident K.Tokayev Pekinə səfər etmiş və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir sıra önəmli sazişlər imzalamışdır. Çindən Qazaxıstana gələrək sığınacaq istəmiş bir sıra etnik uyğur və qazaxlar Çinə təhvil verilmiş, buna etiraz edən aktivistlər isə təqiblərə məruz qalmışdır.

  

Hazırda Mərkəzi Asiya dövlətlərinin Çinlə olan iqtisadi əməkdaşlığının miqyasını nəzərə alaraq bu cür mövqeyin gözlənilən olduğunu söyləyə bilərik. Düzdür, hələlik, ümumi həcm baxımından ABŞ və Qərbin regiona yatırdığı investisiya, verdiyi kredit və göstərdiyi yardımlar Çinlə müqayisədə daha çoxdur. ABŞ regiona indiyədək 9 milyard dollarıq humanitar yardım vermiş və bölgədəki sülh, təhlükəsizlik, demokratik islahatları və iqtisadi inkişafı dəstəkləmişdir. ABŞ və Qərbin rəhbərlik etdiyi beynəlxalq maliyyə institutları isə region ölkələrinə 50 milyard ABŞ dolları dəyərində kredit ayırmışdır. Regiondakı ABŞ sərmayəsinin miqdarı 2019-cu ilin sonu üçün 31 milyard dollara çatmışdır. 2018-ci ilin sonu üçün regionun ən böyük iqtisadiyyatı olan Qazaxıstana yatırılmış birbaşa xarici investisiyanın 20%-i ABŞ, 57%-i Avropa Birliyi və cəmi 6%-i Çin mənşəli olmuşdur.

  

Lakin bu rəqəmlər aldadıcı mənzərə yaradır. Belə ki, Qərbin regiondakı investisiyalarının mütləq əksəriyyəti Qazaxıstanın enerji sektoruna, xüsusən də Tengiz və Kaşaqan kimi nəhəng layihələrə yatırılıb. Bu investisiyalar önəmli olsa da, həm asanlıqla əvəzediləbiləndir (Qazaxıstanın iri enerji layihələrində satılan istənilən payı Çin və Hindistan şirkətləri almağa hazırdırlar), həm də region dövlətləri üçün lazım olan çoxsaylı iş yerlərinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi və infrastrukturun inkişaf etdirilməsi probelimini həll etmir. Çinin regiondakı investisiyaları son bir neçə il ərzində, xüsusən də “Kəmər və Yol Təşəbbüsü”nün irəli sürülməsindən bəri sürətlə artmaqdadır. Məsələn, hal hazırda Çin təkcə Qazaxıstanda 27.6 milyard ABŞ dolları dəyərində 56 müxtəlif layihə icra etməkdədir. Özbəkistan prezidenti Ş.Mirziyoyevin 2018-ci ildə Çinə səfəri zamanı isə 6.86 milyard ABŞ dolları dəyərində 44 investisiya layihəsi imzalanmış, təkcə həmin il Özbəkistan iqtisadiyyatına 500 milyon dollarlıq Çin sərmayəsi yatırılmışdır. Həmçinin, ticarət əlaqələri baxımdan Çin regionun ən böyük tərəfdaşıdır. 2017-ci ildə Çinin 5 region dövləti ilə ümumi ticarət dövriyyəsi ABŞ-ın regionla ticarətindən 19 dəfə, 2018-ci ildə isə 12 dəfə artıq olmuşdur. Regionun ən böyük iqtisadiyyatları olan Qazaxıstan və Özbəkistanın Çinə qaz ixracını artırmaq planları, eləcə “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində regionu Çinlə birləşdirən nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi yaxın gələcəkdə Çinin Mərkəzi Asiya üçün ticari tərəfdaş kimi əhəmiyyətinin daha da artıracaqdır.

   

 

 

Üstəlik, son dövrlər region dövlətləri üçün Çin ən önəmli kreditora çevrilməkdədir. Çin kredit və yardımların ayrılması üçün insan haqları, demokratiya, şəffaflıq kimi məsələlərlə bağlı əlavə şərtlər irəli sürmədiyindən Qərblə müqayisədə region dövlətləri üçün daha cəlbedicidir. N.Nazarbayevin də çıxışlarının birində açıq şəkildə qeyd etdiyi kimi, Qərbdən fərqli olaraq, Çin kredit ayırarkən “bizə necə yaşamalı olduğumuzu öyrətməyə” çalışmır. Düzdür Çinin kreditləri də tez-tez həyata keçiriləcək layihələr üçün avadanlığın Çindən alınması və bəzi hallarda çinli işçi qüvvəsinin cəlb edilməsi kimi şərtləri əks etdirsə də, bu şərtlərin icrası region dövlətləri üçün daha məqbuldur.

 

Azad Qəribli

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 3 763          Tarix: 14-02-2020, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma