Xəbər lenti

  

  

Ermənistan mediası bundan sonra Azərbaycanla aparılan sülh danışıqlarının detallarının gizli saxlanacağını yazır.

Ovqat.com xəbər verir ki, bu barədə İranın yarırəsmi mətbu orqanı “ANAJ” yazır.

Məlumata görə, Azərbaycanda bəzi dairələr bunu ermənilərin işğal altındakı rayonları azad etməyə hazırlaşmaları kimi şərh edir: “Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayondan 5-nin Azərbaycana qaytarılması təşəbbüsü bir neçə il əvvəl irəli sürülüb. Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə baş tutmuş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə zonasında status-kvonun dəyişməsinin vacibliyini bəyan etmişdilər. Status-kvonun dəyişməsi dedikdə, ilk addım kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin tədricən azad olunması, yəni münaqişənin mərhələli şəkildə həlli nəzərdə tutulurdu.

Lakin müəyyən müddət keçdikdən sonra Azərbaycanda bəzi siyasətçilər bu ideyanın vaxt uzatmaqçün ortaya atıldığını düşünməyə başlamışdı. Onlar hesab edirdilər ki, əslində, Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq fikrində deyil. Amma son aylarda mövzu yenidən gündəmə gəlib. Hətta bəzi məlumatlara görə, Yerevan işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması üçün “DQR” rəhbərliyinə təzyiq belə, göstərir. Azərbaycanlı ekspertlər bu haqda deyilənləri fərqli şərh edir.

Bu mənada, “DQR”in “milli təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyanın yerli KİV-ə açıqlaması kifayət qədər maraqlıdır. “Paşinyanın Xankəndiyə son səfəri zamanı söylədiklərinədək, onunla heç bir problemimiz yox idi”, - deyə o, bildirib. Məlumata görə, Paşinyan Xankəndidə “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bu ərazilərin bir hissəsini Azərbaycana verməliyik” deyib.

Bu açıqlamadan sonra Balasanyan sərt tənqid atəşinə tutulub. Bəzi dairələr isə Paşinyanın ümumiyyətlə, belə söz söyləmədiyini deyir. Amma görünən odur ki, Paşinyan hökuməti işğal olunmuş rayonlardan bəzilərinin geri qaytarılmasının əleyhinə deyil.

Məsələ Azərbaycan mediasının da gündəmini zəbt edib. Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün ardından, bundan sonra iki ölkə arasındakı danışıqların mövzusunun gizli saxlanacağı bəyan olunub.

 

Azərbaycanlı siyasi ekspert Qabil Hüseynli “Teleqraf” saytına açıqlamasında bildirib ki, danışıqlar mövzusunun gizli saxlanılması barədə qərar Yerevanın rasional danışıqlar aparmağa hazır olmamasının və Ermənistan ictimaiyyətinin hökumətə təzyiqinin nəticəsidir. “Ermənistan hökuməti cəmiyyətdən qorxduğu üçün Qarabağla bağlı xəbərlərin yayılmasını istəmir”, - deyə o, qeyd edib.

Bu arada, azərbaycanlı siyasi ekspertlər Tehranın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinin aydın olduğunu düşünürlər. İran problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.

Moskvaya gəlincə, məlumata görə, o, ilkin mərhələdə 5 rayonun işğaldan azad olunmasına tərəfdardır. Lakin Rusiya həmin ərazilərə öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyir. Görünən odur ki, buna Azərbaycanla yanaşı, Qərb də etiraz edir.

ANAJ, İran

09.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 1 100          Tarix: 14-02-2020, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma