Xəbər lenti

  

Bir müddət əvvəl Belçikada Azərbaycanın görkəmli şairəsinin heykəlinin üzərinə ağ boya atıldığını və  postamentinə zərər vurulduğunu bildirmişdik. Maraqlıdır ki, ötən gecə bənzər hadisə Fransanın Lion şəhərində baş verib. Özü də bu dəfə “Erməni Soyqırımı” Memorialına qarşı.

Ovqat.com-un məlumatına görə, kimliyi bəlli olmayan şəxslər tərəfindən abidənin sütunları üzərində müxtəlif hərflər və işarələr yazılıb.

Qeyd edək ki, bu məlumatı Ermənistanın hüquq müdafiəçisi, parlamentin keçmiş deputatı Edmon Marukyan yayıb. Marukyan öz facebbok statusunda yazıb: “Martın 13-dən 14-nə keçən gecə Fransanın Lion şəhərində yerləşən Erməni Soyqırımı Memorialı təqdir edildi. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyini, Ermənistan Respublikasının Fransadakı səfirliyini, Ermənistan Respublikasının Liondakı Baş Konsulluğunu və Fransa polisini bu cür vandalizmi törədənlərin müəyyənləşdirilməyə və məsuliyyətə cəlb edilməsi üçün fəal addımlar atmağa və bu gündən etibarən abidənin səmərəli qorunmasını həyata keçirməyə çağırıram”.

 

Maraqlıdır ki, hər iki adibənin türk-erməni konfliktiylə əlaqədar bəzi çalarları var və bu fakt Fransanın Lion şəhərində baş verənlərin Belçikanın Vaterlo şəhərində həyata keçirilən vandalizmə verilmiş cavab təəssüratı yaradır. Belə ki, Xurşidbani Natəvan 19-cu əsrin sonlarında Qarabağ hökmdarı Mehdiqulu xanın qızıdır və onun Belçikadakı heykəli bir sıra mesajlar ehtiva edir.  Bu heykəl ilk növbədə erməni işğalı altında inildəyən həmin torpaqların kimə məxsus olduğunu göstərir. Heykəlin postamentində yazılan sözlər də abidənin məhz bu məqsədlə ucaldıldığından xəbər verir: “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan”.

 

Mətndən də göründüyü kimi, abidə həm də Azərbaycan adlı islam ölkəsində bir qadının sosial həyatda nə qədər aktiv yer aldığının, müasir elmlərə yiyələndiyinin göstəricisidir. Həmin dövrlərdə bir çox Avropa ölkəsində təsadüf olunmayan bu azadlığın ölkəmizdə mövcudluğunun simvolu kimi önəm daşıyan Xurşidbani Natəvanın xatirəsinin Avropanın göbəyində ədəbiləşməsi, sözsüz ki, ölkəmiz barəsində xoş təəssüratlar yaradır və ermənilərin millətimiz haqqında formalaşdırmağa çalışdığı “mədəniyyətdən nəsibini almayan barbarlar” imicinə ən yaxşı cavabdır.

Ötən gecə Frnasanın Lyon şəhərində ucaldılmış “Erməni Soyqırımı Memorialı”nın hansı fikri təlqin etdiyi isə ortadadır və bu səbəbdən onun üzərində uzun-uzadı dayanmaq istəmirik. Xurşidbanu  Natəvan heykəlinə edilmiş vandalizmə qarşı cavabın da “soyqırım memorialı” üzərində verilməsi ən ağla batan ehtimal kimi görünür və şübhələri istər-istəməz  Fransada yaşayan millətçi türk gəncliyi üzərində cəmləşdirir. Di gəl ki, bu ehtimalı zəiflədən bir sıra mətləblər var. Azərbaycan hakimiyyətinin uzun illərdən bəri yürütdüyü milli dəyərləri məhvetmə siyasəti nəticəsində bu ruhda tərbiyyələnmiş gənclər təşkilatının mövcudluğu inandırıcı görünmür. Küncdə-bucaqda papaq altında yatan oğullarımızın isə o maddi imkanları yoxdur ki, Xurşidbanu Natəvanın qisasını almaq üçün qalxa Liona gedə.

 

Natəvan heykəlinin əvvəlki halı


O da mümkündür ki, ermənilər Qarabağ münaqişəsini Avropaya daşımaq məqsədilə qəsdən hər iki hadisəni törədiblər. Zənnimizcə, bu ehtimal daha inandırıcıdır. Çünki erməni lobbi təşkilatları da digər həmcinsləri kimi öz güclərini etnik düşmənçilikdən alırlar. Bu düşmənçilik hissləri xaricdə yaşayan ermənilərin milli duyğularını diri turaraq həm başqa xalqların arasında əriyib getməsinin qarşısını alır, həm də onları daha rahat təşkilatlandıraraq lobbilərə güc qazandırır. Erməni lobbiləri ultra-millətçi ideyalarla öz ətraflarına topladıqları həmin soydaşlarının səsini hökumətlərə sataraq, siyasi nüfuz əldə edir və zənginləşirlər.

 

"Soyqırım" memorialının əvvəlki halı 


Bu mənada qısa zaman ərzində Avropanın müxtəlif şəhərlərində həm türk, həm erməni abidələrinin korlanması yalnız lobbilərin maraqlarına tam cavab verir. Lobbisi olan millət ermənilərdir. Bizim yanlış diaspor siyasətimiz nəticəsində xaricdə yaşayan soydaşlarımız isə özümüzü söyməklə məşğuldur. Xaricdəki insan gücümüzü uğurlu lobbiçilik fəaliyyətinə çevirmək məsuliyyəti daşıyan Xarici İşlər Nazirliyi  və Diasporla İş üzrə Dövlət Komitəsi isə öz missiyasını yaddan çıxararaq onu-bunu harasa səfir düzəltməklə məşğuldurlar.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 161          Tarix: 14-03-2020, 21:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma