“09 fevral 2020 tarixdə Mİlli Məclisə növbədənkənar keçirilmiş seçkilərin nəticələri tamamilə ləğv edilməlidir ki, bu rüsvayçılıq dövlətin beynəlxalq imicinə kölgə salmasın, siyasi hakimiyyətə xalqın etimadını tamamilə sarsıtmasın”.
Ovqat.com xəbər verir ki, bu bəyanatı 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd iqtisadçı ekspert Elçin Qurbanov verib.
O, öz alternativi və seçkinin qalibi kimi tanınan Arzu Nağıyevi “saxta səslər”lə qazandığı mandatdan imtina etməyə çağıraraq bildirib:
“Mən bu addımı atmağı bütün saxta yolla seçilmiş namizədlərə , o cümlədən 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən seçilmiş Arzu Nağıyevə də məsləhət görürəm. Özü də yaxşı bilir ki, onun seçki nəticələri büsbütün qanunpozuntuları ilə müşayət olunub. Arzu Nağıyevə səs verilməsi üçün bütün təşkilatlara , təhsil müəssisələrinə, xəstəxanalara , kənd icra nümayəndəliklərinə xüsusi tapşırıqlar verilmişdir . Hətta mənim qohum-əqrəbalarıma belə gedib xahiş etmişdilər ki, Arzu Nağıyevə səs versinlər. Xeyrinə topa bülletenlər atılmış bu namizəd hesab edirəm ki, daxilən narahatdır. Ona ğörə yox ki, vicdan əzabı çəkəcək, ona ğörə ki, məntəqə sədrlərinə 700 manat rüşvət verdiyini artıq hər kəs bilir. Yerli İcra hakimiyyətinin başçısı tərıfindən məntəqələrə günün müxtəlif saatlarında qutulardakı səslərin sayı barədə cızılan ssenaridən də xəbərsiz deyil. Həmin ssenari üzrə cızılmış sxemi mən görmüşəmsə deməli, o, daha yaxşı görüb.
Əziz xalqım, əgər mən bu rüsvayçılıqla seçilsəydim, səmimi olaraq deyirəm ki, mandatdan imtina edərdim. Haqq etmədiyim məsuliyyəti çiyinlərim üzərinə almazdım. Təəssüf ki, mənəviyyatını pula və sərvətə satmış çoxsaylı insanlar etdikləri xəyanətin nəticələrinin fərqində deyillər.
Əgər xoşbəxt yaşamaq istəyiriksə, ədalətli dövlət qurmalıyıq. Ədalət isə seçkilərdə pozuldu. Bu gün ürək edib ata bilməyəcəyimiz addım bizləri sabah nəsillərimizin üz qarasına çevrəcək. Tarixə bu olaylarlar boz rənglə yazılacaq. Odur ki, haqq etmədiyiniz mandatdan mərdanə imtina edin və yenidən seçkilərə qatılın. Əlbəttə ki, buna mənəvi göstəricilər yol verirsə!
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində də seçkilərin total saxtalaşdırma ilə keçirildiyini, nəticələrinin tam ədalətsiz, qeyri-şəffaf keçirildiyini, seçicilərin iradəsini təmsil etmədiyini, habelə qanunazidd olduğunu, dövlətimizin beynəlxalq imicinə zərbə vurduğunu, xalqın dövlətə inamını və etibarını sarsıtdığını, saxtakarlıqda iştirak edən hər kəsin isə xalqa və dövlətə xəyanət etdiyini bildirirəm. Qoy, xəyanətkarlar qanun qarşısında məsuliyyət daşısınlar”.
Paylaş: