Zərdüşt Əlizadə dəyərli ziyalıdır. Hər bir ziyalı kimi o da tez-tez xaric səslə xora qatılır və öz sözünün ən sərt şəkildə deməyi bacarır. İnsafən, buna görə ona “gözün üstə qaşın var” deyən də yoxdur. Mətbuat orqanlarımızın qapısı onun üzünə həmişə taybatay açıq olub, indi də elədir və o, bu fürsətdən də yetərincə yararlanır. Zaman-zaman dilə gətirdiklərinin toplumuza da faydası var və dözümlü xalqımız bəzən onun milli dəyərlərimizə qarşı səsləndirdiyi fikirlərə də telorant yanaşır.
Fəqət dəyərli ziyalı olduğu üçün o gərək xaric səslə oxumağın da bir sərhəddi olduğunu anlamalı, xaric səsini çıxaracağı məkanı da doğru seçməlidir. Anlamalıdır ki, bəzən evin içindəki ritorika ilə çöldəki etirafının arasında fərq qoymayanda insan qaş düzəltmək əvəzinə göz çıxarır, yad dəyirmanına su daşımış olur. Nə yazıq ki, Zərdüşt Əlizadənin İranın Qafqaz.ir saytında dərc olunmuş məqaləsi də bu qəbildəndir.
Mülahizələri və qiyməti dəyərli oxucularımızın ixtiyarına vermək istədiyimizdən həmin məqaləni nöqtə və vergülünə toxunmadan yayınlayırıq:
Səmimi etiraf edim ki, Ulu öndərdən fərqli olaraq (“Mən fəxr edirəm ki, azərbaycanlıyam”), mən azərbaycanlı olmağımla fəxr etmirəm. Necə ki, 1946-ci ilin fevral ayının 2-də Bakı şəhərində anadan olmağımla fəxr etmirəm. Bu, məndən əsla asılı olmayan amillərdir və fəxrə səbəb olası deyil.
Fəqət tez-tez azərbaycanlı olmağımdan utanıram və xəcalət çəkirəm. Utanıram ki, 30 ildir mənim dövlətim, daha doğrusu, onun siyasi rəhbərliyi, dünyanın bütün siyasi təşkilatlarında zarıyıb Qarabağın qaytarılmasını yalvarır və əvəzində xaricilərin sifətində həqarət və ikrah oxuyur. Utanıram ki, dövlətimin adı dünyanın bütün “qara dəftər”lərində bədnam birinci yerlərdədir: korrupsiya, siyasi dustaqlar, seçki saxtakarlığı, qərəzli məhkəmələr, insan hüquq və azadlıqlarının aşkar tapdalanması, vətəndaş cəmiyyətinin boğulması, xalq malının səmərəsiz göyə sovrulması, hakim zümrənin əks işarə ilə seçilməsi, yüksək vəzifəli məmurların heç nədən çəkinmədən xalqın malını oğurlayıb dəbdəbəli həyat sürməsi, söz azadlığına məhdudiyyət, total inhisar, qohumbazlıq, yaltaqlıq, sıravi vətəndaşların cəhaləti, qorxaqlığı və miskinliyi, məmurlarımızın kəmsavadlığı, paqonlu canilərin vətəndaşlara verdiyi işgəncələr…
Bu yaxınlarda yenə xəcalət təri məni yuyub apardı. Məni talış əsilli doğmalarım öz ana talış dilinin vəziyyətinə həsr olunmuş tədbirlərinə dəvət etmişdilər. İştirakçılara Azərbaycan Talışlarının İctimai Şurasının “Azərbaycan Respublikasında talış dilinin hazırki vəziyyəti və bu istiqamətdə təxirəsalınmaz tədbirlər barədə” adlı mövqe sənədi paylamışdılar.
Elə birinci çıxışlardan anladım ki, ənənəvi “milli” eybəcərliklərlə rastlaşıram. Nə dövlətin təhlükəsizliyinə, nə xalqımızın mənafeyinə zərrə qədər xeyir gətirməyən, əksinə, qorxulu fəsadlar törətməyə qadir olan məmur savadsızlığı və məsuliyyətsizliyi ilə rastlaşıram.
Utandım ki, vətənimin taleyi yenə bivec və mürtəce ünsürlərin əlindədir.
Dövlətin Konstitusiyasında milli azlıqların öz ana dillərini qorumaq, inkişaf etdirmək, tədris etmək, bu dildə yayım aparmaq hüququnu təsbit edən maddələr var. Söz yox, gözəl maddələrdir və bizim Konstitusiyanın beynəlxalq hüquqa tam uyğun olmasını sübut edirlər.
Sözdə. Necə ki, sözdə azərbaycanlıların seçmək və seçilmək, sərbəst toplaşmaq, birləşmək, ədalətli məhkəməyə müraciət, dövlətin idarə edilməsində iştirak hüququ var, lakin əslində bunların hamısı hakim zümrə tərərfindən onların əlindən alınıb, eləcə də milli azlıqların həmin bu öz milli mədəniyyətlərini azad inkişaf etdirmək hüququ mənasız bir tərzdə məhdudlaşdırılıb.
Mən milyonların xərclənib bütün dünyadan samballı xadimlərin paytaxtımıza yığılmasını və ən ali məqamlı şəxslərin bilavasitə iştirakı ilə onlara ölkəmizdə hökmranlıq edən “multikulturalizm” barədə bəlağətli məruzələrin edilməsini müşahidə edəndə utanıram, zira öz vətəndaşları ilə adam dilində hörmətlə danışmağı bacarmayan siyasi üsuli-idarə digər xalqlar və mədəniyyətlərlə necə bərabər davrana bilər?
Yaxşı, sovet dövründə talışlara qarşı ədalətsizliyi yazaq totalitar bolşevizmin və mürtəce partokratların ayağına. Tutaq ki, 1979-cu ilə qədər folklor kollektivlərinin bir çox ümumittifaq və beynəlxalq müsabiqələrində birinci yerləri tutmuş talış mahnı və rəqs ansamblına həmin il əmr edilir ki, “mahnılarınızı talış dilində deyil, Azərbaycan dilində oxumalısınız”, bu əmrdən nə dəyişdi? SSRİ dövlət kimi qaldı? Azərbaycan SSR qaldı? Dılqır partokratların hakimiyyəti möhkəmləndi? Bu əbləh qadağalar tarixin labüd gedişini ləngidə bildimi?
Sovet dövlətini milli azlıqların öz mədəniyyətlərinə olan sevgisi dağıtmadı, xeyr, onu sovet rəhbərliyinin var-dövlətə və məhdudiyyətsiz hökmranlığa olan sevgisi dağıtdı. Necə ki, indi müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinə xata-bala ana talış dilimizin qeydsiz-şərtsiz işlədilməsindən deyil, hakim zümrənin məhdudiyyətsiz acgözlüyündən və dövlətin qanunlarının hər gün və hər an tapdalanmasından törəyir.
Mövqe sənədində çox mötədil bir tərzdə hakim quruluşun talış dilinin tədrisinə və inkişafına törətdiyi əngəllər sadalanır və nəticədə bunun qanuni və düzgün olmadığını anlatmaq üçün məmurların vicdanına müraciət edilir. Mən isə bu müraciət barədə düşünəndə acı-acı özümə deyirəm ki, “məmurda vicdan nə gəzir, məmurda cüzdan var”.
Talış bacı və qardaşlarım Azərbaycan Respublikasının imzaladığı və ratifikasiya olunaraq ərazimizdə qanun qüvvəsini kəsb etmiş “Milli azlıqların müdafiəsi haqqında çərçivə sazişi”nə istinad edərək hamının yadına saldılar ki, bu qanuna görə, Azərbaycan milli azlıqların dillərini inkişaf etdirmək sahəsində Avropa dövlətlərinin təcrübəsini özündə gerçəkləşdirmək öhdəliyi götürmüşdür. Mən isə acı-acı düşündüm, bu hakimiyyət Qərbin maliyyə qurumları və neft-qaz şirkətləri qarşısında götürdüyü öhdəliklərdən savayı dünyada hansı öhdəliyini yerinə yetirib ki, milli azlıqlar qarşısında götürülmüş öhdəlikləri də icra etsin?
Qarabağı azad etmək öhdəliyini 30 ildir məzhəkə səviyyəsinə çatdırıb, 30 ildə bircə dəfə azad seçki keçirməyib, 30 ildir heç bir nəticə olmadan guya korrupsiya ilə mübarizə aparır. Camaatın adbaad bildiyi və tanıdığı korrupsionerlər isə yağ-bal içində üzür.
Ən adi və bəsit işlərin öhdəsindən gələ bilməyən hakimiyyət nəyə görə birdən-birə qeyrətə gəlib “Milli azlıqların müdafiəsi haqqında çərçivə sazişi”ni yerinə yetirsin? Bəlkə əvvəl ondan sınaq kimi Bakıda “İctimai nəqliyyatın intellektual idarəsi” layihəsinin icrasını tələb edək? Hər dayanacaqda xam xəyallara abidə kimi zorba dəmir çərçivədə işləməyən bir televizor asılıb hakimiyyətimizin qabiliyyətini əhalinin yadına salır.
Mövqe sənədinin müəllifləri utana-utana, çəkinə-çəkinə hakimiyyətə xatırladırlar ki, ölkə müharibə şəraitindədir və düşmən bizi içəridən laxlatmaq üçün bütün vasitələrə əl atır, o cümlədən “milli azlıq” kartından istifadə etməyə çalışır. Ermənistan (və şübhəsiz ki, Rusiya) bir neçə dönük və incik talışı səfərbər edib onlayn qızışdırıcı təbliğat aparır. Onlar hər gün talışların hüquqlarının Azərbaycanda kobud pozulması barədə ağızdolusu və bəh-bəhlə danışırlar. Məndən onların bu təbliğatı barədə soruşanda cavab verirəm ki, “qələt edirlər, insaf dinin yarısıdır, Azərbaycan hakimiyyəti insan hüquqlarının pozulması sahəsində heç bir milli ayri-seçkiliyə yol vermir, milli çoxluğun hüququnu milli azlıqdan heç vaxt az pozmur”.
Nə isə, çox utandım hakimiyyətin yerinə də, öz azərbaycanlılığıma görə də utandım. Hey fikirləşirəm ki, “niyə mənim millətimin bəxti belə gətirmir, bizi daima mənafeyimizə yad ünsürlər idarə edir?”
Sonra yadıma düşdü ki, millətimin içində hakimiyyətə mənsub insanlardan başqa xeyli sayda nəcib və alicənab insan var. Məhz belə insanların sayəsində düşmən indiyə kimi biz azərbaycanlıları üz-üzə qoya bilməyib. Azərbaycanlılar daima ilk növbədə öz azərbaycanlılıqlarını xatırlayıb umu-küsüləri arxa səfə itələyirlər.
Mövqe sənədini diqqətlə oxuyandan sonra onun “təxirəsalınmaz tədbirlər” hissəsi barədə düşündüm. Təkliflərin əksəriyyəti qanuni və həyati idi, bəzi təkliflər qanuni, fəqət mücərrəd idi. Yəni icrasının gerçəkləşdirilmə faizi yüksək deyildi. Lakin özüm talış olmadığım üçün bu barədə mülahizələrimi öz içimdə özüm üçün saxlayıram.
Bununla belə, demək istəyirəm ki, 1990-cı illərin ortasında Helsinki Vətəndaş Assambleyası bəndeyi-həqirinizin redaktor olduğu “İstiqlal” qəzetində “Azərbaycan xalqları arasında sülh” adlı bir layihə təklif etmişdi. Mahiyyəti ondan ibarət idi ki, mədəniyyət məsələlərini ümumiyyətlə dövlətin nəzarətindən çıxarıb milli icmanın sərəncamına vermək lazımdır. Yəni Azərbaycanda yaşayan bütün xalqlar, istər çoxluq, istər azlıq olsun, özləri üçün bir dənə “Milli mədəniyyət fondu” təsis edirlər və qanunla bütün mədəniyyət, o cümlədən dil, musiqi, təhsil, irsin qorunması və sairə məsələlər bu fondların ixtiyarına verilir və dövlətə bu fondların daxili işlərinə müdaxilə qadağan edilir. Bütün vətəndaşlardan dövlətin topladığı vergilərin mədəniyyət üçün nəzərdə tutulan hissəsi Vergilər Nazirliyi tərəfindən bu fondların hesabına köçürülür. Fondları təsis etmiş və idarə edən milli azlıq liderləri özləri qərara alır ki, bu pulun hansı hissəsini hara (təhsilə, musiqiyə, muzeyə, elmə və s.) yönəltsin. Bu fondlar, lazım gələrsə, mədəniyyət sahəsində hansısa biznes fəaliyyəti ilə məşğul ola bilərlər, istəsələr, bankdan borc götürə bilərlər. Ümümmilli ehtiyaclar yaranarsa, hökumətdən yardım istəyə bilərlər.
Müxtəsər, bu təklifimiz nəzərə alınsaydı, dəxi heç bir milli azlıq və ya çoxluq inciyib deməzdi ki, “hakimiyyət bizim qayğımıza lazımınca qalmır”. Ay milli azlıq, sənə dilini inkişaf etdirmək lazımdır? Zəhmət çək, pul tap və yatır dilin inkişafına. Dövlət dil, musiqi, təhsil və mədəni irs məsələlərinə qarışmır.
Biz amansız və qəddar gerçək dünyada və zəmanədə daim xəyalpərvər olmuşuq və ümumun xeyrini düşünmüşük. Səd heyf ki, ümum öz xeyrini heç vaxt vaxtında və düzgün anlamamışdır.
Sonda onu demək istəyirəm ki, dostum Georgiy Vanyanın “southcaucasus.com” saytında yazdığım sülhpərvər yazılara görə kimsə (bilmirəm, ermənilər, ya bizimkilər) söyəndə məni tez-tez “talış” adlandırırdılar. Onların fikrincə, məni guya təhqir edirdilər. Daha qanmırdılar ki, mənim üçün “talış” elə “insan” deməkdir.
Mənim üçün bütün xalqlar insandır, o cümlədən ermənilər, ruslar, çinlilər və Yer kürəsində yaşayan cəmi 2 000 etnos.
Mənim üçün Azərbaycanda yaşayan bütün xalqlar ata-anadır, oğul-qızdır, bacı-qardaşdır, onların cəmi dilləri, mən bildim də, bilmədim də, ana dilimdir. Onları yaşatmalıyıq, qayğısını çəkməliyik.
Paylaş: