Xəbər lenti
Dünən, 19:25

  

Türkiyənin Suriyanın şimalında yerləşən İdlib vilayətini öz nəzarəti altında saxlamaq cəhdinin qarşısını almağa çalışan Rusiya hazırda kürd separatçıları ilə Dəməşq arasında vasitəçilik edir.

Ovqat.com-un məlumatına görə, bu ayın əvvəlindən tərəflər arasında danışıqlar başlayıb. İlk görüş fevralın 2-də Rusiya ordusunun Xmeymin hərbi bazasında keçirilib. Müzakirələr daha sonra Dəməşqdə aparılıb. Hələ ki, yekun qərara gələ bilməyən tərəflər ümidlərini də itirməyiblər. Kürd nümayəndə heyətinin verdiyi açıqlamalara görə, Rusiya bu dəfəki görüşlərdə problemin həllində israrlıdır və bu da nikbinlik üçün əsas yaradır. 

Qeyd edək ki, kürd separatçıları ilə Dəməşq arasında bundan əvvəl də görüşlər olmuşdu. İlk görüş 2018-ci ilin 15 iyulunda kürd separatçılarını təmsilən Demokratik Suriya Məclisi (DSM) heyəti ilə Suriya hökumət nümayəndələri arasında Dəməşqdə keçirilmişdi. Ancaq həmin görüş və bundan sonra dialoq səyləri heç bir nəticə verməmişdi. Bunun səbəbi rəsmi Dəməşqin münasibətlərdə 2011-ci ildən əvvəlki vəziyyətə qayıtmaqda, yəni Suriyanın unitarlığında, kürd tərəfinin isə muxtar hüquqlarının Konstitusiya ilə tanınmasında israr etməsi olmuşdu.

Kürd separatçılarının nümayəndələrinin bildirdiyinə görə, budəfəki görüşlərdə isə Rusiyanın təklifilə müzakirələrə xırda məsələlərdən başlamaq qərara alınıb və müəyyən müsbət nəticələr əldə olunub.

 

Görüşdə kürd separatçılarını 5 nəfər təmsil edib və onlardan biri Suriya Kürd Demokratik Birlik Partiyası (Yekiti) baş katibinin müavini Mustafa Məşayix mətbuat açıqlamasında deyib: “Görüşdə Rusiya tərəfinin ciddi olduğunu hiss etdik. Xmeyminə gələn Rusiya rəsmiləri danışıqların uğurlu alınamsınsa israr etdiklərini təkrarladılar. ”

Mustafa Məşayixin sözlərinə görə, danışıqlarda Konstitusiya, idarəetmə, təhsil, hərbi məsələlər, neft məsələsi və digər mövzularda müzakirələr aparılıb və mütəxəssislərdən ibarət birgə komissiyaların yaradılması qərara alınıb: "Dəməşq tərəfindən bu komissiyalarda müvafiq nazirliklərin rəsmiləri və Rojava (Kürd separatçıları Suriyanın şimalını belə adlandırırlar) adından isə mütəxəssislər təmsil olunacaqlar”.

  

Danışıqlarda iştirak edən digər nümayəndə  Nəsrəddin İbrahim də həmkarının fikirlərini təsdiqləyib. Onun bildirdiyinə görə, Xmeymindəki görüşdə tərəflər arasında dialoq mexanizmi ilə bağlı razılıq əldə edilib və qurulacaq komissiyalarla bağlı danışıqların davam etdirilməsi qərarlaşdırılıb: “Düşünürəm ki, danışıqlar ilk əvvəl idarə edilməsi asan sənədlər haqqında olacaq. Məsələn, təhsil və iqtisadiyyat kimi... Digər məsələlərlə müqayisədə Dəməşqin bu iki mövzuya yanaşması çox mürəkkəb deyil və razılıq əldə etmək imkanları var. ”

Suriya hökumətinin bəzi qanunların dəyişdirilməsindəki sərt mövqeyindən geri çəkildiyini ifadə edən İbrahim əsas anlaşmazlığın Konstitusiya dəyişikliklərində yaşandığını bildirib. Bu isə danışıqların nəticəsini də müəyyənləşdirə bilər. 

 "Konstitusiya dəyişikliyi hələ də Dəməşq üçün qırmızı xətlərdən birini təşkil edir. Kürdlərin konstitusion hüquqlarının Suriya rejimi tərəfindən tanınmadığı təqdirdə bu danışıqların heç bir mənası yoxdur ”, - deyən N.İbrahimin bu sözləri dialoqun nə qədər kövrək tellərdən asılı olduğunu göstərir.

Ekspertlərin də fikrincə, danışıqların uğuru Dəməşq administrasiyasının "suverenlik" anlayışına münasibətindən asılı olacaq. Hökumət kürdləri ənənəvi "suverenlik" yanaşması ilə özünə bağlamaq istəsə, danışıqların hər hansı bir nəticə verəcəyi gözlənilmir.

Məsələ burasındadır ki, rəsmi Dəməşq kürdlərə hər hansı muxtariyyət hüququ vermək istəmir. O, problemin “Yerli hakimiyyətlər haqqında 107 saylı Qanun” əsasında həllinin tərəfdarıdır. Bu isə muxtariyyətin tanınmaması mənasına gəlir. Həmin qanuna görə, yerli hökumətlər Baas Partiyasının, deməli birbaşa mərkəzi hökumətin nəzarəti altında olmalıdır.

Kürd Araşdırmalar İnstitutunun prezidenti Newaf Xəlil danışıqlarının Rusiyanın verəcəyi zəmanətlər fonunda uğurlu ola biləcəyinə inanır: “Ancaq ruslar bu günə qədər belə bir zəmanət verməyib".

N.Xəlilin fikrincə, Suriya rəsmiləri Rusiyanın başçılıq etdiyi Soçi və Astana razılaşmalarından da məmnun deyil: “Çünki Türkiyənin Aziz və əl-Bab rayonlarını  işğal etməsini istəmirdi. Ancaq rejim öz himayəçisi olan Rusiyaya "yox" deyə bilmədi."

 

Newaf Xəlil də Nəsrəddin İbrahimlə eyni fikri bölüşürək deyib: "Rejim konstitusiyaya toxunmamaqda israr etsə və kürdlərin milli hüquqlarının konstitusiyaya daxil edilməsinə qarşı çıxsa, danışıqlardan heç bir şey alınmayacaq".

Göründüyü kimi, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “İdlib əməliyyatı an məsələsidir” dediyi, Dəməşqə bu ayın sonuna qədər möhlət verdiyi bir zamanda Rusiya və Suriyanın başı kürd separatçıları ilə danışığa qarışıb. Bu isə o deməkdir ki, Rusiya-Suriya ittifaqı İdlib məsələsinin artıq həll olunduğuna inanır. Zira bu ittifaq Suriyanın şimalındakı problemlərin mərhələli həllinin tərəfdarıdır. Eyni anda həm İdlibdə, həm də Kobanidə Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq taktiki baxımdan səhv olardı.

Xatırladaq ki, dünən BMT-nin Təhlükəsizlik Şurası İdlib məsələsini müzakirə edib. İdlibdə atəşin dayandırılması və müharibədən zərər çəkən mülki şəxslərə hümanitar yardım məsələlərinin müzakirəsi nəticəsiz başa çatıb. Məlumata görə, Rusiya  “atəşkəs terrorçulara şamil edilə bilməz” arqumentiylə müzakirələrə veto qoyub.

 

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 821          Tarix: 20-02-2020, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma