Azərbaycan prezidenti İlham Əliyevin Romaya səfəri çərçivəsində təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda iki ölkə arasındakı ticari tərəfdaşlıqdan söz açılıb.
Ovqat.com İtaliyanın “EUROPEAN AFFAIRS” istinadən xəbər verir ki, Prezident İlham Əliyev və İtaliyanın xarici işlər naziri Luici di Mayonun iştirak etdikləri tədbirdə tərəflər nəqliyyat, turizm, kənd təsərrüfatı və qida, su təchizatı və alternativ enerji istehsalı kimi sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətini dilə gətirib:
“1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Azərbaycan Respublikası bu gün həm beynəlxalq geosiyasi arenada, həm də qlobal enerji bazarında əhəmiyyətli rola malikdir. Qafqaz regionunda yerləşən, Avropa ilə Asiya arasında körpü sayılan Azərbaycan keçmiş sovet respublikaları arasında özünün neft və təbii qaz ehtiyatları ilə fərqlənir. Onun bu ehtiyatlarına xarici şirkətlər, həmçinin Avropa İttifaqı hər zaman diqqət göstərib. Aİ Azərbaycanı öz enerji təhlükəsizliyinin təminində əsas amillərdən sayır. Xəzər dənizində yerləşən tək “Şahdəniz” qaz yatağı onun Avropa miqyasında böyük geosiyasi dəyər olduğunu söyləmək üçün kifayətdir. Məhz bu yataqdan hasil olunan qaz Transadriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya nəql olunacaq.
Azərbaycanın bizim üçün enerji sektorundakı əhəmiyyətini göstərən daha bir fakt isə son 7 ildə onun İtaliyanın əsas neft tədarükçüsü olmasıdır.
Roma ilə Bakı arasında diplomatik və iqtisadi-ticari əlaqələr olduqca güclüdür. İnanırıq ki, Azərbaycan prezidentinin İtaliyaya səfəri çərçivəsində imzalanmış yeni sazişlər hesabına bu əlaqələr daha da inkişaf edəcək və daha çoxşaxəli xarakter alacaq. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, iki ölkə arasında qarşılıqlı mübadilə həcmi davamlı şəkildə artır. 2018-ci ildə o, 5,8 milyard avro təşkil edib. Bu, Azərbaycanın İtaliyanın əsas ticari tərəfdaşları arasında olduğunu bir daha təsdiqləyir.
İ.Əliyev biznes forumdakı çıxışında İtaliyanı ölkəsinin Avropadakı əsas strateji tərəfdaşı adlandırıb. O, hesab edir ki, iki ölkə arasında nəqliyyat, turizm, kənd təsərrüfatı və qida, su mənbələri və su-günəş enerjisi kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək mümkündür.
İtaliya-Azərbaycan əlaqələrində aparıcı sahələrdən biri də turizmdir. Son illərdə Formula 1 üzrə Qran-pri yarışı, UEFA Avropa Liqasının finalı kimi Avropa və dünya miqyaslı tədbirlərə ev sahibliyi etmiş Azərbaycana İtaliyadan turist axını xeyli artıb.
Xarici işlər naziri Di Mayo isə diqqəti İtaliya ilə Azərbaycanın Aralıq dənizinə körpü olmasına yönəldib. Bununla yanaşı, o, Azərbaycanın Avrasiyada “təbii körpü” olduğunu da söyləyib. Nazir deyib ki, bu amil də Azərbaycanla ticari əlaqələrə öz təsirini göstərir. Di Mayonun sözlərinə görə, İtaliya şirkətləri əməkdaşlıq üçün yeni, perspektivli sahələr axtarışındadır və onlar Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlıdır.
Beləliklə, Azərbaycan prezidentinin İtaliyaya səfəri, həmçinin bu səfər çərçivəsində keçirilmiş biznes forumda iki mühim məqam gündəmdə olub: iqtisadiyyatın şaxələndirilməsi və strateji tərəfdaşlıq. İtaliya ilə Azərbaycanın bu istiqamətdə birgə addımlaması mümkündür. Roma Azərbaycanın iqtisadiyyatı şaxələndirmək planına dəstək ola bilər. Bakının iqtisadiyyatı şaxələndirmək istəyində əsas məqsəd neft və qazdan asılılığın azaldılmasıdır.
Digər tərəfdən, bu iki ölkə öz coğrafi mövqelərilə də beynəlxalq arenada ciddi mövqeyə malikdir. Bu, onların arasında strateji tərəfdaşlığa yol açan daha bir amildir. Hər iki ölkə istər təbii sərvətləri, istərsə də insan resursları ilə zəngindir. Bunlardan səmərəli istifadə etməklə, beynəlxalq proseslərə təsir etmək mümkündür.
Bir sözlə, körpü, logistika mərkəzi roluna malik İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq hər iki ölkəyə böyük fayda qazandıra bilər. Bu isə öz növbəsində, Avropada əməkdaşlığa öz töhfəsini verəcək.
Paylaş: